Zorakılıq, yoxsa məhkəmə qətnaməsinin icrası?

02:02 - 10 Yanvar 2017 - ÖLKƏ İÇİ

Milli Məclisin deputatı, hüquqşünas Rafael Cəbrayılovun Quba rayonunda Nuray adlı azyaşlı uşağın xalasından alınıb atasına verilərkən icra məmurları tərəfindən zorakılığa yol verilməsi ilə bağlı sosial şəbəkələrdə geniş yayılmış görüntü və məlumatlara dair müsahibəsini təqdim edirik. 

- Rafael müəllim, son günlər sosial şəbəkələrdə yayılmış görüntülərdə azyaşlı Nurayın xalasından alınıb atasına verilməsi zamanı icra məmurları zor tətbiq edirlər.  Bu barədə nə deyə bilərsiniz? 
- Bu görüntüləri mən də sosial şəbəkələrdə izləmişəm. Əvvəlcə onu qeyd edim ki, həmin görüntülər bəzi insanların şərhlərdə yalnış olaraq göstərdikləri kimi məhkəmə prosesində çəkilmiş görüntülər olmayıb, azyaşlı Nurayın xalasından alınıb atasının himayəsinə verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra məmurları tərəfindən icra edildiyi zaman çəkilmiş görüntülərdir. Bildiyiniz kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi həmin inzibati ərazinin icra şöbəsinin icra məmurları tərəfindən mütləq şəkildə icra edilməlidir.  Əks təqdirdə qanunun aliliyi prinsipi təmin olunmaz.
- Rafael müəllim, hətta zor tətbiq etməkləmi? 
-  Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası zamanı əksər hallarda zor tətbiq edilməsi qaçılmaz olur. Məsələn, mənzildən çıxarılma,  mənzilə köçürülmə, əmlak bölgüsü, əmlakın cavabdehdən alınıb iddiaçıya verilməsi və s. çoxlu sayda hallar var ki, qanun çərçivəsində zor tətbiq edilməsi zərurəti yaranır. Amma azyaşlı uşağın bir əşya kimi xalasından zor tətbiq etməklə alınaraq atasına verilməsinə icra məmurları tərəfindən cəhd göstərməsi yolverilməzdir. Bir neçə uniforma geyinmiş icra məmurunun məhkəmə qətnaməsinin icrası zamanı əsl qarşıdurma yaratması, qarşılıqlı söyüşlərə yol verilməsi onların qeyri-peşakarlığından xəbər verir. İcra məmurları unudurlar ki, onlar dövlətin adından çıxış edərək məhkəmənin dövlətin adından çıxardığı qətnaməni icra edirlər. Onların bu hərəkətləri azyaşlı Nurayın psixoloji travma ala bilməsinə, atasına qarşı yalnış münasibətin formalaşmasına, tərbiyəsinə mənfi təsir göstərəcəyinə səbəb olmaqla icra məmurlarının qeyri-peşəkarlığını təsdiqləməklə dövlət qulluqçularının etik davranış qaydalarına da ziddir. Düşünürəm ki, dövləti təmsil  edən icra məmurlarının bu qeyri-peşakar hərəkətləri araşdırılmalı və onların barəsində lazımı tədbirlər görülməlidir  
- Azyaşlı Nurayı xalasının himayəsində saxlamaq olmazdımı?
- Xeyir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə valideynlərdən biri dünyasını dəyişəndə azyaşlı uşaq və ya uşaqlar həyatda olan valideynin himayəsinə verilir. Sözsüz ki, bu müddəa valideynlik hüququndan məhrum olunmuş şəxslərə aid edilmir. Bu müddəa dünya təcrübəsində də belədir. Məhkəmənin bu qətnaməsi azyaşlı Nurayın xalası ilə görüşməsinin qadağan edilməsi anlamına gəlməməlidir.  Nurayın atasının himayəsinə verilməsi onun saxlanması, tərbiyəsi, təhsili, layiqli vətəndaş kimi formalaşdırılması üçün mənəvi və hüquqi məsuliyyətin atasının üzərinə qoyulması deməkdir.

 

Elməddin

Xəbər xətti