Regionlarda insan alverinin qarşısının alınması yolları

15:07 - 6 Noyabr 2016 - Cəmiyyət

Əhalinin maarifləndirilməsi istiqamətində də tədbirlər davam etdirilməlidir


Hacıyeva Qızqayıt Rafiq qızı 26 avqust 1984-cü ildə Abşeron rayonunda anadan olub. Abşeron rayon sakini Qızqayıt Hacıyeva barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2015-ci ildə axtarış elan edilib. Barəsində həbs qətimkan tədbiri seçilən Qızqayıt Hacıyeva hazırda İnterpol kanalları ilə beynəlxalq axtarışdadır. Qızqayıt Hacıyeva Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəsmi internet səhifəsində axtarışda olan 35 nəfərdən biridir. Hazırda İnterpol kanalları ilə axtarışda olan həmin şəxslər arasında demək olar ki, ölkənin əksər regionlarından olan şəxslər var. Həmin şəxslər isə insan alverində şübhəli bilinənlərin az bir hissəsidir. Təkcə ötən il insan alveri cinayətində ittiham olunan 171 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib. Son 10 il müddətində respublikamızda insan alverinə qarşı mübarizə tədbirlərinin sərtləşdirilməsini rəsmi statistika da təsdiqləyir. 


Azərbaycan insan alverinə qarşı mübarizədə beynəlxalq təcrübəni öyrənib


Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən aldığımız məlumata görə, 2015-ci ildə 109 insan alveri faktı müəyyən edilib. Onlardan 7-si məcburi əmək, 11-i isə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə dairdir. 
Belə ki, respublika üzrə insan alveri cinayətləri ilə bağlı 2005-ci ildə 162 cinayət faktı qeydə alınmışdısa, 2015-ci ildə bu rəqəm 317-yə yüksəlib. Bu statistikanı aşağıdakı cədvəldən də görmək olar.

Azərbaycanda 2005-2015-ci illər üçün insan alveri ilə bağlı cinayətlərlə mübarizə işinin vəziyyətinə dair statistik
məlumatlar

Respublika üzrə    İllər üzrə

Respublika üzrə

İllər üzrə

2005

2006

2007

2008

2009

2010

2011

2012

2013

2014 

2015

Cinayət faktlarının cəmi

162

215

283

403

340

212

169

222

228

272

317

Cinayətlərin növü

AR CM

maddələri

 

 

 

 

 

 

 

 

 

 

 

İnsan alveri

m. 144-1

1

29

72

79

79

67

67

89

78

98

109

Məcburi əmək

m. 144-2

-

-

-

1

3

1

2

2

3

4

7

İnsan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər

m. 144-3

-

-

-

-

-

-

-

-

-

3

11

Fahişəliyə cəlb etmə

m. 243

54

57

49

116

92

62

43

45

69

76

57

Yetkinlik yaşına çatmayanı fahişəliyə cəlb etmə

m. 171

4

7

8

10

5

2

2

2

3

2

1

Uşaq pornoqrafiyasının dövriyyəsi

m. 171-1

-

-

-

-

-

-

-

-

-

-

-

Əxlaqsızlıq yuvaları saxlama

m. 244

93

112

150

180

148

73

51

75

66

82

123

Seksual xarakterli hərəkətlərə məcbur etmə

m. 151

5

5

1

10

3

2

2

4

6

5

6

İnsan orqanlarının transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmə

m. 137

-

-

-

-

1

-

1

-

-

1

-

Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma 

m. 242

5

5

3

7

9

5

1

5

3

1

3

Cinayət törətmiş şəxslər

(məhkəmə məsuliyyəti üzrə)

Cəmi:2121

153

207

300

349

289

137

97

145

124

149

171

o cümlədən insan alverçiləri

Cəmi:440

1

23

93

91

76

39

20

22

17

26

32

İnsan alveri qurbanları

Cəmi:646

1

86

101

78

91

34

29

53

56

54

63


Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində bir sıra ölkələrin təcrübələrini də öyrənir. Belə ki, Litva, Finlandiya, Macarıstan, Almaniya, Lüksemburq, Serbiya, Sloveniya, İsveç, Makedoniya, Ukrayna, San-Marino, Andorra, Niderland, İtaliya, İslandiyanın bu sahə ilə bağlı hesabatları ilə tanış olunub. Həmçinin, Türkiyə, Bolqarıstan, Serbiya, Hindistan və Qazaxıstanın  insan alverinə qarşı mübarizə sahəsində təcrübəsi nəzərdən keçirilib. Eləcə də “2012-2015-ci illərdə DİN-in beynəlxalq əməkdaşlığının İnkişaf Konsepsiyası”na əsasən İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə Almaniya, Polşa, Belçika, Avstriya, Fransa, İspaniya Krallığı, İtaliya, Niderland təcrübəsi əldə öyrənilib. 


