İslam dini əxlaqı, insanlığı, paklığı, halallığı təbliğ edir

18:37 - 13 Yanvar 2017 - KİVDF

 İslami dəyərlər milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir və biz bu dəyərləri qorumalıyıq 


"Azərbaycan dünyəvi dövlətdir və müstəqilliyinin dönməzliyini tam təmin edib. Ancaq milli-mənəvi sahədə xalqımız yeni mərhələyə qədəm qoyur. Yəni biz zamanında siyasi-iqtisadi sahədə sovet totalitar sisteminin qalıqlarını ləğv etməklə bərabər, həmin dövrdən milli-mənəvi dəyərlərimizə hopmuş olan bir sıra zərərli adətləri də aradan qaldırmalıyıq. Ona görə də bu proseslər paralel getməlidir. Milli-mənəvi dəyərlər sistemində müəyyən dəyişikliklərə zərurət yaranıb". Bunu  Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, dövlət-din münasibətləri dedikdə, biz ilk növbədə Azərbaycanda dini dəyərlərə dövlətin diqqət və qayğısını göz önünə gətiririk. "Bu gün ölkədə 2050-dən çox məscid fəaliyyət göstərir. Eyni zamanda, xristian kilsələri, yəhudi sinaqoqları, digər dinlərin ibadət yerləri də açıq şəkildə fəaliyyət göstərir. Bu gün Azərbaycanda dini zəmində hər hansı qarşıdurma ehtimalı yoxdur. Prezidentimiz cənab İlham Əliyev çıxışlarında bu məsələni xüsusilə vurğulayıb. Ümumiyyətlə, Azərbaycan dövlət-din münasibətləri baxımından sözün həqiqi mənasında nümunə olacaq ölkədir". 
Mübariz  Qurbanlı  qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutub, milli və dövlətçilik maraqlarının qorunmasını həmişə prioritet hesab edilib.  Onun sözlərinə görə, Azərbaycan xalqı çox böyük tarixi yol keçib, tariximiz çox qədimdir. "Xalqımız İslama qədər də müəyyən dini dünyagörüşünə malik olub. Biz VII əsrin ortalarından İslamı qəbul edən xalqıq. Bu gün dünyada 60-a qədər ölkədə İslam aparıcı din olaraq mövcuddur. 57 ölkə İslam Əməkdaşlıq Təşkilatında birləşir və Azərbaycan İƏT-də öz mövqeyi olan dövlətlərdən biridir. Bilirsiniz ki, Azərbaycan əhalisinin 96 faizi müsəlmandır, 4 faizi isə müxtəlif dinlərin daşıyıcısıdır. Xalqımızın dini dünyagörüşünə gəldikdə isə biz uzun illər çar Rusiyasının və Sovetlər Birliyinin tərkibində olmuşuq. Bu zaman, xüsusilə sovetlərin ideoloji dövlət olması dinə də öz təsirini göstərib. Sovet rejimi ateizmi təbliğ etdiyi üçün Azərbaycanda tarixdən gələn adət-ənənələrimizə bəzi mənfi təsirlər olub. Amma bu gün demək olar ki, əksəriyyət müsəlman adətlərini yerinə yetirir. Amma bütövlükdə götürəndə biz digər müsəlman ölkələrindən dünyəviliyimizə görə fərqlənirik. Ölkəmizdə nə qədər təbliğat aparsalar da, yad təsirlər müəyyən qədər müdaxilə etsə də, hər hansı ciddi problem yoxdur. Yad təsirlər mədəniyyətimizə, incəsənətimizə, dinimizə müdaxilədə özünü göstərir. Amma nə Qərb mədəniyyətinin mənfi çalarlarının, nə də dini xurafatın burada kökü yoxdur. Bu da cəmiyyətimizin dünyagörüşünün, intellektinin yüksək olmasının göstəricisidir". 
Mübariz  Qurbanlı bildirib ki,  din insanların inancıdır, dünyagörüşüdür, əxlaqıdır. "Əgər kimsə öz keçmişini yaxşı bilmirsə, öz milli müqəddaratını qoruya və müdafiə edə bilməz. Əgər öz dinini yaxşı bilmirsə, kənar dinlərin, dindəki mənfi cərəyanların təsiri altına düşə bilər. Ona görə də, İslamı yaxşı bilməsək, Qurani-Kərimi, Peyğəmbərimizin yolunu yaxşı bilmiriksə, təbii ki, insanın başqa təsirlər altına daha tez düşməsi istisna deyil. Məsələn, biz əgər radikal qrupların yayıldığı coğrafiyaya baxsaq, harada islami bilgilər zəifləyibsə, radikallar dini əbaya bürünərək fəallaşıblar. Onlar dini siyasiləşdirir və ondan istifadə etməyə cəhd göstərirlər. Ona görə