İşğalçı qüvvələr Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxmalıdır

18:15 - 26 Dekabr 2016 - KİVDF

Təcavüzkar ölkə Azərbaycanın çox güclü, mobil və peşəkar orduya malik olduğunu aşkar duymalıdır


Azərbaycan üçün Dağlıq Qarabağ problemi ən çətin, ən ağrılı problemdir. Ermənistan dövlətinin və erməni millətçilərinin Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edilib və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq soydaşımız qaçqın və köçkün vəziyyətinə düşüb. Uzun illərdir ki, danışıqlar prosesi getsə də, əfsuslar olsun ki, bu günə qədər heç bir nəticə əldə edilməyib. Bunun da səbəbi Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe tutması və beynəlxalq ictimaiyyətin, o cümlədən problemin həlli ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun bu məsələdə qəti mövqeyini bildirməməsidir. Amma Azərbaycan qətiyyətli mövqeyi sayəsində danışıqlarda bəzi müsbət meyllər müşahidə olunur. Bu ona gətirib çıxarıb ki, beynəlxalq ictimaiyyət məsələyə daha ədalətli yanaşmağa başlayıb. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası Dağlıq Qavrabağ problemi ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrdə sərhədlərin toxunulmazlığı və ərazi ilhaqı məqsədilə güc tətbiq etməyin yolverilməzliyi vurğulanıb. Bütün işğalcı qüvvələrin işğal edilmiş rayonlarından dərhal çıxarılması tələb olunub. Ermənilər münaqişədə iştirak edən tərəf kimi təqdim olunub. Bu, əslində Ermənistanın bir dövlət kimi işğal prosesində fəal iştirak etməsinə açıq işarə idi. Bundan başqa, münaqişənin aradan qaldırılması istiqamətində ATƏM-in səyləri dəstəklənib. Bütün bunlar diplomatiyada üstünlüyün tədricən Azərbaycan tərəfinə keçdiyini göstərirdi. Sözügedən qətnamələrin qəbulundan sonra beynəlxalq aləmdə mövqeləri güclənən Azərbaycan ermənilərin işğalçı siyasətinin dünya miqyasında iflasına nail oldu. BMT qətnamələrinin yerinə yetirilməsi digər beynəlxalq təşkilatların Ermənistanın qarşısında irəli sürdüyü əsas tələblərdən biri oldu. Avropa Şurasında reallığı əks etdirən qətnamə qəbulu da bu səpgidəndir. Orada açıq-aydın göstərilir ki, Ermənistan Azərbaycana qarşı təcavüz edib, etnik təmizləmə siyasəti aparıb və bu siyasət nəticəsində 1 milyon azərbaycanlı qaçqın, köçkün vəziyyətinə düşüb. İndiyədək beynəlxalq təşkilatlar tərəfindən bu qədər açıq-aydın, kəskin qərar qəbul edilməyib. Artıq etiraf olunur ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti aparır və ATƏT-in bölgədə olmuş faktaraşdırıcı missiyası da bunu təsdiq edir. Eyni zamanda, işğal olunmuş torpaqlarda ermənilərin qeyri-qanuni məskunlaşdırılması faktı da öz təsdiqini tapıb. 
«Digər mötəbər beynəlxalq təşkilatlar, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, NATO və başqa təşkilatlar da oxşar qətnamələr qəbul ediblər. Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınır. Lakin onların heç biri icra edilmir, münaqişə hələ ki, öz həllini tapmır.  Bunun başlıca səbəbi isə Ermənistanın mövcud status-kvonun uzadılmasına olan marağıdır. Ancaq onlar anlamalıdır ki, status-kvo daim dəyişməz olaraq qala bilməz, mütləq dəyişdiriləcək və biz istəyirik ki bu, tezliklə olsun, sülh yolu ilə olsun. Çünki biz bölgə çərçivəsində artıq sabitləşdirici rolunu oynamağa başlamışıq və əlbəttə çalışırıq ki, bölgədə sabitlik pozulmasın. Amma digər tərəfdən, bu işğalla da barışmaq mümkün deyil. Ona görə hesab edirəm ki, münaqişənin həllinin vaxtı çatıb. Ermənistan beynəlxalq hüquq normalarına tam şəkildə riayət etməli, beynəlxalq təşkilatların qətnamələrinə tabe olmalı və işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. O təqdirdə bölgədə əsl sülh və əməkdaşlıq yarana bilər”-Azərbaycan prezidenti deyib.
Dövlət başçısının sözlərinə görə, onların (ermənilərin) məqsədi işğal edilmiş torpaqları nə qədər mümkündür öz nəzarəti altında saxlamaq və de-fakto vəziyyəti gələcəkdə de-yure vəziyyətinə çevirməkdir. Bu isə mümkünsüzdür. Azərbaycan tərəfi BMT Təhlükəsizlik Şurasının Liviya ilə bağlı qətnaməsinin dərhal yerinə yetirilməsi kimi Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qəbul olunmuş qətnamələrin də dərhal yerinə yetirilməsini istəyir. Dövlət başçısı İlham Əliyev Qəbələ rayonunda məcburi köçkünlərlə görüşü zamanı bu məqamı açıq şəkildə diqqətə çatdırdı: “Beynəlxalq hüquq normaları əlbəttə ki, böyük əhəmiyyət daşıyır. Azərbaycan müstəqil, suveren ölkə kimi istəyir ki, bütün məsələlər qanun çərçivəsində, dünyada qəbul edilmiş normalar əsasında həll olunsun. Əgər bu beynəlxalq qanun normaları pozularsa, onda demək olar ki, dünya birliyinin beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətini tənzimləyən mexanizmlər işləmir. Əgər dünyanın ən böyük, ən mötəbər təşkilatı – BMT-nin Təhlükəsizlik Şurasının, bu da BMT-nin ən vacib oraqanıdır,-Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş 4 qətnaməsi icra edilmirsə, onda hansı beynəlxalq hüquq normalarından danışmaq olar”.
Beynəlxaq hüquq normalarında, məsələn, Helsinki Yekun Aktında göstərilir ki, ərazi bütövlüyü prinsipləri xalqların öz müqəddəratını müəyyən etmək prinsipləri ilə ziddiyyət təşkil etməməlidir. BMT Nizamnaməsinin ikinci maddəsində də bu prinsiplər BMT-nin bütün üzvləri üçün məcburi normalar kimi göstərilib. 

