XİN Bolqarıstan vətəndaşının adını "arzuolunmaz şəxslər" siyahısından çıxarıb

12:33 - 10 Noyabr 2016 - Xəbər

 Bolqarıstan Respublikasının vətəndaşı, “Besttechnia TM-Rodimo PAD” şirkətinin əməkdaşı və səyahətçi Valentin Dreharski məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, məktubunda V.Dreharski Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan səfər etdiyini qeyd edib. O, bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmədiyini vurğulayıb.
Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, V.Dreharski Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. V.Dreharski, həmçinin gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.
V.Dreharskinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının "arzuolunmaz şəxslər" siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Xəbər xətti