də, İslamı olduğu kimi bilmək vacibdir. Əgər kimsə özünü müsəlman hesab edirsə, İslam dinin mahiyyətini öyrənməlidir. İslam dünyasında dindən sui-istifadə hallarına rast gəlirik və qarşıdurmaları da görürük. Müəyyən qüvvələr insanların dini biliyinin aşağı olmasından istifadə edərək onları terrora və digər neqativ yollara cəlb edirlər. Azərbaycanda insanların dini bilikləri zəif ola bilər, amma dünyəvilik, sağlam və savadlı cəmiyyət din faktorundan sui-istifadəyə imkan vermir. Amma bununla belə, insanlar din haqqında ətraflı bilgi əldə etməlidir".
Onun sözlərinə görə,  cəmiyyətdə geniş təbliğat işlərinin aparılmalıdır. " Hesab edirəm ki, dini intellektual səviyyənin yüksəlməsi üçün kütləvi informasiya vasitələrində İslam dini haqqında həqiqi bilgini insanlara çatdırmalıyıq. Hansı ölkədə bu işlər görülürsə insanların yad və zərərli təsir altına düşmə ehtimalı azalır. Azərbaycanda bu baxımdan sabitlikdir, radikalların sosial dayaqları yoxdur. Cəmiyyətin dünyəvi dünyagörüşünün yüksək olması hansısa xurafata inanmağa imkan vermir. Amma arxayınlaşmaq da olmaz".
Bu gün bu  istiqamətdə, bu yöndə maarifləndirmə işləri aparılır. "Qeyd etdiyim kimi, ölkə Prezidenti tərəfindən bununla bağlı Dövlət Komitəsinə əlavə vəsait ayrılıb. Biz bu vəsaiti dini icmalarda dini maarifləndirmə işinin gücləndirilməsi istiqamətində proqramlara yönəldirik. Hesab edirəm ki, dini maarifləndirmə sahəsində xeyli işlər görülüb. Ancaq bu, ardıcıl olaraq davam etdirilməlidir. Komitə  milli maraqlarımıza zidd olan, qeyri-ənənəvi dini cərəyanların yayılmasının qarşısını almaq üçün qabaqlayıcı amil kimi maarifləndirmə tədbirlərinə üstünlük verib. Bu məqsədlə bir sıra tədbirlər həyata keçirilib. Belə tədbirlərdən biri kimi “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda  regional konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, digər mərkəzi və yerli icra orqanları, vətəndaş cəmiyyəti institutları ilə Dövlət Komitəsinin müvafiq şöbələri sıx əməkdaşlıq edir, birgə tədbirlər təşkil olunur". Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsi imamlar, axundlar, din xadimləri üçün təkmilləşdirmə kursları təşkil edib. "Məscidlər irfan, mədəniyyət mərkəzinə çevrilməlidir, axundlar və imamlar təkcə dini yox, dünyəvi bilgilərə də malik olmalıdır. Orta əsrlərdə mütəfəkkirlərimizin əksəriyyəti məscidlərdə yetişdirilirdi. Amma sovet dövründə dindarlar yalnız yas mərasimlərini aparan insanlara bənzədilib və indi də belə düşünənlər az deyil. Bu, doğru yanaşma deyil".
Görülən işlər müsbət nəticələr verməkdədir. "Mən məscidlərə gedirəm, xütbə kitablarına baxıram və artıq yeni nəsil yetişdiyini görürəm. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin, eləcə də Bakı İslam Universitetinin tələbələrindən yüksək mütəxəssislər yetişir. Onlar yüksək biliklərə sahib din xadimləri kimi formalaşırlar. Doğrudur, hələ də xarici təsirlər var və onlar məscidlərə də girmək istəyirlər. Amma biz buna yol verməyəcəyik. Biz çalışmalıyıq ki, vətəndaşlarımız İslam dəyərlərini dərindən öyrənsin. İslam dini yalnız hicabdan, yas mərasimlərində istifadə olunan ayinlərdən ibarət deyil. İnsanlar İslam elmindən nəyisə əxz edərək həyatında tətbiq etməlidir. İslam dini əxlaqı, insanlığı, paklığı, halallığı təbliğ edir. İslami dəyərlər milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir və biz bu dəyərləri qorumalıyıq.  Bu sahədə ölkəmizdə görülən işlər nəticəsini verir. Azərbaycanın tolerantlıq  təcrübəsi dünyada yüksək qiymətləndirilir. 

Xəbər xətti