Azərbaycanda təkcə müsəlmanlara deyil, digər ənənəvi din nümayəndələrinə bərabər münasibət göstərilir

18:13 - 16 Fevral 2017 - KİVDF

Dini mənsubiyyətindən asılı olmayaraq bütün dindarlar bundan çox razıdırlar


Azərbaycanda təkcə əksəriyyət təşkil edən müsəlmanlara deyil, bütün digər ənənəvi din nümayəndələrinə də bərabər münasibət göstərilir. Dini mənsubiyyətindən asılı olmayaraq bütün dindarlar bundan çox razıdırlar. Onlar hər zaman dövlətin yanında olduqlarını qeyd edir və bunu dövlətə və dövlətçiliyə xidməti borc kimi dəyərləndirirlər. Bunu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev  deyib. O bildirib ki,  Azərbaycan dünyəvi dövlətdir, burada din dövlətdən ayrıdır. " Amma dövlət həmişə dinin və dindarların yanındadır. Bunu ölkə Prezidenti hər dəfə qeyd edir. Qədim Şamaxı məscidinin, Gəncə İmamzadəsinin abadlaşdırılması və yenidən istifadəyə verilməsi, Bakıda möhtəşəm Heydər məscidinin inşa olunub dindarların istifadəsinə verilməsi, dini konfessiyalara dövlət büdcəsindən maliyyə yardımlarının ayrılması, rayon mərkəzlərindəki cümə məscidlərinin hər birinin abad və gözəl olması dövlətin dinə münasibətinin bariz nümunəsidir".
Onun sözlərinə görə, məscid getdikcə yalnız dini deyil, ictimai-mədəni mərkəz kimi də əhəmiyyət daşıyır. Dövlət müşaviri Kamal Abdullayev qeyd edib ki, Azərbaycanın müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı ölkədir:"Azərbaycanda dövlət-din münasibətləri sağlam təməl üzərində formalaşıb və inkişaf edir. Bütün etnik qruplar və müxtəlif dinlərə mənsub olan insanların sülh içərisində yaşayırlar. Dövlətimiz tərəfindən müsəlman dini icmalarla yanaşı, qeyri-müsəlman dini icmalara daim diqqət və qayğı göstərilir. Burada ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında humanizm dəyərlərinin rolu böyükdür. Azərbaycanda yaşayan hər bir millətin, dinin nümayəndəsinə özününkü qədər hörmət və ehtiram göstərilir. Mən Gəncədə olarkən tarixi Şah Abbas məscidini və Rus Pravoslav Kilsəsini də ziyarət etdim, dindarlarla görüşdüm. Rus Pravoslav Kilsəsinin baş keşişi Varfolomey Ata, həmçinin Gəncə şəhər Yəhudi Dini İcmasının sədri Arif Babayev bizimlə birgə İmamzadədə tədbirdə iştirak etdi, həmçinin onlar İmamzadədə təşkil edilən bayram süfrəsində də bizimlə birlikdə oldular. Bu isə təkcə Azərbaycana xas olan unikal tolerantlıq mədəniyyətidir. Tolerantlıq bir keyfiyyətdir, həyat tərzidir. Bu, bizim fərqliliyimiz və zənginliyimizdir. Eyni zamanda, demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun aliliyidir. Sosial bir hadisə olan tolerantlıq həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir.  Bunun nəticəsidir ki, Azərbaycan tolerantlığına, multikulturalizminə olan maraq respublikamızın dünyada tarixi örnək dəyərlərə malik ölkə kimi tanınmasına səbəb olub".
Dövlət müşaviri qeyd edib ki, məscidlərimiz və bir çox din xadimlərimiz hələ də dövlətin onlardan gözləntilərini doğrultmur.  Dini radikalizmin qarşısı qətiyyətlə alınmalıdır və  bu mübarizədə onların üzərinə böyük vəzifələr düşür. Onlar dindarlar arasında maarifləndirmə işini genişləndirməlidirlər ki, dindarlar müxtəlif zərərli təsirlər altına düşməsinlər.
