Erməni separatizmi iqtisadi, siyasi, hərbi gücündən öncə həm də dini təmələ söykənirdi

18:27 - 7 Dekabr 2016 - KİVDF

Çar Rusiyasının bütövlükdə Şimali Azərbaycanda, o cümlədən Qarabağda inzibati-siyasi, sosial-iqtisadi və mədəni inkişafı üçün geniş imkanlar yaratdığı ermənilər çox keçmədən Azərbaycan torpaqlarında "Böyük Ermənistan" ideyasının reallaşdırılması uğrunda açıq mübarizəyə başladılar. Onlar XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı ərazi iddiaları irəli sürdülər. Rusiyası kimi güclü bir arxa tapmış ermənilərə bu işdə kilsə də yaxından köməklik göstərirdi. Erməni-qriqorian kilsəsinin «Daşnaksütyun» partiyası ilə sıx əməkdaşlığı getdikcə daha çox uzlaşırdı. Kilsə zirzəmiləri partiyanın silah cəbbəxanalarına çevrilirdi. T.Sviyetoxovskinin, erməni millətçiliyinin simvolu saydığı erməni kilsəsi əslində erməniliyin bel sütunu idi.  "Böyük Ermənistan" ideyası ilə zəhərlənmiş ermənilər Qarabağ, İrəvan, Naxçıvan və digər Azərbaycan torpaqlarının yerli azərbaycanlı əhalisini məhv etmək və onların yaşadıqları torpaqları ələ keçirməyə başladılar. Ermənilər 1905-1907-ci illərdə Azərbaycanın müxtəlif bölgələrində və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törətdilər, 200 mindən artıq azərbaycanlını (uşaq, qadın, qoca) fərq qoymadan qətlə yetirməklə, həmin ərazilərdə çar Rusiyasının vəd etdiyi “Ermənistan dövləti”ni qurmaq üçün etnik təmizləmə apardılar. Lakin bu qırğınlar da erməniləri sakitləşdirmədi və Birinci Dünya müharibəsinin doğurduğu tarixi şəraitdən istifadə edərək yenidən mifik "Böyük Ermənistan" dövləti yaratmağa cəhd göstərdilər. 1915-ci ildə Osmanlı dövlətinə qarşı qaldırdıqları qiyamlarda uğursuzluğa düçar olan ermənilər, əsas qüvvələrini Cənubi Qafqazda cəmləşdirərək və çarizmin himayəsinə sığınaraq, azərbaycanlılara qarşı soyqırımlarını davam etdirməyə başladılar. Əvvəlcə çar hökumətinin devrilməsi (1917, fevral), sonra isə Rusiyada bölşeviklərin hakimiyyəti ələ alması ilə (1917, oktyabr) Zaqafqaziyada yaranan anarxiya şəraitində erməni silahlı dəstələri daşnak-bolşevik güruhu ilə birləşərək azərbaycanlılara qarşı soyqırımının yeni, daha dəhşətli dövrünü başladılar. Erməni silahlı qüvvələri tərəfindən 1917-ci ilin əvvələrindən 1918-ci ilin mart ayına qədər olan dövrdə Qarabağda 157 kənd dağıdıldı. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edildi. Nəticədə Dağlıq Qarabağda ermənlərin sayı xeyli artdı. Həmin ilin aprelində Bakıda, Şamaxıda, Qubada, Lənkəranda, Salyanda erməni daşkanların törətdikləri qətliamlar daha dəhşətli şəkildə həyata keçirildi. On minlərlə azərbaycanlı erməni vandalizminin qurbanı oldu. İrəvan ətrafında 120 kənd yandırıldı, əhalisi gülləbəran edildi. Bu zaman 40 mindən çox azərbaycanlı uşaq, qadın, kişi qətlə yetirildi. Əksər hallarda qətllər ağlagəlməz vəhşiliklə həyata keçirilib, körpələr boğulur tonqala atılırdı.


Ermənilərin ingilis havadarları

Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti İrəvan xanlığının paytaxtını ermənilərə verməklə mübahisəni bitirmək niyyətini ortaya qoysa da, ermənilər daha çox torpaq almaq iddiasında idi. İlk dövrdə Bakıdakı özbaşınalıq, müsəlman əhalinin silahsızlığı və ermənilərin illərlə bu günə təşkilatlanması öz sözünü dedi. Ancaq AXC hakimiyyətinin dərhal nizami ordu yaratması və torpaqların işğaldan azadlığı uğrunda apardığı əməliyyatlar ermənilərin havadarlarını istər-istəməz meydana çəkdi. İlk havadar Azərbaycandakı ingilis qoşunları idi: 1919-cu ilin aprelində Naxçıvan və Zəngəzurun «Ermənilərə bağışlanması» barədə ingilis qoşun komandanlığı qərar qəbul etdi. Bu qərara AXC xarici işlər nazirliyi etiraz etdi, Qafqazdakı Britaniya qoşunlarının komandanı general Koriyə məktub göndərdi. Etiraza baxmayaraq, mayın 3-də erməni silahlı birləşmələri ingilis qoşunları ilə birgə həmin ərazilərin işğalına başladı. Xan Xoyskinin Böyük Britaniyanın Tiflisdəki qoşun komandanı Tomsonla görüşməsi və məsələni aydınlaşdırma istəyinə isə general belə cavab verdi: «Naxçıvan rayonunun idarə edilməsi ermənilərə müvəqqəti verilib. Necə ki, Dağlıq Qarabağ Azərbaycana müvəqqəti verilib”.
Paris Sülh konfransında çıxış edən xarici işlər naziri Əlimərdan bəy Topçubaşov bu ədalətsiz yanaşmaya qəti etiraz etdi.


