Ana səhifə
15 Noyabr 2018

Abidələrimizin hər bir daşı tariximizin bir parçasıdır

Onların üzərində Azərbaycan tarixinə dair zəngin iri nformasiyalar var
 

Suyun altından müxtəlif vəziyyətlərdə olan səkkiz yüzədək daş çıxarılıb. Onların hündürlüyü 70 sm, eni 25-50 sm, qalınlığı12-15 sm arasındadır. Relyeflər çox zərif zövqlə, proporsiya hissinə malik olan və perspektivi nəzərə alan inşaatçı ustalar tərəfindən yerinə yetirilib. Hər bir daşı Azərbaycanın və bütün Şərqin monumental-dekorativ sənət şedevrlərinə aid etmək olar. Bundan əlavə  «Bayıl daşı»n üzərində Azərbaycan tarixinə dair zəngin irinformasiyalar var. Bunların üzərində memarların, inşaatçıların adı, Şirvanşah Fəriburzun adı və şəcərəsi, Bakı, Şamaxı və başqa şəhərlərin adları, yaxşı oxunur. Aydın olur ki, Bakı1232-1233-cü illərdə tikilib. 600 ilədək suyun altında qalmış daşlar üzərində keramika, miniatür sənətindən və metal məmulatlarından bizə tanış olan simaların relyef təsvirləri ilə yenidən qarşılaşırıq. Onlar Bakı buxtasının yerində vaxtilə qədim şəhərin olduğundan xəbər verir. Səbail şəhərindən. Nəhayət, aşağı həyətə düşürük. Aşağı həyətin ərazisində isə kompleksin 2 tikilisi - türbə və saray məscidi yerləşir. Onu digərindən iri dairəvi qapalı divarlar ayırır. Onların hər ikisi Şirvanşah Xəlilullah tərəfindən tikdirilib. Türbənin portalı bəzəyən daş medalyonda isə yalnız güzgü vasitəsi ilə oxunan bir yazı həkk olunub. Orada, “Allah, memar Məhəmməd Əli” yazılıb. Tarixçi bildirdi ki, həmin dövrlərdə memarlara tikililər üzərində öz adlarını yazmaq qadağan edilmişdi. Ona görə də sənətkar öz adını bu yolla daş medalyonda şifrləşdirmişdir. Bu isə memarın əqlinin kəskinliyini və ziddiyyətdən çıxış yolu tapma məharətini və işini layiqincə yerinə yetirdiyini göstərir. Bu yazılar 1954-cü ildə görkəmli şərqşünas alim Ə.Ə.Ələsgərzadə tərəfindən oxunub. Aşağı həyətdə türbə ilə yanaşı saray məscidi yerləşir. Kompleksin ən aşağı həyətində XV əsr saray hamamı var. Heydər Ramazanov bildirdi ki, hamam 1939-cu ildə təsadüfən aşkar olunub. Onun yaxınlığındakı ovdan isə 1954-cü ildə təmir-bərpa işləri aparılarkən ortaya çıxıb. 
Qeyd edim ki, orta əsr Azərbaycan memarlığının monumental dekorativ sənətinin möhtəşəm nümunəsi olan Saray kompleksində İtaliya şirkətləri (Arte Restauro və İL Cinacdo) tərəfindən bərpa və konservasiya işləri də görülüb. Konservasiya işləri əsasən Divanxana və Şah Məscidində aparılıb. Nəhayət Şirvanşahlar Sarayı Kompleksini tərk edib Qoşa Qala qapısı istiqamətinə gedirik. 

ANDREY MİRONOVUN YIXILDIĞI VƏ «ÇORT POBERİ» DEDİYİ YER

Kiçik Qala küçəsində bizim üçün maraq doğuran daha bir binanın yerində müasir bina tikildiyinin şahidi olduq. «Brilyant əl» filmini kino həvəskarları yaxşı tanıyır və oradakı səhnələri  xatırlayır. Həmin filmin bəzi kadrları İçərişəhərdə çəkilib. Andrey Mironovun qapısında yıxıldığı və «çort poberi» dediyi binanı axtarsanız, onu tapa bilməzsiniz. Çünki o bina sökülüb, yerində yeni bina tikilib. Bu filmlə bağlı bir haşiyə çıxmaq istəyirəm. Qardaşım uşaqları Yekaterinburqdan Bakıya gələrkən onları İçərişəhəri gəzdirməyə aparmışdım. Filmdə Andrey Mironovun yıxıldığı yeri göstərib həmin səhnənin burada çəkildiyini dedikdə təəccüb içində qaldılar. Onlar elə bilirdilər ki, «Brilyandtəl» filminin bəzi kadrları Misirdə çəkilib. Maraqlıdır ki, sonralar Yekaterinburq televiziyasında film ilə bağlı veriliş verilib və tamaşaçılardan kimin onun barəsində əlavə məlumata malik olduğu soruşulub. Aydındır ki, qardaşım uşaqları da telefonla verilişə qoşularaq bildiklərini deyib və xüsusi mükafata layiq görülüblər. Beləliklə, filmin bəzi kadrlarının Bakıda, İçərişəhərdə çəkildiyi barədə minlərlə rusiyalı tamaşaçı məlumatlandırılmış oldu. Oxuculara daha bir maraqlı məlumat da vermək istəyirəm. Məşhur sovet filmi «Amfibiyalı adam»ın də bəzi kadrları İçərişəhərdə çəkilib.
Qoşa Qala qapısı yaxınlığında isə daha bir tarixi abidəmiz məhv edilib. Bu, Bakı xan sarayıdır. 80-ci illərdə sarayın divarları dururdu. Onu bərpa etmək əvəzinə uçurmaqla tarixi keçmişimizin bir parçasını da yox etdilər. Daha doğrusu, bununla abidəmizi bizə unutdurdular. Halbuki onun hər bir daşı tariximizin bir parçası idi. Bu yaxın ərazidə VR şirkətinin, Azərbaycan Ensiklopediyasının və digər şirkətlərin müasir binaları ucaldılıb. Onlar İçərişəhərin qədim görkəmini tamamilə dəyişir. Ən məşhur memarlar yiğişsa həmin tikililərin hansı memarlıq üslubuna aid olduğunu müəyyən edə bilməzlər. Onlar İçərişəhərə yamaqdan başqa bir şey deyil. 

