Azərbaycan-Rusiya sərhədində yaranan sıxlıq müzakirə olundu

15:48 - 11 Noyabr 2016 - Xəbər

Azərbaycan-Rusiya  sərhədində  yaranan avtonəqliyyat vasitələrinin sıxlığını aradan qaldırmaq məqsədilə bu gün saat 14:00-da iki ölkənin gömrük və sərhəd xidmətləri nümayəndələri arasında sərhəddə baş tutan görüş yekunlaşıb.  
   DGK Mətbuat Xidmətindən ucnoqta.az-a verilən məlumata görə, görüşdə Azərbaycan nümayəndə heyəti  Rusiya tərəfdəki  sərhəd-keçid məntəqəsində yaranan problemin avtonəqliyyat vasitələrinin sıxlığına səbəb olduğunu və tez bir zamanda aradan qaldırılmasının vacibliyini vurğulayıb.
   Rusiya Federasiyasının gömrük və sərhəd xidmətlərinin nümayəndələri də  sərhəd-keçid məntəqəsindən avtonəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsinin təmin edilməsi üçün bütün zəruri addımların atıldığını, gün ərzində sərhəddən 150-yə qədər nəqliyyat vasitəsinin keçidini  təmin etməyə çalışdıqlarını və sıxlığın tez bir zamanda aradan qaldırılması üçün bütün imkanların səfərbər olunduğunu bildiriblər.
   Xatırladaq ki, Azərbaycan-Rusiya sərhədində yaranan problemin aradan qaldırılması üçün Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyi arasında telefon danışığı olub və qonşu ölkənin gömrük xidmətinə rəsmi müraciət ünvanlanıb.  

 

Xəbər xətti