Azərbaycan cəmiyyəti tolerantdır

18:38 - 10 Fevral 2017 - KİVDF

Azərbaycanın timsalında müasir dünyəvi müsəlman ölkəsinin nümunəsi çox ölkələr üçün yaxşı nümunə ola bilər

"Bizim cəmiyyət milli ideya ətrafında sıx birləşib. Bu ideya bizim dəyərlərin prioritetindən, tolerantlığın, multikulturalizmin inkişafından ibarətdir". Bunu müsahibələrinin birində Azərbaycan prezidenti İlham Əliyev deyib.  Dövlət başçısının sözlərinə görə, bizim cəmiyyət Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, həmçinin müstəqilliyimizin möhkəmlənməsi, bütün iqtisadi və sosial məsələlərin həlli ideyası ətrafında birləşir. "Buna görə də bizdə radikallara yer yoxdur: istər iqtisadi, istərsə də sosial baxımdan bu cür baza yoxdur. Çünki praktiki olaraq yoxsulluq yoxdur. Onlar haradan özlərinə tərəfdarlar toplayır? Onlar əsasən yoxsul təbəqələrdən toplayır. Azərbaycanda savadlılıq yüz faizdir. Yenə də, radikalları haradan toplayırlar? Savadsız kütlədən. Çünki belə mühit yoxdur. Amma bizim ətrafımızda belə deyil. Buna görə bizim üçün əsas məsələ özümüzü mənfi xarici təsirdən, o cümlədən dini ekstremizmin təsirindən qorumaqdır. Bizim cəmiyyət öz köklərinə - həm milli, həm mənəvi, həm dini köklərinə dərindən bağlıdır. Biz ziyarətgahlarımıza ehtiram bəsləyir və bu məsələyə çox qayğı ilə yanaşırıq. Lakin, eyni zamanda, bizim cəmiyyət dünyəvi, müasir cəmiyyətdir. Zənnimcə, Azərbaycanın timsalında müasir dünyəvi müsəlman ölkəsinin nümunəsi hələ yetərincə öyrənilməyib, o, çox ölkələr üçün yaxşı nümunə ola bilərdi". Həqiqətən də bu gün Azərbaycandakı tolerantlıq mühitinin xarıci ölkələrdə öyrənilməsinə böyük ehtiyac var. 
Prezident İlham Əliyev qeyd edib ki, buna görə də radikalizmə qarşı mübarizə baxımından bizim üçün əsas məsələ özümüzü mövcud kənar fiziki və informasiya təhlükələrindən qorumaqdır. " Lakin bunun üçün müvafiq orqanlar var, onlar ölkəmizin təhlükəsizliyini təmin edirlər və buna görə də Azərbaycan ətrafda gördüklərimizin hamısının fonunda sabitlik, inkişaf və asayiş məkanı kimi qalır. Biz, vətəndaşlarımız bunu çox yüksək dəyərləndiririk. Onlar qaynar nöqtələrdə, Avropa ölkələrində, MDB məkanında, Yaxın Şərqdə nələr baş verdiyini hər gün görürlər. Müharibə, qan, dağıntılar. Bu, bizim cəmiyyətimizi daha sıx birləşdirir. Bu – radikalizmə qarşı ən böyük "peyvənddir”. Lakin bütün bunlara baxmayaraq, biz öz siyasətimizin – məhz müasirliyə, dünyəviliyə, Xeyirin Şər üzərində üstünlüyünə yönəlmiş siyasətimizin həyata keçirilməsi üzrə fəaliyyətimizi bir an belə zəiflətməməliyik. Biz mütəmadi olaraq bu istiqamətdə işləyirik".
Göründüyü kimi dini radikalizmin yayılmasında savadsızlıq və yoxsulluq dayanır. Buna qarşı isə Azərbaycanda böyük işlər görülür. Ona görədə Azərbaycanda tolerantlıq güclü,dini radikalizmin dayaqları zəifdir. Bu zəif dayaqların dağıdılması üçün tolerantlığı təbliğ etməli, radikalizmə qarşı ardıcıl mübarizə aparılmalıdır. Qeyd edək ki, radikal dini qrupların təbliğat və idarəçilik metodları çox sadə və effektivdir. İdeologiyanı mənimsəyən şəxslər digər şəxsləri də bu yola dəvət edirlər. Hər yeni cəlb olunan şəxs yeni adamlarla ünsiyyət yaradır. Əvvəl ailə üzvləri, sonra qohumlar və qonşularla müvafiq söhbətlər aparılır, zəif iradəlilər qrupun yeni üzvlərinə çevrilirlər. Beləliklə, yeni şəbəkələrin zəncirvari həlqəsi formalaşır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə deyib ki, psixoloji baxımdan insanın təbiətində başqalarından seçilmək istəyi var. "Cəmiyyət içərisində özünü təsdiq edə bilməmiş, digər insanlardan öz xüsusiyyətlərinə görə çox da fərqlənməyən insanlar, sanki həmişə özlərini axtararaq təsdiq etməyə çalışırlar. Bəzi hallarda belə adamlar məhz bu yolla – cəmiyyətdən fərqli geyim, görünüş, düşüncə, davranış tərzlərilə özlərinin təsdiqinə səy göstərirlər.
Bu kimi ideologiyaların tərəfdarlarının artmasının və güclənməsinin qarşısını almaq üçün onların təbliğat mexanizmini öyrəndikdən sonra onlara qarşı mübarizə metodlarını işləyib hazırlamaq mümkündür. Amma yetər ki, dini ictimaiyyət bu məsələdə aktivlik nümayiş etdirsin".
