Udilər doğma vətənləri Azərbaycanda hər cür qayğı ilə əhatələnib

18:25 - 31 Mart 2017 - KİVDF

Nicdə kənd sakinləri arasında milli, dini fərq qoyulmur

Azərbaycanda etnik xalqların nümayəndələrinin əsrlər boyu mehriban şəraitdə ölkəmizi tərk etmədən yaşamasını, bu xalqlara ölkəmizdə dini tolerantlıq sahəsində yaradılan şəraiti bariz nümunə hesab etmək olar. Alban-udi xristian icmasının sədri Robert Mobili bildirib ki, udi xalqı Azərbaycanın köklü, aborigen azsaylı xalqlarından biridir. Bu etnos qədim Qafqaz Albaniyasının Uti əyalətində, XIX əsrdə isə Nuxa (indiki Şəki rayonu) bölgəsinin bir neçə yaşayış məskənində məskunlaşıb. Müasir dövrdə başlıca olaraq Qəbələ rayonunun Nic kəndində və qismən də Oğuz rayonunun mərkəzində yaşayırlar. Dünyanın etnik xəritəsində udi adlı etnos bu gün əsasən Azərbaycan ərazisində mövcuddur. "Bu gün dünyada udilərin sayı 10 min nəfərdən çoxdur. Xarici ölkələrdə yaşayanların hamısı da məhz buradan gedənlərdir. Onların tarixi vətəni Azərbaycandır. Azərbaycanda qalanların sayı isə 4 minə yaxındır. Rusiyanın Rostov, Krasnodar, Volqoqrad, Qazaxıstanın Aktau şəhərində sayları kifayət qədər çoxdur, az sayda Ukraynada və Gürcüstanda yaşayırlar. Azərbaycanda isə Qəbələnin Nic qəsəbəsində, Oğuz rayonunda 100 nəfər, Bakı şəhərində isə 20 ailə yaşayır. Azərbaycandan fərqli olaraq başqa ölkələrdə yaşayan udilərin nəvələri tarixi vətənlərinə gəlib gedirlər".
Onun sözlərinə görə, digər ölkələrdə yaşayan udilər başqa xalqların dilini, adətlərini, mədəniyyətini qəbul edərək assimilyasiyaya uğrayıblar. Məsələn. Gürcüstanda yaşayan udilər gürcüləşiblər. Burada dərslər gürcü dilində keçirildiyindən gənclər öz dillərini unudublar. Yalnız yaşlılar öz dillərini bilirlər. Onlar da dünyalarını dəyişdikdən sonra Gürcüstanda bu dildə danışanlar olmayacaq. Tolerant mühitin hökm sürdüyü Azərbaycada isə bu xalq öz orijinallağını qoruyub saxlayıb. Nicdə udinlərin hər bir şəraiti var. Qəsəbənin mərkəzində onlar üçün yeni “Orayin” Udi Mədəniyyət Mərkəzi inşa edilib. Bu məkan daima qonaqlı-qaralıdır.  Nicdə ilk udi məktəbi 1854-cü ildə açılıb, müəllimlər içərisində yerli sakinlərdən –udilər də var idi. İbtidai sinif şagirdləri üçün udi dili də tədris olunur. Qəsəbədə uşaqlar 1-ci sinifdən 4-cü sinfədək həftədə iki dəfə udu dili dərsini keçir. Onlar öz ana dillərini sevə-sevə öyrənirlər.  Udinlər həm də burada tarixlərini və abidələrini qoruyub gələcək nəsillərə ötürə bilirlər. Kənddə 3 kilsə və 2 məscid fəaliyyət göstərir. Bundan başqa, hər məhəllədə müsəlman və xristianların ziyarət etdikləri 5-7 pir də mövcuddur. Dini əqidəsinə görə qəsəbə sakinləri arasında heç bir ayrı-seçkiliyə yol verilmir və hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir. Burada məscidlər, kilsələrlə qonşuluq edir, müxtəlif etnik qruplar və dinlərdən olan insanlar bir ailə kimi yaşayırlar. Göründüyü kimi xarici ölkələrdə öz mədəniyyətini, dilini, adət-ənənələrini qoruya bilməyən udilər doğma vətənləri Azərbaycanda hər cür qayğı ilə əhatələniblər. Qəsəbənin qalan sakinləri isə azərbaycanlılar və ləzgilərdir. Kəndin sakinləri arasında milli, dini fərq qoyulmur. Müxtəlif millətlərin nümayəndələri mehriban şəraitdə yaşayırlar.  O bildirib ki, udi dilində demək olar ki, heç bir dənə də olsun erməni sözü yoxdur. "Azərbaycan sözlərinə oxşar bəzi sözlərimiz var. Sadəcə, bizi ermənilərlə yaxınlaşdıran cəhət eyni dinə-xristianlığa sitayiş etməyimizdir. Amma ermənilər xristianlığın Qriqorian, biz isə şərq Apostol (Varfolomey) Kilsəyə məxsusuq. O vaxt udi xalqının soyad sonluqları dəyişdirilib «…yan» edilib. Elə bu səbəbdən də Azərbaycanın müstəqilliyinin ilk illərində udi xalqının oğlanları hərbi xidmətdən müvəqqəti azad edilmişdi. O vaxtlar bəziləri udiləri də ermənilərin sırasına aid edirmiş. Ancaq sonra yavaş-yavaş aparılan təbliğat işə yaradı. İndi artiq hamı tanıyır ki, udi xalqı kimdir. Artıq soyadları istədiyimiz kimi dəyişə bilirik. Udilərin əksəriyyətinin soyad sonluqları » …li, … rı» ilə qurtarır. «…ov»la bitən soyadlar da az deyil. Udilər də hazırda digər azərbaycanlılar kimi hərbi xidmətə gedirlər".
