BTC üzrə əməliyyat xərcləri 37 mln. dollar azalıb, əsaslı xərclər 1 mln. dollar artıb

16:08 - 21 Fevral 2017 - İQTİSADİYYAT

2016-cı il ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas boru kəməri vasitəsilə təqribən 33,5 mln. ton (251 mln. barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 313 tankerə yüklənib. "BP-Azerbaijan" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) nefti və "Şahdəniz" kondensatı daşıyır.
Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.
1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2016-cı ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 349 mln. ton (təxminən 2,61 mlrd. barel) xam neft nəql edilib və Ceyhanda 3425 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
2016-cı il ərzində BTC üzrə əməliyyat xərcləri təqribən 118 mln. dollar, əsaslı xərclər isə 58 mln. dollar təşkil edib. Qeyd edək ki, 2015-ci ildə BTC üzrə əməliyyat xərcləri 155 mln. dollar, əsaslı xərclər isə 57 mln. dollar olub. Beləliklə, BTC üzrə əməliyyat xərcləri 37 mln. dollar azalıb, əsaslı xərclər 1 mln. dollar artıb.
Qeyd edək ki, BTC Ko.-nun səhmdarları: BP (30,10%), AzBTC (25,00%), "Chevron" (8,90%), "Statoil" (8,71%), TPAO (6,53%), "Eni" (5,00%), "Total" (5,00%), "İtochu" (3,40%), "İnpex" (2,50%), CIECO (2,50%) və "ONGC (BTC) Limited" (2,36%) şirkətləridir.

Xəbər xətti