İnsan alverçiləri zaman-zaman qurbanları tora salmaq vasitələrini dəyişir


İnsan alveri ilə bağlı çinayət işlərinin araşdırması göstərir ki, insan alverçiləri zaman-zaman qurbanları tora salmaq vasitələrini dəyişir. Hazırda insan alverçiləri daha çox işə düzəltmə firmaları, moda, nikah, turizm agentliyi, internetdə yerləşdirilən iş, təhsil, tanışlıq və nikah haqqında elanlar vasitəsi ilə insanları tora salır. Həmçinin, qəzet, küçə və televiziya elanları, tanışlar, qonşular, kurs yoldaşları, iş yerindəki həmkarlar tərəfindən edilən təkliflər, xarici agentliklər və əvvəlcədən hazırlanan adamlar tərəfindən edilən iş təklifləri insan alverçilərinin tez-tez müraciət etdikləri yollardır. İnsanları tora salmaq üçün onlar gözəl həyat haqqında əhvalatlar, bütün maliyyə problemlərinə son qoyulması ilə bağlı vədlər, yüksək həcmli əmək haqqı ilə bağlı təkliflər, karyera pilləsində yüksəlmə vədləri, hazırlanan adamların «əldə etdikləri nailiyyətlər» barədə məlumatlarlar uydururlar. Həmçinin, foto və video materiallar nümayiş etdirilir, təqdimatlar edilir. 
İnsan alverçiləri yalnız qadınları deyil, kişiləri və uşaqları da qul vəziyyətinə salır. İnsan alveri ilə məşğul olan cinayətkarlar, əsasən 19 yaşından 55 yaşınadək kişiləri əməyin istismarına cəlb edirlər. Kişilər bəzən mövsümi xaraklerli işlərlə bağlı ölkəni qısamüddətli tərk edirlər. Başqasının əməyinin istismarı bahasına gəlir əldə etmək istəyən cinayətkarlar belə insanların etibarından sui-islifədə edərək onları toplayaraq xarici ölkələrə aparır və qul vəziyyətinə salırlar. Belə insanlar uzun müddət kölə vəziyyətində çalışdıqdan sonra xəstə, yarımcan halda ölkəyə, öz ailələrinin yanına qayıdır. Bəzən belə kişilər özlərini günahkar saydıqları üçün ailələrinin yanına dönməkdən çəkinirlər.


Problemin qarşısını almaq üçün hər dövrün özünə uyğun həll variantları var


Məsələyə münasibət bildirən «Təmiz Dünya» İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın qənaətinə görə, son illər respublikamızda qeyri-hökümət təşkilatlarının fəaliyyətində yaşanan problemlər insanların maarifləndirilməsinə mane olur: “Çünki vətəndaş Cəmiyyəti institutlarının güclü olması insan alveri faktlarının aşkarlanmasına və insanların maarifləndirilməsinə yardım edir. Bu institutların fəaliyyəti insan alveri qurbanlarının və potensial qurbanların da aşkarlamasına kömək edir. Amma zamanla tələblər də dəyişir. Maarifləndirmə tədbirləri həm də insan alverinə qarşı mübarizə tədbirlərinin aparılmasını göstərir. Ola bilər ki, bundan cinayətkarlar da yararlanır. Ola bilər ki, əvvəllər pərakəndə fəaliyyət göstərən cinayətkarlar sonradan təqib olduğunu görüb xidmət göstəmirlər. O cümlədən əhalini maarifləndiririk, insanlara hansı hallarda insan alverinin qurbanı ola biləcəyini bildiririk. Onlar da bilirlər ki, hansı halda qurbana çevrilə bilər. Amma elə hallar da olur ki, insanlar özləri də bilmədən qurbana çevrilir. Məsələn bu gün sosial şəbəkələrdə aldadılmalar, insanları aldadıb qurbana çevrilmə halları olur. Bu yazışmalar isə iki şəxs arasında aparıldığından onu oxumaq və aşkarlamaq çətindir. Bu halda şəxsin hara müraciət etməsi, hansı yardım alması çətindir və bəzən stereotiplər də buna mane olur. Yəni xidmət paketi olmadan maarifləndirmə effektiv olmur. Yalnız bu halda insan alveri faktlarının qarşısını almaq olur. Məişət zorakılığı da insan alverinə şərait yaradır. Bu gün məişət zorakılığından əziyyət çəkən qadın çox rahat şəkildə insan alveri qurbanına çevrilə bilər. Odur  ki, regionlarda da QHT-in fəaliyyətini genişləndirmək lazımdır”. 
Mehriban Zeynalova deyir ki, problemin qarşısını almaq üçün hər dövrün özünə uyğun həll variantları var: “Bu gün potensial qurbanlar termini var. Həmin insanlar istənilən vaxt insan alveri qurbanına çevrilə bilərlər. Onlara hansısa çevik yardımı göstərilməsi, problemlərinin operativ həll edilməsi, regionlarda sığınacaqların və reablitasiya mərkəzlərinin olması da problemin həllinə yardımçı olardı. Digər bir önəmli məqam isə sosial iş institutunun formalaşdırılmasıdır. Bu gün qeydiyyatda olan ailələrə sosial  işçilərin təyin edilməsinin vaxtı çatıb. Bu sosial işçilər ehtiyacları qiymətləndirib vaxtında  həyacan təbili çalmalıdır. Təəssüf ki, bu sahədə boşluqlar var. Hazırda Azərbaycanda ali təhsilli sosial işçilər var. Amma təcrübəsi olan praktiki sosial işçi yoxdur. Hazırda respublikamızda insan alveri qurbanları ilə bağlı informasiya bankı yoxdur. Bu səbəbdən sığınacaqlara daxil olan şəxslərlə bağlı görülən işlərin izlənilməsi mümkün deyil. Halbuki reablitasiyada iştirak edənlərə kiçik informasiyaları verən komissiyalar olmalıdır. Amma bu da yoxdur. Bu gün QHT bu sosial qrupu aşkar edib istiqamətləndirən tərəfdir. Amma problemin bütün ağırlıqlarını QHT və ya təkcə dövlətin üzərinə atmaq düzgün deyil. Burada qarşılıqlı əməkdaşlıq çox önəmlidir”.


