Qafqaz Alban Kilsəsi Azərbaycana məxsus qədim apostol kilsəsidir

18:22 - 30 Mart 2017 - KİVDF

Kiş kilsəsinin tikiliş tarixi ermənilərin tikdirdiyi birinci xristian kilsəsindən xeyli qədimdir

 Qafqaz Alban Kilsəsinin dünyada Azərbaycana məxsus qədim apostol kilsəsi kimi tanıdılması bu irsin ermənilər tərəfindən məqsədyönlü şəkildə mənimsənilməsinin qarşısını alacaq. Azərbaycan dövlətinin səyləri nəticəsində artıq dünya ictimaiyyəti bu qədim kilsənin məhz Azərbaycana məxsus olduğu və hazırda onun davamçılarının burada yaşamağa davam etməsi barədə kifayət qədər məlumatlıdır. Həqiqətən də bu gün maddi və mənəvi irsimizə sahib olmaq çox vacib məsələdir. Bildirək ki, xristianlıq Azərbaycana yeni eranın ilk əsrlərində, hələ İsa Məsihin həvariləri dövründə nüfuz edib. "70-ci ildə Yerusəlimin (Qüdsün) süqutundan sonra Qafqaza xristianların köçürülməsi güclənib. Gələnlər yeni dindən, İsanın göstərdiyi möcüzələrdən bəhs ediblər. Nəticədə bölgədə ilk xristian icmaları yaranmağa başlayıb. Qafqaz  Albaniyasında bu dövr xristianlığın yayılmasının “həvari dövrü” adlanır. Həvari Faddeyin şagirdlərindən olan Yelisey Yerusəlimin birinci patriarxı Yaqubun xeyir-duası ilə yeni dini təbliğ edə-edə Aqvan diyarına gəlib çıxmış və Kişdə yerli əhalinin köməyi ilə ilk kilsə tikdirib. Bu kilsənin tikiliş tarixi  ermənilərin tikdirdiyi birinci xristian kilsəsindən xeyli qədimdir. Bu barədə dosent Əyyub Kərimov yazıb. Onun sözlərinə görə, Roma imperatoru Konstantin 313-cü ildə xristianlığa etiqad üzərindən qadağanı götürəndən sonra  Albaniya hökmdarı Urnayr xristianlığı dövlət dini elan edib. Bu vaxtdan etibarən Azərbaycanda xristianlığın yayılmasının qrekofil dövrü adlanan yeni mərhələ başlanıb. Akademik Ziya Bünyadov göstərir ki, Urnayr, II Vaçe və III Vaçaqan ölkədə xristianlığı yaymaq üçün çox böyük fəallıq göstəriblər. 
Əyyub KJərimov bildirib ki, xristianlıqla bağlı araşdırmalar aparan tədqiqatçıların ümumi qənaətinə görə, Şəkidə yerləşən, “Şərq kilsələrinin anası” sayılan və günümüzə qədər qorunub saxlanılan Kiş kilsəsi Qafqazda ilk xristian məbədidir. Əslində, dövrümüzə qədər gəlib çatmış və böyük əksəriyyəti Qarabağ, Qəbələ-Şəki-Zaqatala bölgəsində yerləşən alban abidələri Azərbaycan türklərinin xristian mədəniyyətinə, ümumilikdə, bəşəriyyətin mədəni dəyərlər xəzinəsinə ən böyük töhfəsidir. "Təəssüf ki, Azərbaycana qarşı işğalçılıq siyasəti aparan təcavüzkar Ermənistan Azərbaycan xalqının tarixində böyük bir mərhələni təşkil edən Alban dövrünü, onun  abidələrini saxtalaşdıraraq qriqoryanlaşdırmağa çalışıbdır.  Ermənistan işğal etdiyi ərazilərdə saxtalaşdırdığı alban məbədlərini dünyaya erməni abidələri kimi təqdim edir. Halbuki, həm tikilişinə, həm memarlıq xüsusiyyətlərinə, həm də dini atributlarının formasına görə alban abidələri erməni kilsələrindən fərqlənir və erməni kilsəsi ilə müqayisədə alban kilsəsinin daha qədim olduğu təsdiqlənir",- o deyib.
Qarabağa köçürdüyü ermənilərin hiyləsinə uyan çar Rusiyası 1836-cı ildə alban kilsəsini ləğv edib, albanlara məxsus məbədlər, kilsəyə aid olan bütün avadanlıq və sənədlər erməni  kilsəsinə verilib. 
Alban-Udi Xristian dini icmasının sədri, Bakı Dövlət Universitetinin (BDU) baş elmi işçisi Robert Mobili müsahibələrinin birində isə qeyd edib ki, Qafqaz Albaniyası eramızdan əvvəl IV əsrdən eramızın VII əsrinə qədər mövcud olmuş minillik tarixi olan ölkə olub. "Bu gün də həmin ölkənin varisi Azərbaycandır. Qafqaz Albaniyası böyük bir dövlət olub. Hələ bir hissəsi Dərbənddə, bir hissəsi Ermənistan ərazisində qalıb. Qafqaz Albaniyasında I əsrdən xristian icmaları yarandı və IV əsrdə, yəni 313-cü ildə xristianlıq dövlət dini oldu. Alban mədəni irsi Azərbaycanda həddən artıq zəngindir. Azərbaycanın