Dövlət başçısı İlham Əliyev bildirir ki, milli özünütəyin – öz müqəddəratını təyin etmə prinsipi, hər bir xalqın beynəlxalq hüquqda təsbit olunmuş müstəsna hüququdur və Azərbaycan dövləti bu hüquqa hörmətlə yanaşır. Lakin beynəlxalq normalar müstəqil dövləti olmayan xalqların müəyyən obyektiv hüquqi şərtlər çərçivəsində öz müqəddəratını təyin etmək iddiası ilə çıxış edə bilmə imkanlarını da reqlamentləşdirir. Erməni xalqının isə müstəqil dövləti var və bu baxımdan Dağlıq Qarabağdakı separatçı rejimin belə bir iddia ilə çıxış etməsinin hüquqi-siyasi əsasları yoxdur. Dağlıq Qarabağ tarixən Azərbaycan Respublikasının inzibati tərkib hissəsi olaraq əsasən Azərbaycan və erməni millətindən olan əhaliyə malikdir. Millətin və ya xalqın ayrılmaz bir hissəsini təmsil edən əhali isə heç vəcdlə “öz müqəddəratını təyinetmə”nin hüquqi subyekti kimi çıxış edə bilməz. “Dağlıq Qarabağ erməniləri muxtariyyat çərçivəsində milli azlıq kimi yaşamağı davam etdirə bilərlər. Yaxşı məlumdur ki, Avropada və dünyanın digər hissələrində muxtar qurumlar mövcuddur. Dünyanın bir çox ölkələrində milli azlıqlar vardır. Indi təsəvvür edin ki, dünyada hər bir milli azlıq özü üçün müstəqillik tələb etsə nələr baş verər! Bu, cəfəngiyatdır. Bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi ədalətə, həqiqətə və beynəlxalq hüquq normalarına söykənir. Ermənilər vaxtaşırı beynəlxalq hüququn vacib elementi olan “millətlərin öz müqəddəratınıtəyin etmək” hüququ ilə manipulyasiya etməyə çalışırlar. Lakin bildirmək istəyirəm ki, ermənilər artıq bir millət kimi öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti vardır. Ermənilərin yaşadıqları bütün ölkələrdə “öz müqəddəratlarını təyin etməyə” başlayacaqları halda nələrin baş verəcəyini təsəvvür etmək çətin deyildir” – deyən İlham Əliyev hesab edir ki, hər bir millət öz müqəddəratını təyin etmək hüququndan yalnız bir dəfə, həmdə konkret ərazi hüdudlarında istifadə edə bilər. Ermənilər artıq bir dəfə müqəddəratlarını əzəli Azərbaycan torpaqlarında “təyin etməklə” Ermənistan Respublikasını yaradıblar. Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına heç zaman yol verilməyəcəkdir. Bununla yanaşı, Azərbaycan haqlı mövqeyini bundan sonra da müxtəlif beynəlxalq təşkilatlarda müdafiə etmək, Ermənistanın təcavüzkar siyasətinin daha qlobal miqyasda ifşasına nail olmaq, ideoloji-təbliğati sahədə psixoloji üstünlüyü ələ almaq üçün diplomatik fəaliyyətini davam etdirməli, iqtisadi və hərbi gücünü artırmalıdır. 


