Erməni separatizminə gedən yol

18:08 - 6 Dekabr 2016 - KİVDF

Türkmənçay müqaviləsi XX yüzillikdəki ərazi iddialarında ermənilərin məskunlaşma prinsipinə söykənməsinin əsasını qoydu


Azərbaycan üçün Dağlıq Qarabağ problemi ən çətin, ən ağrılı problemdir. Ermənistan dövlətinin və erməni millətçilərinin Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edilib və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq soydaşımız qaçqın və köçkün vəziyyətinə düşüb. Uzun illərdir ki, danışıqlar prosesi getsə də, əfsuslar olsun ki, bu günə qədər heç bir nəticə əldə edilməyib. Bunun da səbəbi Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe tutması və beynəlxalq ictimaiyyətin, o cümlədən problemin həlli ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun bu məsələdə qəti mövqeyini bildirməməsidir. Amma Azərbaycan qətiyyətli mövqeyi sayəsində danışıqlarda bəzi müsbət meyllər müşahidə olunur. Bu ona gətirib çıxarıb ki, beynəlxalq ictimaiyyət məsələyə daha ədalətli yanaşmağa başlayıb. Birləşmiş Millətlər Təşkilatı Dağlıq Qavrabağ problemi ilə bağlı dörd qətnamə qəbul edib. Avropa Şurasında reallığı əks etdirən qətnamə qəbul edilib və orada açıq-aydın göstərilir ki, Ermənistan Azərbaycana qarşı təcavüz edib, etnik təmizləmə siyasəti aparıb və bu siyasət nəticəsində 1 milyon azərbaycanlı qaçqın, köçkün vəziyyətinə düşüb. İndiyədək beynəlxalq təşkilatlar tərəfindən bu qədər açıq-aydın, kəskin qərar qəbul edilməyib. Artıq etiraf olunur ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti aparır və ATƏT-in bölgədə olmuş faktaraşdırıcı missiyası da bunu təsdiq edir. Eyni zamanda, işğal olunmuş torpaqlarda ermənilərin qeyri-qanuni məskunlaşdırılması faktı da öz təsdiqini tapıb. 


Ermənilərin Qarabağda yerləşdirilməsi təcavüzkarlıq siyasətinin baş qaldırmasına səbəb oldu  

Ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsi ilk dəfə baş vermir. Onların Qafqazda mövcud əhaliyə çevrilməsini Rusiya imperatorları təmin edib. Hələ XVI əsrin ortalarından etibarən Şərqə doğru genişlənməyə başlayan və geostrateji maraqlar güdən Rusiya sərhədlərinə çıxdığı dövlətlərin təbəələri olan müxtəlif xalqlara dair öz siyasətini formalaşdırıb. Bu zaman o həm də “Şərq məsələsi”nin həllində, Qafqazın işğalı və digər hallarda “erməni amıli”ni nəzərdən keçirib. 
Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə erməni əhalisinin kütləvi köçürülməsinə XIX əsrin əvvəllərində, Qarabağ xanlığı Rusiyanın tərkibinə daxil olduqdan (1805) sonra başlanılıb. XIX əsrin əvvəllərində Qafqaz qoşunlarının baş komandanı P.D.Sisianov Gəncəni tutduqdan sonra, 1805-ci il 22 may 19 N-li raportunda yazırdı ki, Qarabağ özünün coğrafi mövqeyinə görə Azərbaycanın, eləcə də İranın qapısı hesab edilir, buna görə də onu itaətdə saxlamalı və burada mövqeyimizi möhkəmlətməyə daha çox cəhd göstərilməlidir. Belə bir məqsəd tezliklə həyata keçirildi. 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla general Sisianov arasında müqavilə imzalandı. Qarabağ xanlığı Rusiyanın tərkibinə daxil olan kimi P.D.Sisianov dərhal Qarabağda çarizmin mövqeyini möhkəmlətmək üçün Cənubi Qafqazın digər əyalətlərindən erməniləri bura köçürməyə başladı.1813-cü il 12 noyabrda Gülüstan kəndində birinci Rusiya-İran müharibəsinin qurtarmasını bildirən müqavilənin imzalanması prosesi sürətləndirdi. Gülüstan müqaviləsinin şərtlərinə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verildi. “Qarabağ əyalətinin təsviri”nə görə, artıq 1823-cü ildə Qarabağ əyalətində 20 min 95 ailə, o cümlədən 15 min 729 azərbaycanlı və 4 min 366 erməni ailəsi olub. 1825-1826-cı illərdə isə İrandan Qarabağa 18.000 min erməni köçürülüb.
Bu proses ikinci Rusiya-İran müharibəsindən sonra daha da sürətləndi. Gülüstan müqaviləsi İranı heç cür qane etmirdi, Qafqazının əldən çıxması onun üçün böyük itki idi. Bu səbəbdən də İran Rusiya ilə yenidən müharibəyə (1826-1828-ci illər) başladı. Müharibə Rusiyanın qələbəsi ilə başa çatdıqdan sonra  Fətəli şah 1828-ci il fevralın 10-da Türkmənçay müqaviləsini imzalanmasına razılıq vermək məcburiyyətində qaldı. Türkmənçay müqaviləsinin XV maddəsi «Azərbaycan adlanan vilayətə» ermənilərin «ailələri ilə sərbəst keçidləri üçün» təminatını rəsmiləşdirdi. Üstəlik köçürülmənin təşkili polkovnik Lazarevə tapşırıldı, ona kömək üçün «əksəriyyəti erməni mənşəli və ya bu xalqın dilini bilən» zabitlər təhkim edildi. Əlahiddə Qafqaz korpusunun komandiri general Paskeviçin 3 mart 1828-ci il raportuna görə İrəvan və Naxçıvan vilayətlərinə nisbətən Qarabağa, «bu əyalətə daha yaxın olan və daha təkidlə Qarabağ xanlığına köçürülmələrini tələb edən ailələrin köçürülməsi” nəzərdə tutuldu. Türkmənçay müqaviləsindən az sonra, 1828-ci il 26 may tarixli məlumatda göstərilir: «Artıq Qarabağda 279 və İrəvan vilayətində 948 ailə məskunlaşdırılıb. Polkovnik Lazarevin təminatına görə bu rəqəm 5000 ailədən artıq olacaqdır». Beləliklə, qıssa müddət ərzində (1828-1830) 40 mindən çox erməni İrandan Şimali Azərbaycana köçürüldü. Bu faktları şərqşünas N.N.Şavrov belə təsvir edir: “1828-1830-cu illər müharibəsi qurtarıqdan sonra biz 40 mindən çox İran və 84 min Türkiyə ermənisi köçürüb, onları demək olar ki, ermənilər yaşamayan Yelizavetpol və İrəvən quberniyalarında, Tiflis, Borçalı, Axalsixi, Axalkalaki qəzalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirdik. Onların məskunlaşması üçün 200.000 desyatindən çox xəzinə torpağı ayrıldı və onlar üçün müsəlmanlardan 2 milyon manatlıqdan çox xüsusi sahibkar torpağı satın alındı. Həmin ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsi (Qarabağın dağlıq hissəsi nəzərdə tutulur) və Göyçə gölünün sahillərində məkunlaşdırıldılar. Bunu da nəzərə almaq lazımdır ki, rəsmi olaraq köçürülən 124 min ermənidən başqa, buraya-qeyri-rəsmi köçənlərlə birlikdə onların sayı 200 min nəfərdən çoxdur” .
Bu fakt onu göstərir ki, köçürülən ermənilər, əsasən ermənilər yaşamayan və ya az erməni yaşayan ərazilərdə yerləşdirildilər. Aydın olur ki, XIX əsrin əvvəllərinə, xüsusilə Türkmənçay müqaviləsinə qədər Azərbaycanın Gəncə və İrəvan quberniyalarında ermənilərin sayı həddindən artıq az olub. Türkmənçay müqaviləsindən sonrakı iki ildə çar Rusiyanın himayədarlığı nəticəsində ermənilərə Azərbaycanın müxtəlif yerlərində, o cümlədən Qarabağın dağlıq hissəsində məskunlaşmağa nail oldular. Çarizmin ermənilərə olan bu diqqəti və himayədarlığı sonrakı illərdə də özünü göstərirdi.  Bu müqavilə XX yüzillikdəki ərazi iddialarında ermənilərin məskunlaşma prinsipinə söykənməsinin əsasını qoydu və I Pyotrun təlimatının 100 il sonrakı icraatından qaynaqlandı. I Pyotrun ən böyük arzusu mühüm strateji və ticari əhəmiyyətə malik Bosfor və Dardanel boğazlarına sahiblənmək, bunun vasitəsilə Aralıq dənizinə, habelə İranı işğal etməklə Hind okeanına çıxış əldə etmək idi. Bu məqsədə çatmaq üçün gələcəkdə ermənilərdən bölgədə Türkiyəyə və Irana qarşı istifadə nəzərdə tutulurdu. «Biz xristianlıq naminə sədaqətli erməni millətini öz himayəmizdə saxlayırıq» deyən I Pyotr 1724-cü il 10 noyabr tarixli fərmanında erməniləri «Gilan və Mazandaranda olduğu kimi, Bakı və digər uyğun yerlərdə nəinki qəbul etsinlər, hətta yaşamaq və məskunlaşmaq üçün rahat ərazilər ayırsınlar və bundan belə hər cür şəfqətdə və təhlükəsizlikdə saxlasınlar» məzmunlu göstəriş verib. Göründüyü kimi onun arzuzunun yerinə yetirilməsi üçün ilk addım atılmışdı.
 Rusiyanın himayədarlığı nəticəsində sonrakı dövrlərdə də ermənilərin Azərbaycan torpaqlarınf köçürülməsi davam etdi. Qarabağın dağlıq hissəsinə ermənilərin köçürülməsi isə bölgədə demoqrafik vəziyyətə ciddi təsir göstərdi. 1897-ci ildə əhalinin siyahıya alınması zamanı Qarabağda yaşayan 54 min 841 ailədən 29 min 350-si azərbaycanlı, 18 min 616-sı erməni ailəsi, 1916-cı ildə isə Qarabağda (xanlıq sərhədləri daxilində) əhalinin təxminən 51 faizi azərbaycanlı, 46 faizi isə erməni idi. Ermənilərin də əksəriyyəti gəlmə idi. Bunu Rus qafqazşünası N.Şavrov da təstiqləyir. O, yazırdı:  "Zaqafqaziyadakı 1,3 milyon erməninin 1 milyondan çoxu gəlmədir. Onları buraya biz köçürmüşük». Beləliklə, Çar Rusiyası İran və Osmanlı ilə sərhədləri boyu özünə bir “Xristian kəməri” yaratdı. Bu, Azərbaycanda, o cümlədən Qarabağda çarizmin mövqeyinin möhkəmləndirilməsinə, çar Rusiyasının Türkiyə və İrana qarşı müharibə apararkən “erməni amili”ndən siyasi alət kimi istifadə etməsinə xidmət etdi.  Bu siyasət eyni zamanda ermənilərin  XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin baş qaldırmasına səbəb oldu. 

Pünhan Əfəndiyev
(ardı var)

Xəbər xətti