İnsan alveri qurbanına çevrilməmək üçün yadda saxlayın!


İnsan alveri ilə bağlı baş verən faktlar təhlil olunaraq xaricə getmək istəyənlərin qurbana çevrilməmələri üçün təhlükəsizlik planı da tərtib edilib. Tövsiyyə edilir ki, əgər xaricdə iş, təhsil və ya ailə qurmaq üçün təkliflər verilərsə, bu söz halında  həyata keçirilməməli, mütləq hər hansı bir rəsmi müqavilə əsasında yerinə yetirilməlidir. Müqavilə mütləq ana dilində olmaqla vətəndaşa aydın olan üslubda yazılmalı və xaricdə görüləcək iş haqqında ətraflı məlumat verilməlidir. Müqavilədə  mütləq hər iki tərəfin öhdəliklər aydın şəkildə  göstərilməlidir. Müəyyən firma adından xarici ölkələrdən birində iş təklif edən nümayəndənin adını, soyadını öyrənmək, ondan təmsil etdiyi firmanın verdiyi vəsiqə, etibarnamə və müqavilə tələb edilməlidir. Belə sənədlər adətən notarius tərəfindən firmanı təmsil edən  nümayəndənin adına verilir və orada  nümayəndənin məhz xarici ölkələrə işçi  toplaması haqqında bənd göstərilir. Xaricdə hər hansı bir işə düzəltmə ilə bağlı əmək, təhsil və nikah müqaviləsini bağlamazdan əvvəl bu ölkədə işləmək, təhsil almaq və ya sadəcə yaşamağın leqal və təhlükəsiz olması  barədə  miqrasiya xidməti  əməkdaşı ilə  mütləq  məsələhətləşmək lazımdır.
Əgər xarici ölkəyə işləməyə gedilirsə, viza qonaq və ya turist vizası yox əmək vizası olmalıdır. Xarici ölkələrdə Azərbaycan vətəndaşlarının iş tapmasına yalnız bu fəaliyyətə lisenziyası olan firmalar yardım edə bilər.Əgər şəxs xaricə oxumağa gedirsə, viza tələbə vizası olmalıdır. Yalnız əmək vizası ilə işləmək olar. Tələbə vizası ilə işləmək   qeyri-qanunidir. Əgər şəxs xaricə nikah məqsədi ilə gedirsə, ona nişanlı vizası  verilir. Bu viza ilə qanuni işə düzəlmək qeyri-mümkündür. 
Yadda saxlamaq lazımdır ki, yalnız təhsil alma, biznes, turist, ailə üzvləri ilə birləşmək üçün viza növləri mövcuddur və ölkəni bu viza növləri olmadan tərk etmək qanunsuzluqdur. Xaricdə olarkən Azərbaycan vətəndaşını vəd edilən işlə təmin olunmadıqda və ya başına xoşagəlməz hadisə gəldikdə dərhal "152-qaynar xətt"ə və (+994) 12-562-21-12 telefon nömrəsinə zəng edib məlumat vermək olar.
İnsan alveri faktlarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə yanaşı, region əhalisinin maarifləndirilməsi istiqamətində də tədbirlər davam etdirilməlidir. Hökumət, vətəndaş cəmiyyət institutları və media orqanları arasında qarşılıqlı əməkdaşlıq olduqda isə problemin həlli asanlaşır.

 

Yazı ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi tərəfindən icra edilən “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – IV Faza” layihəsi çərçivəsində «İnsan Alveri Qurbanlarına Dəstək» Konsorsiumunun həyata keçirdiyi «Regionda insan alveri probleminin qarşısının alınması və stereotiplərin aradan qaldırılması üçün maarifləndirmə» proqramı  çərçivəsində hazırlanıb.

Xəbər xətti