Robert Mobili bildirib ki, tarixən Günəşə, Aya və Oda sitayiş edən udilər IV əsrin əvvəllərində xristianlığı dövlət dini kimi qəbul edərək bu günə kimi bu dini qoruyub saxlayıblar. "Biz erməni kilsəsinə gedib ibadət etmədiyimizə görə, özümüzü qoruya bildik. Ermənilərin bizim onların kilsələrinə ibadətə getməməyimizlə bağlı Eçməidzinə çoxlu şikayət məktubları var.  Xalqın özünü qorumasında iki faktor var. Birincisi, etnosun müharibə edən bir xalq olmaması, ikincisi isə ətraf mühit amilidir. Azərbaycan türkləri ilə kökümüz yaxın olduğundan bizə hörmətlə yanaşıblar. İndi tolerant, multikultural olduğumuzu deyirik. Çünki biz bu işə hazır idik. Antoqonizm, bir-birinə nifrət olan yerdə milli zəmində münaqişələri alovlandırmaq asan məsələdir. Xalqlarımız arasında belə bir şey yox idi. Hətta indi də xalqlarımızın arasına nifaq toxumu səpmək istəyirlər, amma bunu edə bilmirlər və bilməzlər də".
Onun sözlərinə görə, inqilab vaxtı da elə idi. "Bizdən, sizdən fikrimizi soruşan olmayıb. Azərbaycan türklərinin milliyyətini tatar kimi yazıblar. İbadət yerlərini də siyahıya alan olub. Sözsüz ki, Eçməidzinə keşişləri göndərəndə xristian dininə ibadət edən xalqları öz adları ilə adlandırmayıblar. Onlar kilsə hesabına müxtəlif millətləri birləşdirdilər. Bu regionda ermənini gücləndirmək Çar Rusiyasının siyasəti idi. Bu siyasət hələ Pyotrun vaxtından başlanmışdı. Amma şimal xalqları islam dinini qəbul etdilər. Bu da rus imperiyasının qarşısında bir sədd rolunu oynadı".
Robert Mobili deyib: "Bu qazanda hər birimiz qaynamışıq. Vaxtilə ərəblər xristianları sıxmayıblar. Ərəblərin onlardan əsas tələbləri verginin vaxtında verilməsi və qərblə yaxınlaşmaması olub. Qafqaz Albaniyasını ərəblər deyil, ermənilər dağıtdılar. Qafqaz Albaniyasının XI çarı Cavanşir Varası ermənilər satdılar və onun guya dualarında Qərbin, Bizans imperatorunun adını çəkməklə özünü möhkəmləndirmək istədiyini bildirdilər. Ərəblər də Cavanşir Varası Qərblə yaxınlaşmaması üçün zəiflədiblər. Məsələn, Şəki xanı Çələbi xanın kökü xristian olub. Amma sonra Çələbi xanın bütün qohum-əqrabası islamı qəbul etdi, hətta xan Həcc ziyarətinə getdi və türklərlə yaxınlaşdı. Tarixçilər etnosların islamı qəbul etməsini çox yazmırlar. Azərbaycanın tolerantlığı nədən irəli gəlir? Bizim kökümüz birdir. Sadəcə fərqli elementlər, fərqli dinlər olub. Bizim içimizdə xristianlıqdan sonra islamı qəbul edənlər çoxdur".
Alban-udi xristian icmasının sədri qeyd edib ki, Avropa alimləri Azərbaycana gələndə bizimlə maraqlanırlar. "Onları xristian olmağımız deyil, ətrafı tamamilə islam olan bir xalqın öz dili və dinini necə qoruyub saxlaması maraqlandırır. Təbii ki, əsas amil kökümüzün yaxınlığı olub. Düzdür, çətinliyimiz də olub və indi də var. Udiləri tarixdən silməkdə maraqlı olanlar da olub. 1918-20-ci illərdə, 1990-cı illərdə bizim başımıza çox işlər açıblar. Çünki ermənilər, ruslar Azərbaycandakı mövcud xristian tayfalarını tamamilə silmək istəyirdilər. Ya xalqın içində əriməliydin, ya da yox olmalıydın. Məsələn, ingiloylar Gürcüstana gedərək gürcüləşdilər və illər sonra dillərini də unutdular. Bu gün Avropada qloballaşma, inteqrasiya nəticəsində böyük xalqlar belə əriyirlər". 

(ardı var)

Xəbər xətti