Ana səhifə
15 Noyabr 2018

Multikulturalizm dövlət siyasətinin mühüm istiqamətinə çevrilib

Azərbaycan dünyanın əsas tolerantlıq və multikulturalizm mərkəzlərindən biridir

"Azərbaycanda multikulturalizmin dövlət siyasətinin mühüm istiqamətinə çevrilməsi sadəcə müəyyən dövrü əhatə edən bir kampaniya deyil. Bu, dövlətimizin milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən davamlı və ardıcıl siyasətidir". Bunu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev deyib. Onun sözlərinə görə, Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə, harmonik şəkildə öz inkişafını sürməkdədir. "Dövlət-din münasibətləri ancaq İslam dininin daşıyıcılarının dövlətlə münasibətlərini deyil, eyni zamanda, Azərbaycanda yaşayan digər konfessiyaların nümayəndələrinə də dövlətin münasibətini ehtiva edir. Həm həmin konfessiyaların dövlətlə münasibəti, həm də onların bir-birinə münasibətinə nəzər yetirdikdə biz bütün dünya üçün örnək ola biləcək bir mənzərənin şahidi oluruq. Bu, keçən il “Multikulturalizm İli”ndə də təsdiqini tapdı, bu il “İslam Həmrəyliyi İli”ndə də öz təsdiqini tapmaqdadır və bu siyasi platforma elə dərin özüllərə malikdir ki, gələcəkdə də öz təsdiqini tapacaq".
Kamal Abdullayev bildirib ki, multikulturalizm müxtəliflik və müxtəlifliklərin münasibəti deməkdir. "Mənim fikrimcə, müxtəliflik iki cür olur: ilkin müxtəliflik və sonrakı müxtəliflik. İlkin müxtəliflik əsrlərdən bəri müxtəlif xalqların, müxtəlif mədəniyyətlərin, müxtəlif əxlaqların bir-birinin yanında olub bir-birinə yardım etməsinin üzərindən yüksəlir. Bu, Azərbaycan mühiti üçün son dərəcə anlayışlı bir situasiyadır. Biz bilirik ki, əsrlərdən bəri bu torpaqlarda müxtəlif mədəniyyət daşıyıcıları bir yerdə yaşayıblar. Buna görə də bu müxtəliflik onları bir-birindən ayırmağa gətirib çıxarmayıb. Münaqişələr olubsa da, bu münaqişələr həll də edilib. Bəlkə də daha kəskin qarşıdurmalar olub. Lakin hər şey bir vahidin, bir bütövün içərisində həll olunub. Anlaşılmazlıqlar tarixə qovuşub. Artıq bu gün biz həmin müxtəlifliklərin bir vahid, yekrəng məxrəcə gəldiyinin şahidiyik".
Dövlət müşaviri bildirib ki, Azərbaycanda 2 mindən çox məscid fəaliyyət göstərir. Amma o da var ki, bir çoxu qeydiyyatdan keçməyib, bəzilərində dini icmalar təsdiq olunmayıb. "Bütün bunlar prosesdir, bir gün ərzində baş vermir. Müstəqilliymiz bərpa olunan gündən bu günə qədər proses gedir. Dövlətin müəyyən olunmuş strategiyası artıq özünü göstərir. Belə ki, məscidlərin tikilməsi, hər kəndin, hətta böyük şəhərlərdə hər məhəllənin öz məscidinin olması dövlət strategiyasıdır. Biz bu mənzərəni aydın şəkildə görürük. Dövlətin dinə münaibətinin bu şəkildə davam etməsinə mane olmaq lazım deyil". 
Kamal Abdullayev qeyd edib ki, bu gün də müxtəlif regionlarda məscidlərin tikilməsi ilə bağlı müraciətlər olur.  "Bu müraciətlərin subyektiv və obyektiv tərəfləri var. Onların bəziləri yerinə yetirilə bilər, bəziləri üçün müəyyən zaman lazımdır. Bizim bu gün həqiqi dini kadrlara böyük ehtiyac var. Xaricdə oxuyub gələnlərlə yanaşı, Azərbaycan bu istiqamətdə öz potensialını da geniş şəkildə realizə etmək niyyətindədir. Azərbaycan Prezidenti bu istiqamətə xüsusi dəyər və önəm verir. Bilirsiniz ki, son zamanlar Azərbaycanda yeni mədrəsələrin açılması ilə bağlı qərarlar var və bunlar həyata keçirilir. Bütün bunlar dövlətin dinə münasibətidir". 
Dövlət müşaviri "Hacı Cavad" məscidi ilə bağlı danışıb. Onun sözlərinə görə, xarici ölkələrdə, hətta ən qatı müsəlman ölkələrində dəfələrlə şahid olmuşuq ki, dünən də, bu gün də nə qədər məscidlər, ziyarətgahlar, müqəddəs məkanlar sökülüb, yerləri dəyişdirilib, üstündən yollar çəkilib. "Heç zaman camaat onu belə gərgin bir ictimai etirazla qarşılamayıb. İki-üç nəfərin bu şəkildə insanları qızışdırmaq, onları həyəcana gətirmək istəyi əlbəttə ki, bütövlükdə hamımızın vətəni olan Azərbaycana qarşı yönəlmiş bir zərbədir. Bu cür çıxışlar ki, həmin o balaca bir tikili ətrafında aparılır, onlar ancaq və ancaq dövlətin dinə münasibətində təhriketmə niyyəti daşıyır ki, bu münasibət kəskin olsun. Amma dövlət heç zaman bu təxribatlara getməyəcək. Çünki onun öz strategiyası var, o, öz strategiyasına sadiqdir və dövlət öz xalqına inanır".