Bu sahədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də fəaliyyətini genişləndirir və ötən illər bir çox işlər görüb. Dövlət Komitəsi tərəfindən dini qurumların dövlət qeydiyyatına alınması prosesi davam etdirilib, onların ümumi sayı 749-a çatdırılıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 721-i İslam, 28-i qeyri-islam təmayüllüdür. Sonunculardan 17-si xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, komitə tərəfindən milli-mənəvi dəyərlərimizin təbliği, dini radikalizmin fəsadları və s. mövzularda 50-ə yaxın kitabın nəşr olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən, 2016-cı il ərzində ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dövlət Komitəsinə ayrılmış vəsait hesabına dini icmaların layihələri maliyyələşdirilib. 68 layihənin hazırlanmasına metodiki dəstək verilib. İndiyədək İslam dini icmaları tərəfindən təqdim edilən 137 layihə maliyyələşdirilib.
Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış, dini radikalizm və ekstremizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən maarifləndirici səciyyə daşıyan “Fitnə” sənədli filmi böyük əks-səda doğurub. Sənədli film ictimaiyyətə təqdim olunmaq üçün ölkə ərazisində fəaliyyət göstərən telekanallara və Azərbaycanın bütün yerli icra hakimiyyəti orqanlarına göndərilib. Əksər rayonlarda, o cümlədən ölkəmizdəki ali təhsil müəssisələrində, orta məktəblərdə, gənclər evlərində və s. müvafiq məkanlarda filmin nümayişi həyata keçirilib.  
Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov isə dini mühitdə cərəyan edən neqativ tendensiyaların qarşısının alınması, radikalizmlə mübarizənin effektivliyinin artırılması, qarşılıqlı əlaqələrin və koordinasiyalı fəaliyyətin gücləndirilməsi məqsədilə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə “Dini ekstremizmə qarşı mübarizəyə dair Tədbirlər Planı” çərçivəsində respublikanın 62 şəhər və rayonunun icra və hüquq-mühafizə orqanlarının rəhbər işçilərinin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə silsilə maarifləndirici tədbirlər həyata keçirildiyini bildirib. İcazəsiz dini ədəbiyyatların yayılmasının və icazəsiz fəaliyyət göstərən dini ədəbiyyat və əşyaların satış məntəqələrinin qanunazidd fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilib, "Eləcə də, qeyd edim ki, ötən ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə birgə Bakı, Sumqayıt, Lənkəran, Mingəçevir şəhərləri və Masallı rayonunda dini təyinatlı materialların satışını həyata keçirən 40 mağazada müvafiq monitorinqlər keçirib. Qeyd olunan mağazalarda aşkarlanan pozuntulara görə 12 mağaza sahibi məhkəmənin qərarı ilə ümumilikdə 53 500 manat məbləğində cərimə edilib. 17 mağaza sahibi barədə İnzibati Xətalar Məcəlləsinin 516.0.2-ci maddəsi (“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada satışına razılıq verilmiş dini təyinatlı ədəbiyyatın, audio və ya video materialların, mal və məmulatların, yaxud dini məzmunlu başqa məlumat materiallarının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılması – red.) ilə məhkəmə araşdırması, eləcə də 2 mağaza sahibi barədə polis orqanları tərəfindən təhqiqat davam edir. Həmin mağazalardan və digər yerlərdən götürülmüş dini ədəbiyyatların dinşünaslıq ekspertizası aparılıb. Ümumilikdə dinşünaslıq ekspertizasına göndərilmiş 856 adda dini ədəbiyyata baxılaraq, onlardan 394 adda dini ədəbiyyatın zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyənləşdirilib.
Məlumat üçün bir daha bildirmək istəyirəm ki, Cinayət Məcəlləsinin 167-2-ci maddəsinə əsasən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədilə idxal etmə, satma və ya yayma - beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum edilməklə cəzalandırılır",- o deyib.

(ardı var)

Xəbər xətti