Dağlıq Qarabağa muxtar vilayət statusunun verilməsi, ermənilərin ölkəmizə qarşı gələcək ərazi iddiaları üçün bir vasitə oldu 
1920-ci ildə isə Azərbaycan və Ermənistan bolşevik Rusiyası tərəfindən işğal edilib sovetləşdirildikdən sonra da ermənilərin Cənubi Qafqazda azərbaycanlılara məxsus torpaqlara yerləşdirilməsi, onların sıxışdırılması, əsassız ərazi iddiaları, Azərbaycan ərazilərinin Ermənistana verilməsi siyasəti davam etdirildi. Torpaqların işğaldan azad olunması uğrunda Xalq Cümhuriyyətin apardığı müharibə isə yarımçıq qaldı və ermənilər indi də Rusiyaya güvənərək, torpaq iddialarını təmin etmək istəyirdilər. 1920-ci il avqustun 20-də Ermənistanla Rusiya arasında müqavilə imzalandı. Bu müqavilə ilə Ermənistanın müstəqilliyini tanıyan Rusiya Naxçıvanın Ermənistan ərazisi, Zəngəzur və Qarabağın isə mübahisəli ərazilər olduğunu qəbul etdi. Lakin Moskva bu ərazilərin də Ermənistan torpağı kimi tanınmasında maraqlı idi. Bunun üçün həm Mərkəzdən ( Moskvadan), həm də Bakıdan Nərimanova təzyiqlər vardı. Bu, onun Leninə yazdığı məktublarında da hiss olunur: “Əziz Vladimir İliç! Mənim teleqramlarımdan birində verilmiş məlumatı demək olar ki, təkrar etmək lazım gəlir. Dəhşətli vəziyyət yaranıb. Mərkəz Gürcüstan və Ermənistanın müstəqilliyini, Azərbaycanın istiqlaliyyətini tanımış, lakin eyni zamanda o, Mərkəz, Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana verir. Əgər bu ərazilər Gürcüstana verilmiş olsaydı, əfkari ümumiyyə ilə birtəhər mübarizə aparmaq olardı, lakin Ermənistana, daşnaklara vermək düzəldilməsi mümkün olmayan, pis nəticələr verə biləcək səhvdir. Vladimir İliç! Çoxmillətli əhalinin hüquq və hissləri ilə belə zarafat etmək olmaz”. 
Nəriman Nərimanov daha sonra yazirdı: “Mən qəti surətdə bildirirəm: əgər Siz də bizim dəlillərə diqqət yetirməsəniz, məcbur olacağıq ki, bizim geri çağırılmağımız barədə Mərkəz qarşısında məsələ qoyaq».  Nəriman Nərimanov bütün bunların Mərkəzdə oturmuş erməni daşnak- kommunistlərin iyrənc işi olduğunu vurğulayıb. «Mən Sizin diqqətinizi buna cəlb edirəm. Əgər qısa bir müddətdə Mərkəz daşnak-kommunistlərin bütün bu murdar hərəkətlərinə son qoymaq iqtidarında olmasa, bütün müsəlman Şərqi bizdən üz döndərəcəkdir. Mən bu barədə Sizə ciddi surətdə bildirirəm və əgər Şərq müsəlmanlarının mənafeyi həqiqətən bizə əzizdirsə, Sizin də bu məsələyə ciddi yanaşmağınızı xahiş edirəm”.

Təbii ki, Nərimanovun bu harayı Lenin qulaqlarına çatmadı. Əvəzində təzyiqlər artdı. Sonunda Nərimanov bu bəyanatı oxumalı oldu...  «Zəngəzur və Naxçıvan Ermənistana keçir, Qarabağın dağlıq hissəsinə isə öz müqəddəratını təyin etmə hüququ verilir»... Bu bəyanatdan sevinən Orcanikidzenin Moskvaya göndərdiyi teleqram tarixi məsuliyyətin Nərimanovun üzərinə qoyulması öhdəliyinin uğurla yerinə yetirilməsi təəssüratını yaradır: «Yoldaş Nərimanovun çıxışı çox səciyyəvidir. O, bizə öz bəyanatını oxudu. Zəngəzur, Naxçıvan və Qarabağ bu sözlərin məzmunundan agah olmayan rus qulağı üçün heç nə kəsb etmir. Hansısa Zəngəzur - məhsulsuz dağlar, taxılı yox, suyu yox. Orada heç nə yoxdur. Hansısa Naxçıvan - bataqlıq, malyariya və başqa heç nə. Hansısa Dağlıq Qarabağ. Nə var bu Dağlıq Qarabağda? Heç nə yoxdur. Və budur, yoldaş Nərimanov deyir: «Onları özünüzə götürün. Bu məhsulsuz torpaqları Ermənistan üçün götürün”. Bu, Nərimanovu çox çətin bir vəziyyətə düşdüyündən, daha doğrusu tək qaldığından xəbər verirdi. Müsəlman kommunistlər ona dəstək vermirdi və onlar susmağa üstünlük verirdilər. 

 

Pünhan Əfəndiyev
(ardı var)

Xəbər xətti