Dövlət Komitəsinin əməkdaşı bildirib ki, müşahidələr göstərir ki, dövlət milli və ideoloji təhlükəsizliyi baxımından ölkədəki dini radikal qüvvələrə qarşı qanunvericilik çərçivəsində bütün lazımi tədbirləri mütəmadi həyata keçirir.
Mübarizə metodlarından biri də dini radikal təmayüllərin iqtisadi dayaqlarının neytrallaşdırılmasıdır.  Çünki onların cəmiyyətdə yer tapması maddi amillərlə də bilavasitə bağlıdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib ki, dindən sui-istifadə edən bəzi xarici dairələrin ölkəmizlə bağlı arzuolunmaz maraqlarını nəzərə alsaq, Azərbaycanda dini radikalizm və ekstremizmin yayılmasına edilən cəhdlər ölkəmizin ictimai və milli təhlükəsizliyinə ciddi təhdiddir: "Bu baxımdan dünyada dini zəmində qlobal təhlükəsizlik problemlərinin getdikcə artdığını nəzərə alaraq, bəzi xarici dövlətlərin təsiri altında olan siyasi və dini dairələrin din pərdəsi altında ölkəmizin dini mühitinə müdaxilə cəhdlərinin qarşısının alınması, ən əsası, dindar kontingentin İslam dünyasında gedən mürəkkəb və təhlükəli proseslərdən sığortalanması, o cümlədən radikal dini cərəyanlara qarşı mübarizədə effektivliyin təmin olunması üçün aidiyyəti hüquq-mühafizə, icra və digər dövlət qurumları ilə birgə kompleks işlər görülür".
Komitə sədrinin müavini bildirib ki, bəzi xarici ölkələrdəki qeyri-qanuni hərbi birləşmələrə cəlb edilmiş, yaxud belə qruplara rəğbət bəsləyən, analoji pozucu fəaliyyətləri ölkə ərazisində də həyata keçirməyə cəhd göstərən şəxslər barəsində qanunvericilik çərçivəsində adekvat addımlar atılmalıdır. Bu baxımdan təhlükəsizlik orqanları tərəfindən dini ekstremizm və terrorçuluq fəaliyyətinə yönəlmiş şəxslərin müəyyənləşdirilməsi və barələrində təxirəsalınmaz əməliyyat tədbirləri keçirməklə neytrallaşdırılması qaçılmaz olur. O vurğulayıb ki, keçirilən mübarizə tədbirləri təkcə problemin nəticəsinin deyil, öncə onun yaranmasına rəvac verən səbəblərin aradan qaldırılmasına yönəldilib. "Bu baxımdan Dövlət Təhlükəsizliyi Xidmətinin son vaxtlar dini ekstremizmə qarşı keçirdiyi tədbirləri yüksək qiymətləndiririk. Belə hallarda qabaqlayıcı tədbirlər keçirmək və qətiyyətli olmaq çox vacibdir".
Onun sözlərinə görə, dini radikal təmayüllərin cəmiyyətdə özünə yer tapması ideoloji faktorlarla yanaşı, maddi amillərlə də bilavasitə bağlıdır. Bu mənada qeyri-ənənəvi cərəyanların təbliğatının geniş vüsət almasında maddi stimulların rolu danılmazdır. "Radikal cərəyan mənsublarının fəaliyyətlərinin maliyyələşdirilməsi bir tərəfdən xaricdən müxtəlif variantlarda yardım almaqla, digər tərəfdən tərəfdarlarının sahibkarlıqla məşğul olmalarına dəstək verməklə əldə olunmuş gəlir hesabına təmin edilir.
Araşdırmalar göstərir ki, radikal dini cərəyanlar sosial çətinliklərdən və psixoloji amillərdən istifadə edərək, səthi dini bilgilərə malik gənclərə dini-ideoloji baxışlarını qəbul etdirdikdən sonra özlərinə asan yolla iş tapacaqlarını, gerçək “qardaş” qayğısı ilə əhatə olunacaqlarını təbliğ etməklə onları sıralarına cəlb edirlər. Məsələn, ehtiyacı olan əqidədaşları üçün maddi yardımların toplanması və lazımi vəsaitin onlara çatdırılması üçün müxtəlif “fondlar”ın təşkilinə səylər göstərilir. Həmin “fondlar”ın formalaşdırılmasında cərəyan mənsubları öz maddi və peşə imkanlarına, bilik və bacarıqlarına uyğun olaraq iştirak edirlər. Məsələn, ehtiyacı olan ailələrin ziyarətində iştirak etməklə, yaşadığı, işlədiyi ərazidə və ya sadəcə, öz dostları arasında nümayəndə olmaqla, bir qrup dindardan sədəqələri qəbul edib “moderatora” ötürməklə, əgər həkim, usta və s. peşə sahibi kimi təcrübəsi varsa, vaxtaşırı təmənnasız olaraq öz xidmətlərini təsirlər altına düşmüş ailəyə çatdırmaqla, işə ehtiyacı olanları işlə təmin etməklə, qan donoru olmaqla, maddi yardım etməklə və s".
(ardı var) 

Xəbər xətti