Suriya konfliktinin tənzimlənməsində Astana vasitəçiliyi

15:37 - 10 Yanvar 2017 - DÜNYA

Suriya konfliktində deyəsən uzunmüddətli fasilə sona çatmaq üzrədir. Tərəflər artıq geniş formatlı tərkibdə danışıqlar stolu arxasında oturmağa hazırdır. Bu uzun sürən və qanlı qarşıdurmanın mümkün nizamlama yollarının müzakirəsi ilə bağlı bu dəfə təkcə onun birbaşa iştirakçıları deyil, həmçinin bu konfliktə cəlb olunan tərəflər də maraqlıdırlar. Onlar isə bunun üçün neytral və əlverişli bir məkan seçiblər – Qazaxıstan paytaxtı Astananı. 

Əslində Suriya konfliktinin nizamlanması ilə əlaqədar məsələ artıq üç ildir ki, uzanır. Bu müddət ərzində müzakirələrin formatı və keçiriləcəyi yer, habelə tərkibinə görə iştirakçılar bir neçə dəfə dəyişiliblər (Lozannadakı görüş, Vena raundu və Cenevrə formatı). Üç ildən çoxdur ki, sözügedən ölkədə 400 min insan həyatını itirib və göstərilən cəhdlərə baxmayaraq, vətəndaş müharibəsinin qarşısını almaq mümkün olmayıb. Təxminən 7 milyon suriyalı öz ev-eşiyindən didərgin düşüb və qaçqın həyatı yaşamaq məcburiyyəti ilə üzləşib.
Əlbəttə, quru rəqəmlər bütün bu müharibənin acı-ağrılarını özündə əks etdirə bilməz. Övladlarını itirmiş anaların fəryadı, yetim qalan uşaqların göz yaşları və sözə sığmayan neçə-neçə belə məsələlər statistikaya sığan deyil. Suriya faciəsini anlamaq üçün bəzi şəhərlərin keçmiş fotoları ilə indikiləri yan-yana qoymaq bəs edər. Günahkarın kim olması barədə isə uzun-uzadı mübahisələr etmək olar. Məgər indi buna dəyərmi? Hazırda ən vacib suala cavab tapmaq lazımdır: “Nə etməli?”. Və görünür, konfliktə cəlb olunan tərəflər də ya birbaşa, ya da dolayısı ilə bunu başa düşürlər. 
Artıq Suriyanın rəsmi hökumət nümayəndələri və müxalifəti, habelə Rusiya, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və Qatar nümayəndələri müzakirələrdə iştirak etmək istəklərini bildiriblər. Bundan əlavə, Astanadakı görüşə ABŞ, Çin və Birləşmiş Millətlər Təşkilatı da dəstək verəcəklərini bəyan ediblər. Yeri gəlmişkən bu təşəbbüs heç də Astanadan gəlməyib. Sülh danışıqlarının məhz Qazaxıstan paytaxtında keçirilməsi barədə razılıq Türkiyə və Rusiya prezidentlərinin Nursultan Nazarbayevlə telefon danışıqlarından sonra əldə olunub. Qazaxıstan lideri onların bu təklifini müsbət cavablandırıb və görüşün baş tutması üçün bütün lazımi şəraitin yaradılacağını vəd edib. Hazırda bu məsələ adı çəkilən ölkələrin xarici işlər nazirləri səviyyəsində hazırlanır.
Niyə məhz Astana? Əslində belə seçim kimsəni təəccübləndirmir. Çünki Qazaxıstanın sülhpərvər bir ölkə olması, üstəlik bir çox məsələlərdə neytrallığını qoruya bilməsi (o cümlədən Suriya konfliktində də) bütün dünyaya bəllidir. Bu isə digər dövlətlər üçün az əhəmiyyət daşımır. Bundan başqa, Qazaxıstan dəfələrlə sülhməramlı təşəbbüslərin müəllifi kimi çıxış edib. Rəsmi Astananın Rusiya ilə Türkiyə arasında təyyarə konfliktindən sonra yaranmış gərginliyin aradan qaldırılmasında da böykü rol oynadığı yəqin ki, çoxlarının yadındadır. Qazaxıstanın belə sülhpərvər addımlarına aid digər misallar da çəkmək mümkündür. Bütün bunları nəzərə alan ekspertlər Cenevrə görüşünə nisbətən Astana dialoqunun daha ümidverici və uğurlu keçəcəyinə ümid bəsləyirlər.
Bir vacib məqama da toxunmaq yerinə düşər. Nəzərə almaq olar ki, danışıqlar üçün Astana iki dəfə şərait yaradıb. İndi isə ortada Suriya krizisinin nizamlanmasına dair maraqlı olan tərəflərin hamısının qəbul etdiyi bir sənəd var – Astana bəyannaməsi.
Hələlik bu görüşün tarixi və bəzi detalları bəlli olmasa da, Astanadan sonra çoxları Suriyadakı qanlı toqquşmaların səngiyəcəyinə ümid bəsləyir.
İstər bu, istər digər tərəflər üçün Qazaxıstan kifayət qədər nüfuzlu ölkədir və onun beynəlxalq aləmdə öz çəkisi var. Elə buna görə də dialoqun baş tutacağı, müzakirələrin konstruktiv keçəcəyi gözlənilir. Eyni zamanda bəzi ekspertlər belə hesab edirlər ki, “Astana raund”undakı söhbətlər konfliktə nöqtə qoymasa da, dönüş nöqtəsi üçün zəmin yarada bilər. “Astana bu konfliktin bitməsində böyük rol oynaya bilər, amma bu, heç də o demək deyil ki, bir görüşlə hər şey öz həllini tapacaq. Çünki münaqişənin kökləri çox dərinə gedib. Zənnimcə, bu problemə görə davamlı görüşlər keçirmək daha faydalı olardı” – deyə Qazaxıstan Elm və Təhsil Nazirliyinin Tarix İnstitutunun direktoru Burkitbay Ayaqan bildirir.
Ekspertin bu fikri ilə razılaşmamaq çətindir. O da istisna edilmir ki, Astanadakı müzakirələrin yeni formatı uğurlu ola bilər və bu halda Qazaxıstan Suriya dialoqunda gələcək danışıqlar üçün daimi məkana çevrilə bilər. Belə olarsa, digər formatlara ehtiyac da qalmaz.  

Xəbər xətti