Direktor müavini: “Ötən il H1N1 virusunun Azərbaycana keçməsinin qarşısı alınıb”

11:28 - 18 Yanvar 2017 - Cəmiyyət

“Ötən il Avropanın əksər ölkələrində, xüsusən həmsərhəd ərazilərdə ağır gedişli, çoxlu sayda insanın ölümünə səbəb olan A(H1N1) virusu epidemiyasının Azərbaycana keçməsinin qarşısı alınıb”.

Bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva qurumun illik hesabat toplantısında çıxışı zamanı deyib. Onun sözlərinə görə, son illər yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan genişmiqyaslı və səmərəli tədbirlər nəticəsində ölkədə dayanıqlı epidemioloji sabitlik təmin edilib: "Hər il olduğu kimi 2016-2017-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik tədbirlərin, həmçinin epidemioloji monitorinqin gücləndirilməsi istiqamətində işlər aparılıb. Virusoloji laboratoriyada aparılan müayinələr xəstələnmənin epidemioloji hədd daxilində olduğunu göstərir”.

A.Əliyeva bildirib ki, son illərdə epidemiya və pandemiyaların baş verməsi təhlükəsinin qarşısının alınması istiqamətində yoluxucu xəstəliklərin monitorinqi aktual məsələyə çevrilib: “Bununla əlaqədar, infeksion xəstəliklər üzərində Elektron Müşahidə Sistemi tətbiq olunub və sistem daima yenilənir, təkmilləşdirilir. Sistem vasitəsi ilə ölkədə qeydə alınan hər bir infeksiya hadisəsi barədə onlayn rejimində məlumat alınır, operativ tədbirlər həyata keçirilir, epidemioloji vəziyyət, o cümlədən rayon səviyyəsində təhlil edilir”.

Nazirlik rəsmisi onu da qeyd edib ki, yoluxucu xəstəliklər üzərində epidemioloji nəzarətin gücləndirilməsi məqsədilə B tipli hemofil infeksiya tərəfindən törədilən bakterial meningitlər, pnevmokok və meninqokok infeksiyaları üzərində epidemioloji nəzarət davam etdirilir.

Xəbər xətti