Bu dəfəki hərracda 18 əmlak özəlləşdirildi

13:14 - 15 Noyabr 2016 - Xəbər

Əmlak Məsələləri Dövlət Komitəsi ictimai nəzarət və şəffaflıq prinsiplərinin tətbiqi ilə keçirdiyi açıq hərracları davam etdirir. Növbəti dəfə 15 noyabr tarixində keçirilən belə hərracda ümumilikdə 18 əmlak özəlləşdirilib. Komitənin mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, bunun 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 2-si kiçik dövlət müəssisəsi, 3-ü səhmdar cəmiyyəti, 1-i isə nəqliyyat vasitəsi olub. Hərrac nəticəsində dövlət büdcəsinə 1,2 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin ediləcək. 
Hərracda satılmış istifadəsiz qeyri-yaşayış sahələrinin hamısı paytaxtda yerləşir. Hərracda Bakı şəhəri Nəsimi rayonunda yerləşən və start qiyməti 18 min manat olan qeyri-yaşayış sahəsi rəqabət nəticəsində 45 min manata satılıb. Paytaxtın Nərimanov rayonunda yerləşən digər qeyri-yaşayış sahəsi isə 12 min manata təklif olunduğu halda, 12 min 500 manata özəlləşdirilib. Hərracda satılmış 2 kiçik dövlət müəssisəsinin biri Bakıda, digəri isə Mingəçevirdə yerləşir.
Hərracda özəlləşdirilmiş “İmişli Pambıq” və “Neftçala Pambıq” səhmdar cəmiyyətləri ölkədə hazırda aktual olan pambıqçılıq sahəsinin inkişafı üçün perspektivli iri müəssisələrdir. Hərracda özəlləşdirilmiş digər iri müəssisə isə Olefin Elmi-Tədqiqat və İstehsalat Mərkəzi olub. Qeyd edək ki, özəlləşdirilmiş müəssisələrə investisiya qoyuluşu sayəsində bu müəssisələrin tamamilə yenidən qurulması və müasir standartlara uyğun tam fəaliyyəti təmin ediləcək.
Hərrac proseduruna əsasən qaliblərlə hərrac protokolu və alqı-satqı müqaviləsi imzalanıb. Xatırladaq ki, hərracdan sonra qanunvericiliyə uyğun olaraq bir neçə gün ərzində əmlak sahibləri mülkiyyəti təsdiq edən çıxarışlarla da təmin olunur. 
Növbəti  belə hərrac 22 noyabrda keçiriləcək və 78 dövlət müəssisə və obyekti özəlləşməyə çıxarılıb. Bu tarixdə keçiriləcək hərracla aşağıdakı linkdə tanış ola bilərsiniz:
http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=863

 

Xəbər xətti