demək olar bütün bölgələrində bu mədəni irsin qalıqları var. Şəkidə olan Kiş məbədi Qafqaz Albaniyasının, hətta Qafqazın ən qədim kilsələrindən biridir. Qafqazda kilsələrin anası hesab olunan Kiş Apostol kilsəsidir. Bu zəngin mədəni irs Azərbaycanın tarixi mədəni irsidir. Bu mədəni irsə "qonşularımız" (həm şimaldakı, həm də qərbdəki qonşularımız) sahib olmaq istəyirlər. Çünki bu mədəni irsə yiyələnmək torpağın sahibi olmaqdır. Çar Rusiyası Qafqazı işğal edəndə iki böyük imperiyanın marağı olub. Qarşıdurmaların sonunda Azərbaycanı iki hissəyə ayırdılar. Azərbaycanda xristian mədəni irsinə sahib olan udilər, o cümlədən alban tayfaları birbaşa erməni kilsəsinə verildi. Çünki Çar Rusiyası Azərbaycan ərazisində xristian ölkəsi yarada bilməzdi. Alban tayfalarından 5-6 kənd qalmışdı və həmin mədəni irsə sahib olmaq üçün onlara böyük bir qüvvə lazım idi. Nəticədə erməniləri Dağlıq Qarabağa köçürməklə Azərbaycanın tarixi torpaqlarında yerləşdirdilər". Onun sözlərinə görə məqsəd Qafqaz Albaniyasının xristian mədəni fundamenti üzərində erməni icmasının gücləndirilməsi idi.  "Azərbaycanı parçaladıqdan sonra İranda Rusiya səfiri Aleksandr Qriboyedovu öldürməklə antierməni siyasət formalaşdırdılar və bundan sonra erməniləri Azərbaycana köçürdülər. Ermənilər daha çox əsasən alban məbəd-kilsələrinin yerləşdiyi ərazilərə köçürüldülər. Alban kilsəsi apostol kilsəsi olduğundan tarixlə yaxınlığı var. Ermənilər ədəbiyyatı, dəftərxananı, dini ocaqları öz kilsələrinə uyğun dəyişdirməyə başladılar. Onlar özlərinə sərf edənləri tərcümə edib dəyişdirdilər, lazım olmayanların hamısını da məhv etdilər",- Robert Mobili deyib. Onun sözlərinə görə, bu işləri də Çar Rusiyasının köməyi ilə həyata keçirdilər. "Nəticədə Azərbaycanın tarixi torpaqlarında ermənilərin sayı artdı. Sonra Türkiyədən də erməniləri köçürdülər. Nəticədə Dağlıq Qarabağda o mədəni irsin sahibi ermənilər oldu. Çar Rusiyasının əsas istəyi Azərbaycan ərazisində islam və xristian dinlərinə mənsub olmaqla iki qütb yaratmaq idi. Bir tərəfdən ermənilərin mədəni irsə sahib olmalarına şərait yaratdılar, digər tərəfdən də islamın alban-xristian mədəni irsini erməni mədəni irsi kimi qəbul etməsi üçün şeyxülislamlıq formalaşdırdılar. Nəticədə alban sözünü, ümumiyyətlə, terminologiyadan çıxardılar. Oğuzda yaşayan uduləri pravoslav kilsəsinə qəbul etdilər və onlar üçün gözəl şərait yaratdılar. Udilərdən məşhur general, hərbçilər, yazıçılar çıxırdı. Nic udiləri isə birbaşa ermənilərin tabeçiliyinə verilmişdi".
Robert Mobili bildirib ki, müasir tariximizə baxanda Qarabağ ermənilərinin bir hissəsi vaxtilə dönmüş alban tayfalarıdır. Onun içində bu gün də özlərini erməni kimi qələmə verən udilər də var. "Alban tayfalarının böyük bir hissəsi islamı qəbul etdilər, bir hissəsi isə özlərini qorumaq məqsədilə Gürcüstana qaçdılar və gürcüləşdilər. Qvareli rayonunda bir kəndimiz tamamilə gürcüləşib. Sosialist inqilabından sonra kilsələr diqqətdən kənarda qaldı". 
Lakin udilər belə çətin vəziyyətdə də misilsiz fədakarlıq göstərərək öz dininə, adət-ənənələrinə, tarixi Vətəninə sadiq qaldı, erməniləşməmiş, əksinə 1836-cı ildə həyata keçirilən tarixi ədalətsizliyi həmişə aradan götürməyə çalışdılar. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra tarixi ədalət öz yerini tapdı və alban-udi kilsəsi bərpa olundu. Bu gün udilər Alban Apostol Avtokefal Kilsəsinin zəngin dini- mədəni irsinin varisləri hesab olunur. Udi ziyalılarının təşəbbüsü ilə 2003-cü ildə Alban-Udi Xristian İcması yaradıldı və müvafiq qaydada dövlət qeydiyyatından keçdi. İcmanın qeydiyyatı Alban apostol avtokefal kilsəsinin dirçəldilməsi, ümumiyyətlə, tarixi ədalətsizliyin aradan qaldırılması yolunda ilk addımdır. 
(ardı var)

 

Xəbər xətti