BABA KUHİ MƏSCİDİ İÇƏRİŞƏHƏRDƏ ÜZƏRİNDƏ TİKİLMƏ TARİXİ OLAN ƏN QƏDİM ABİDƏDİR

Eyni vəziyyətə Qız qalasına doğru gedən yolda və Qız qalasının öz ətrafında da rast gəlmək olar. Karvansaraydan keçdikdən sonra sağ tərəfdə bu cür binalar tikilib. Lakin İçərişəhərdə binalar tikilərkən çox vaxt heç bir qaydaya əməl edilməyib. Əksər halda bünövrə buldozerlə qazılıb. Aşkar olunan tarixi əşyalar məhv edilib, yeraltı yollar doldurulub. Halbuki tarixi -mədəniyyət qatları aşkar edilərkən xüsusi alətlərdən istifadə edilməli idi. Beləliklə, keçmişimizə, tariximizə ağır zərbə vurulub. Əgər orta əsrlərdə İçərişəhərdən müxtəlif istiqamətlərə yeraltı yollar var idisə, hazırda bu yollar tamamilə məhv edilib. Bunlara görə az qala İçərişəhər YUNESKO-nun Ümumdünya mədəni irsi siyahısından çıxarılacaq idi. 
Bütün bunlara baxmayaraq aparılan qazıntı işlərində çox nadir abidələr də aşkar olunur. Bunu Qız qalasının ətrafında aparılan qazıntı işləri də sübut edir. Həmin ərazidə qədim şəhərin divarları, məscid və otaqlar aşkar edilib. Bu vaxtadək Məhəmməd məscidi (Sınıqqala) Bakıda, İçərişəhərdə ən qədim yazılı memarlıq abidəsi sayılırdı. Məscidin üstündəki daş kitabədə onu tikən ustanın adı və tikilinin tarixi haqqında (1078-1079-cu illər) məlumat verilib. Qız qalası ətrafında aparılan arxeoloji tədqiqatlar müəyyən etmişdir ki, İçərişəhər ərazisində Məhəmməd məscidi qədər qədim olan başqa bir abidə də var.. Bu ərazidə 1998-ci ildə aparılan qısa müddətli arxeoloji qazıntılar 2 otağın da varlığını aşkar ediblər. Bunlardan böyük otağın döşəməsində qazıntı davam edilən zaman qərb divarının cənub-qərb küncünə yaxın hissədə üstü tağ formalı taxca içərisində yerləşdirilmiş mehrab aşkar olundu. Mehrabın üstündə iki kəlmədən ibarət qədim ərəb əlifbası ilə kufi xətli yazı var. Həmin yazını epiqrafçı alim Məşədixanım Nemət oxumuşdur. Yazının məzmunu belədir: "Hakimiyyət Allaha məxsusdur". Tədqiqatçılar müqayisəli təhlilə və xətt xüsusiyyətinə görə bu yazını VIII-IX əsrə aid edir. Məscid, onunla yanaşı tikilmiş otaqlar və sıratağlı abidə onların vahid kompleksə daxil olduğu ehtimalını yaradır. Şəhərin karvan-ticarət yolu üzərində yerləşdiyini nəzərə alıb bu ərazidə xanəgahın olduğu ehtimalını da söyləmək olar. Tarixçi-arxeoloq F.İbrahimov bu məscidin, onun tikildiyi dövrdə yaşamış görkəmli ruhani alim və din xadimi, əslən bakılı olan Baba Kuhi Bakuvinin məscidi olduğunu ehtimal edir.. Həmin ərazidən Qız qalasına doğru getmək üçün taxta körpüdən keçməli olduq. Amma bu körpü ətrafdakı tarixi abidələrlə tamlıq təşkil etmirdi. Onun daşdan və asma körpü formasında tikilməsi məncə, daha məqsədəuyğun idi.

 

Tarix
10 Noyabr 2016 [18:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin