Azərbaycanda dini dözümlülük və tolerantlıq ənənələri çox güclüdür

18:14 - 1 May 2017 - KİVDF

Burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələri heç bir ayrı-seçkiliyə məruz qalmır

"Azərbaycanda multikulturalizm, dini dözümlülük və tolerantlıq ənənələri çox güclüdür. Müxtəlif etnik və dini müxtəlifliklər Azərbaycanın zənginliyidir və bu müxtəlifliyin qorunması mühüm əhəmiyyət kəsb edir. Fərqli dinlərin təmsilçiləri dövlət tərəfindən dəstəklənir və bu gün xalqlar arasında mədəni əlaqələr, dinlərarası dialoq müxtəlif problemlərin həlli üçün açar rolunu oynayır". Bu barədə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev bildirib. Dövlət müşaviri ölkəmizdə müxtəlif konfessiyaların, dinlərin, millətlərin və dillərin təmsilçilərinə yanaşmada bərabər siyasətin yürüdüldüyünü vurğulayıb. 
Onun sözlərinə görə, dövlət ölkə vətəndaşlarının dini etiqad azadlığının təmin olunması üçün bütün lazımi addımları atır. Azərbaycanın bu istiqamətdə gördüyü işlər, həyata keçirdiyi tədbirlər dünya dövlətləri tərəfindən bəyənilir və təqdir edilir. Bu gün Azərbaycan dünyanın əsas tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilib.  Onun sözlərinə görə, bir təqvim ilini ölkəsində “İslam Həmrəyliyi İli” elan edən Azərbaycan Prezidentinin dinə münasibəti ilə bağlı əlavə izahata heç bir ehtiyac yoxdur. Azərbaycan kimi bir ölkədə “İslam Həmrəyliyi İli” elan edilir. " Bundan əvvəl “Multikulturalizm İli” idi. Bunun özü də dinlərin bir-birinə münasibətinin üzərində qurulub. Biz artıq bütün dünyada özümüzü təsdiq etmiş tolerant və multikultural bir ölkəyik. Mən inanıram ki, “İslam Həmrəyliyi İli”ni Azərbaycan öz dövlətçilik ənənələrinə, öz siyasi strategiyasına uyğun olaraq elə quracaq ki, xalq, dindar təbəqə, müxtəlif ictimai qruplar, konfessiyalar, dilindən, dinindən, millətindən asılı olmayaraq, bütün azərbaycanlılar “İslam Həmrəyliyi İli”nin təntənə ilə başa çatmasının şahidi olacaqlar. Amma “İslam Həmrəyliyi İli” təqvim ili sona çatanda başa çatmayacaq. O insanların qəlbində elə bir şölə, elə bir işıq yandıracaq ki, o biri illərə də onun təsiri olsun.Bax, biz bu ideallarla yaşayırıq. Bütövlükdə dövlətin dinə münasibəti, dindarlara, məscidə münasibəti bundan ibarətdir".
 O, müxtəlif dini icmaların qorunub saxlanılmasında dövlət qayğısı ilə yanaşı, cəmiyyət tərəfindən verilən dəstəyin də mühüm rol oynadəğını deyib. Kamal Abdullayev multikultural təhlükəsizliyin ümumi mahiyyətini etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması kimi təqdim edərək, cəmiyyətin multikultural təhlükəsizliyinin təmin olunması qarşısında yaranan problemlər inkişaf edərsə, etnik, dini, irqi zəmində qarşıdurmalara, münaqişələrə səbəb ola biləcəyini dilə gətirib. O deyib: “Azərbaycan müxtəlif xalqların və etnik qrupların dinc, dostluq, qardaşlıq şəraitində yaşadığı, sevinci və kədəri birgə bölüşdüyü bir məkandır. Burada yaşayan bütün xalqlar və etnik qruplar Azərbaycanı öz ortaq vətənlərinə çevirə biliblər. Bu gün Azərbaycana əsassız torpaq iddiası ilə çıxış edən separatçılarla eyni millətdən olan, ancaq bu separatçıların iddialarını qəbul etməyən Azərbaycan erməniləri də buranı öz vətənləri sayırlar. Bir kənd qədər sakini olan, dili və etnik kimliyi bu kənddən başqa heç bir yerdə təmsil olunmayan xınalıqlılar da Azərbaycana