“Danışıqlar masasında olan təkliflər Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edəcək”

Qeyd edək ki, münaqişənin nizama salınması üçün “Praqa prosesi” çərçivəsində işlənilən və Madrid sənədinə çevrilən baza prinsipləri hazırlanıb. Hazırda danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin 2009-cu ilin dekabr ayında təklif etdiyi yenilənmiş Madrid prinsipləri əsasında aparılır. Bu prinsiplərin bəziləri üzrə müəyyən razılaşma əldə edilib. Lakin yuxarıda qeyd edildiyi kimi təcavüzkar Ermənistanın aparılan danışıqlar prosesində həmişə qeyri-konstruktiv mövqedən çıxış etməsi, bu prosesi uzatmağa çalışması yekun nəticənin əldə edilməsinə imkan vermir. Ermənistan tərəfinin Dağlıq Qarabağın üçüncü tərəf kimi iştirakının təmin olunmasını istəməsi də qarşı tərəfin qeyri-konstruktiv mövqeyindən xəbər verir. Çünki Dağlıq Qarabağ ermənilərinin müstəqil tərəf kimi danışıqlarda iştirakı məsələsi nəinki ATƏT-in Minsk qrupunun mandatına ziddir, eyni zamanda, 2008-ci ilin sonunda Moskvada imzalanmış bəyannamədə də açıq şəkildə bildirilir ki, münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində yalnız Azərbaycan və Ermənistan tərəfləri iştirak edə bilər. “Əgər Dağlıq Qarabağın erməni icması danışıqlarda iştirak etmək istəyirsə, onda onlar Dağlıq Qarabağın azərbaycanlı icması ilə danışıqlara gedə bilərlər”,-Azərbaycan Prezidenti İlham Əliyev deyib. 
Erməni tərəfinin qeyri-konstruktiv mövqeyinin kökündə əslində Ermənistanın Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması istəyi dayanır. Onların (ermənilərin) məqsədi işğal edilmiş torpaqları nə qədər mümkündür öz nəzarəti altında saxlamaq və de-fakto vəziyyəti gələcəkdə de-yure vəziyyətinə çevirməkdir. Bu isə mümkünsüzdür.  Azərbaycan dövlətinin mövqeyi əvvəlki kimi birmənalıdır. Yəni, ermənilər Dağlıq Qarabağ ətrafında işğal etdikləri əraziləri mərhələli şəkildə azad etməli, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Dövlət başçısı İlham Əliyevin apardığı danışıqlar və görüşlər də bu məqsədə xidmət edir.   
Dövlət başçısının sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü məsələləri heç vaxt danışıqlar predmeti olmamışdır və olmayacaqdır. «Dağlıq Qarabağa müstəqilliyin verilməsi, yaxud da nə vaxtsa müstəqilliyin verilməsi mümkünsüzdür. Bu, danışıqlar mövzusu deyildir və olmayacaqdır… Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Mən buna şübhə etmirəm. Biz həm iqtisadi sahədə, həm beynəlxalq aləmdə güclənirik. Hərbi potensialımız da güclənir. Azərbaycanın artıq güclü ordusu var. Bütün silahlı qüvvələr bu gün istənilən vəzifəni – ölkəmizin bütün maraqlarını müdafiə etmək üçün hazırdırlar, buna qadirdirlər. Sadəcə olaraq biz istəyirik ki, bunu qan tökülmədən, sülh, danışıqlar yolu ilə edək və hər an, hər gün biz qələbəyə yaxınlaşırıq. Gün gələcək Azərbaycan bayrağı Xankəndidə və Şuşada dalğalanacaqdır. Məndə bu barədə heç bir şübhə yoxdur »,- dövlət başçısı deyib. 
Deməli, təcavüzkar ölkə Azərbaycanın güclü iqtisadiyyata və  mobil və peşəkar orduya malik olduğunu aşkar duymalı və bu, psixoloji təsir amili aparılan danışıqların pozitiv məcrada getməsini təmin etməlidir. Dağlıq Qarabağın status məsələsinə gəlincə o, bu oegionun azərbaycanlı əhalisi oraya, o cümlədən Şuşaya qayıtdıqdan sonra müzakirə oluna bilər. “Hazırda danışıqlar masasında olan təkliflər Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edəcəkdir. Eyni zamanda, məsələ öz həllini Dağlıq Qarabağda yaşayan insanların və oraya mütləq qayıdacaq Azərbaycan vətəndaşlarının muxtariyyət, özünüidarəetmə statusunda yaşamasını təmin edə biləcək prinsiplər əsasında tapa bilər. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağa müstəqilliyin verilməsi, yaxud da nə vaxtsa müstəqilliyin verilməsi mümkünsüzdür. Bu, danışıqlar mövzusu deyildir və olmayacaqdır… Azərbaycan imitasiya, danışıqlar naminə danışıqlarda iştirak etməyəcəkdir»,- Prezident İlham Əliyev bildirib.
 Əgər danışıqlar sülh yolu ilə həll edilməsə, müharibə də istisna edilmir. İstənilən halda Azərbaycanın işğal altında olan əraziləri düşməndən azad ediləcək. Əsas məqsəd də budur.


Pünhan Əfəndiyev

Xəbər xətti