Burada kənar amillərin təsiri özünü açıq göstərir. Məlumdur ki, bəzi xarici dairələr ölkədə dini durumu gərginləşdirməkdə maraqlıdırlar. Bu ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması, İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi, görünür, bəzi daxili və xarici dairələri narahat edir. Çünki bütün bunlar öz mahiyyətində həm islamdaxili harmoniya, həm də İslamla digər konfessiyalar arasında harmoniyanı nəzərdə tutur. Bu, eyni zamanda, radikal qüvvələrin əzələ nümayiş etdirməsi, mənəm-mənəmlik cəhdi təsiri bağışlayır. Azərbaycan dövləti daim bu kimi cəhdlərin qarşısını cəsarətlə və qətiyyətlə alıb və bundan sonra da alacaq.
"Hacı Cavad" məscidinin vəziyyətinin araşdırılması ilə bağlı yaradılan Komissiya öz işini davam etdirir, ədalətli qərar hazırlamaq üçün araşdırmalar aparır". Bunu isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrii Mübariz Qurbanlı deyib. O bildirib ki, məscidə baxış olub, ərazidə yaşayan mömin insanların nümayəndələri ilə görüş keçirilib: "Hazırda təkliflər hazırlanır. Həmin təkliflər əsasında da qərar veriləcək. Komissiyanın tərkibində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Fövqəladə Hallar Nazirliyi, Yasamal Rayon İcra Hakimiyyəti, eyni zamanda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri fəaliyyət göstərir. Məsələ ətraflı təhlil olunacaq, müxtəlif istiqamətlər üzrə araşdırmalar aparılacaq və hazırlanan rəy əsasında məscidlə əlaqədar təklif veriləcək. Məscidlə əlaqədər məsələ həllini tapacaq və həmin ərazidə yaşayan insanlar da Prezidentimizin dinimizə, milli-mənəvi dəyərlərə vedriyi dəstəyi bir daha görəcəklər".
M.Qurbanlı deyib ki, əgər söküləcək məscidin yerində eyni adlı yeni məscid tikilirsə, bu, məscidin fəaliyyətini davam etdirməsi deməkdir. Onun sözlərinə görə, yeni məscid tikilərsə, "Hacı Cavad" adı altında yeni formada fəaliyyət göstərəcək: "Yenə də qeyd edim ki, veriləcək rəylərdən sonra məscidin harada olacağı ilə bağlı qərar qəbul olunacaq. Mühəndis təhlilləri məscidin təmir olununmasının mümkün olub-olmadığını göstərəcək. Bundan sonra məscid yeni formada fəaliyyətini davam etdirəcək".
Komitə sədrinin sözlərinə görə, məscidə baxışdan belə görünür ki, bina o qədər də davamlı deyil. O, 1912-ci ildə tikilən binanın sovet dövründə məscid kimi istifadə olunmadığını da əlavə edib. Quruculuq-abadlıq işləri ilə əlaqədar məscidin ətarfındakı binaların söküldüyünü deyən komitə sədri, ərazidə infrastruktur yaradılacağını, yol çəkiləcəyini və park salınacağını qeyd edib: "Məscidlə bağlı qərar orada ibadət edən insanlarla aparılan danışıqlardan sonra veriləcək. Verilən qərarda onların maraqları əks olunacaq. Ədalətli bir qərar olacaq. Prezidentimizin milli-mənəvi dəyərlərimizə, dinimizə göstərdiyi böyük himayəni biz bu məsələdə bir daha görürük".
Bakı şəhərində 136 məscidin fəliyyət göstərdiyini deyən M.Qurbanlı, məscidlərlə bağlı vəziyyətin daim araşdırıldığını da bildirib: "Məscidlərin içərisində əvvəllki əsrlərdə tikilərək indiyə qədər istifadə olunanlar var. Restavrasiyaya, təmirə ehtiyac duyulan məscidlərlə bağlı daim işlər görülüb. İndiyə kimi onlarla məscid  Heydər Əliyev Fondunun birbaşa himayəsi altında təmir, restavrasiya olunub. Çoxlu ziyarət yerləri təmir olunaraq ziyarətçilərin istifadəsinə verilib. Mərdəkan qəsəbəsində olan tarixi Mir Möhsün Ağa ziyarətgahı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü ilə təmir olunub. Bu işlər davam edir".
Göründüyü kimi dövlət ölkə vətəndaşlarının dini etiqad azadlığının təmin olunması üçün bütün lazımi addımları atır. Azərbaycanın bu istiqamətdə gördüyü işlər, həyata keçirdiyi tədbirlər dünya dövlətləri tərəfindən bəyənilir və təqdir edilir. Bu gün Azərbaycan dünyanın əsas tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilib. Bu gün dünyanın bir çox ölkələrində multikulturalizm iflasa uğradığı halda, ölkəmizdə bu sahədə ciddi inkişaf gedir. Bunu bir çox xarici ölkələrin dini liderləri və din xadimləri də öz çıxışlarında dəfələrlə təsdiq ediblər. 

 

Tarix
26 Aprel 2017 [18:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin