Azərbaycanda bu müəllimlər işdən azad ediləcək

14:50 - 17 Fevral 2017 - Cəmiyyət

Müəllimlərin attestasiyasının keçirilməsi ilə bağlı Təhsil Nazirliyində İşçi qrup yaradılıb. Ucnoqta.az-ın xəbərinə görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov Lent.az-a bildirib ki, həmin işçi qrupa müvafiq tapşırıqlar tapşırılıb: “Tapşırıqlardan biri də müəllimlərin hansısa formada qiymətləndirilməsi və qiymətləndirmənin nəticəsindən asılı olaraq işdə qalıb-qalmamağı məsələsinin gündəmə gətirilməsindən ibarətdir. Hazırda bu prosesin attestasiya ya sertifikasiya formasında icra ediləcəyi tam bəlli deyil”.
 E.Bağırov bildirib ki, prezident İlham Əliyevin  təsdiq etdiyi “ Azərbaycan Respublikasına təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda  və strategiyanın icrası ilə bağlı fəaliyyət planında müəllimlərin sertifikasiyası da nəzərdə tutulub: “ Bu proseslə bağlı işlər həmin yaradılmış İşçi qrupuna həvalə edilib. Onların yekun təkliflərindən sonra ictimaiyyətə geniş  məlumat veriləcək”.
E.Bağırov əlavə edib ki, attestasiyanın yekun nəticəsinə görə peşəkarlıq səviyyəsi yüksək olan müəllimlər işdə qalacaq, aşağı olanlar işdən azad olunacaqlar: “Diaqnostik qiymətləndirilmə ümumtəhsil məktəblərində dərs deyən yaxşı və zəif müəllimləri üzə çıxarmaq və zəif nəticə göstərən müəllimləri inkişafyönümlü təlimlərə yönəltmək məqsədilə həyata keçirilir. Yəni diaqnostik qiymətləndirmə keçirərək mövcud problemləri aşlar edirik, ondan sonra digər proseslər icra edilir.  Attestasiya isə konkret peşəkarlıq səviyyəsi aşağı olan müəllimin işdən azad edilməsi ilə nəticələnməlidir. Bu, qanunvericilik tələbidir”.

Xəbər xətti