"Gəncləri “Xocalıya Ədalət” Kampaniyasına qoşulmağa çağırırıq"

12:36 - 20 Fevral 2017 - Cəmiyyət

Gənclərimiz Xocalı soyqırımının dünyaya tanıdılması üçün bütün potensialını ortaya qoymağa hazırdır.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov Xocalı soyqırımının 25-ci ildönümü barədə müsahibəsi zamanı qeyd edib: 
“Artıq 25 ildir ki, Azərbaycan dünya ictimaiyyətinə Xocalı soyqırımının tanınması üçün səslənir. Bu faciə günahsız insanların – uşaqların, gənclərin, qadınların, ahıl qocaların bir an içində yox olmasına səbəb olmuşdur. Hesab edirəm ki, 25 il öncə baş vermiş bu faciə Azərbaycan xalqının, habelə müasir gəncliyimizin həyatında ağır xatirə kimi yadda qalıb. Bildiyimiz kimi, soyqırımın müəllifləri və ünvanı – Ermənistan silahlı qüvvələridir. Ermənistan ordusu həmin gün bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeritmiş, şəhərin dinc əhalisinə qarşı misli görünməyən qəddarlıq və şiddət göstərmişdir. Xocalı soyqırımı –insanlıq əleyhinə törədilmiş ən qəddar əməllərdən biridir. 
Biz, Azərbaycan gəncləri və gənclər təşkilatları dünyanın müxtəlif ölkələrində yaşayan, xarici ölkələrin dövlət qurumlarında, parlamentlərdə, ictimai təşkilatlarda, beynəlxalq qurumlarda, kütləvi informasiya vasitələrində çalışan və fəaliyyət göstərən həmyaşıdlarımıza və həmkarlarımıza, ədalətin pozulmasına qarşı çıxanlara müraciət edərək etiraz səsimizə səs verməyə çağırırıq. Hesab edirik ki, bizim səsimiz o fevral gecəsi səslənən səslərə qoşulacaq, hələ də girovluqda olan, lakin fiziki varlığı hər vəchlə gizlədilən ən azı bir kəsin bəlkə də azad olaraq insan kimi yaşamasına təkan verəcəkdir. 
Ölkənin 124 gənclər təşkilatını birləşdirən və Azərbaycan gəncliyinin səsi olan Gənclər Təşkilatları Milli Şurası olaraq gənclərimizi bu etiraz səslərinə qoşularaq Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Milli Şura tərəfindən “Xocalıya Ədalət” Kampaniyası çərçivəsində həyata keçirilən fəaliyyətlərə qoşulmağa çağırırıq. 
Fəaliyyətlərin məqsədi Xocalı faciəsinin 25-ci ildönümündə Azərbaycan reallıqlarının, soyqırımı faktının dünya ictimaiyyətinə Azərbaycan gəncliyi adından çatdırılmasını və gənclərin “Xocalıya Ədalət” kampaniyasına sosial şəbəkələr vasitəsi ilə dəstək olması üçün səfərbər olunmasını təmin etməkdir. 
Fəaliyyətlər çərçivəsində sosial şəbəkələrdə əvvəlcədən razılaşdırılmış qaydada və müasir təbliğat alətlərdən istifadə edərək məlumatların yayılması nəzərdə tutulub. Həmçinin fəaliyyətin saytı da artıq öz işinə başlayıb. Gənc fəallar hazırlanmış xüsusi veb-sayt (khojayly.nayora.az) vasitəsi ilə fəaliyyətlər haqqında ətraflı məlumat əldə edə bilərlər. Gənclər saytdan qeydiyyatdan keçərək bizə qoşula və Xocalı həqiqətlərini dünyaya çatdırılmasına dəstək ola biləcək. 
Azərbaycan gənclərini məhz onların adından hazırlanan bəyamnaməni əldə edərək müxtəlif beynəlxalq qurumlara göndərərək, həmçinin #justiceforkhojaly və #khojalyonline həştəqləri vasiləsilə paylaşımlar edərək, saytda yerləşdirilmiş Facebook və e-poçt ünvanları üçün hazırlanmış örtük şəkilinindən və elektron imzalardan istifadə edərək fəaliyyətə qoşulmağa çağırırıq. 
Səsimizi zülmə, haqsızlığa və ədalətsizliyə qarşı birgə ucaldaq!”.

 

Xəbər xətti