İlham Əliyev: "Ermənilər aprel döyüşlərindən nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə kimi bir çox uğurlu əməliyyatlar olacaq"

17:08 - 12 Noyabr 2016 - Xəbər

Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaq.
Bunu noyabrın 12-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olarkən döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxışında deyib.
Dövlət başçısı qeyd edib: "Bu gün biz Lələtəpə ərazisindəyik. Hələ bir neçə ay bundan əvvəl bu ərazi işğal altında idi. Biz bu işğala son qoyduq. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilmişdir. Minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu tam nəzarət edir.
Onu da qeyd etməliyəm ki, əks-hücum əməliyyatımız əlverişsiz mövqelərdən başlamışdır. Biz yüksəklikləri, təpələri işğalçılardan azad etmişik və böyük qəhrəmanlıq göstərmişik. Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərmişdir. Biz şəhidlər verdik, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgərlərimiz, zabitlərimiz olubdur. Mən Hərbi Hospitalda yaralı əsgər və zabitlərimizlə görüş zamanı onlarda ruh yüksəkliyi gördüm. Onların bir arzusu var idi - tezliklə sağalmaq və döyüş bölgələrinə qayıtmaq".
İlham Əliyev xatırladıb: "1994-cü ilin yanvar ayında Füzuli rayonunda uğurlu əməliyyat keçirilmişdir, 22 kənd işğalçılardan azad edilmişdir. Bu, böyük tarixi qələbə idi. Aprel döyüşləri növbəti tarixi qələbədir. Dünya bir daha gördü ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bu, bizim əzəli torpağımızdır, tarixi torpağımızdır və biz bu gün hələ də işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq.
Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü Ordumuz var. Biz Ordumuzla, əsgər və zabitlərimizlə, sizinlə - bax, burada düşmənlə üz-üzə dayanan oğullarımızla fəxr edirik. Sizə eşq olsun! Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik!"trend


Xəbər xətti