məxsusdur. Bütün bu xalqların dil və mədəni zənginliklərini Azərbaycan dövləti öz zənginliyi, öz gücü sayır. Dövlət müşaviri bildirib ki,  Azərbaycanda yaşayan bütün xalqların və etnik qrupların nümayəndələrini bu gün müstəqil Azərbaycanın hər bir sahəsində – siyasətdə, iqtisadi zonada, təhsildə, mənəvi həyatda, bir sözlə bütün sahələrdə görmək mümkündür. "Multikultural təhlükəsizlik prinsipləri Azərbaycan kimi kiçik, amma dərin kökə və tarixə malik ölkələr üçün digər təhlükəsizlik doktrinalarının prinsipləri qədər vacib və zəruridir. Burada sadalanan prinsiplərin mənim Vətənimdə bərqərar olması isə Azərbaycan vətəndaşlarının birgə səyi və əməyi nəticəsində mümkün olub. Kənar ideoloji müdaxilələrin qarşısının alınması, müxtəlif separatçılıq meyillərinin minimuma qədər zəifləməsi Azərbaycanın milli rəngarəngliyinin monolitliyini sübut edir”.
Azərbaycanın tolerantlıq siyasəti isə yalnız ölkənin hüdudları ilə məhdudlaşmır. "Heydər Əliyev Fondunun nəinki Şərqdə, habelə Avropa ölkələrində kilsə və dini abidələrin bərpa və təmir olunması sahəsində gördüyü işlər buna bariz nümunədir. Bu xeyriyyə işləri Azərbaycan xalqının və hökumətinin dünya mədəni irsinə və dini-mədəni dəyərlərə verdiyi töhfədir".
Dövlət müşaviri bildirib ki, Azərbaycan dövləti bütün dünyada öz səsi, öz sözü və cəsarəti ilə tanınır. "Bu amillər ulu öndər Heydər Əliyevdən bu günə yadigar qalıb və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də ləyaqətlə həyata keçirilir".  Həqiqətən də Azərbaycan, tarixən, sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Ulu öndər Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Onun rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bu gün heç bir xarici qüvvə, daxildən onu laxlatmaq istəyən heç bir mənfur qrup dövləti öz yolundan döndərə bilməz. Dövlətin dinə olan loyal münasibəti sabit və birmənalıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə bildirib ki, Azərbaycanda əsrlərdən bəri multikultural dəyərlər son dərəcə önəmli yer tutur, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələri heç bir ayrı-seçkiliyə məruz qalmır.  Mübariz Qurbanlı deyib ki, ölkəmizdə müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər və buna görə bu gün Azərbaycan tolerantlığa və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə müxtəlif dinlərin və azsaylı xalqların nümayəndələrinin yaşadığını və dini konfessiyaların uzun əsrlərdən bəri sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiyini bildirib. O qeyd edib ki, ölkəmizdə hər zaman başqa xalqların dilinə, dininə, mədəniyyətinə daim hörmətlə yanaşılıb. "Azərbaycanda hökm sürən multikultural və tolerant mühitin, ideoloji prinsiplərin ana xəttini ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq təşkil edir. Dünyanın hansı ölkəsində yaşamağımızdan asılı olmayaraq, bizi bu prinsiplər birləşdirir. Eyni zamanda, Azərbaycan İslam ölkəsidir və mənəvi dəyərlərimizin tərkib hissəsi olan İslam dininə dünyada bir milyarddan çox insan etiqad edir. Biz də bu dəyərlərə sahib ölkələrdən biri kimi İslamı yad təsirlərdən qorumalıyıq. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib. Bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Hər kəsin etiqad azadlığı təmin olunur. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir.

Xəbər xətti