Xəbərdarlıqlara məhəl qoymayan DYP rəisi işdən çıxarıldı

17:15 - 7 Noyabr 2016 - Xəbər

Polkovnik-leytenant nazirin əmri ilə sərəncama göndərilib

Nərimanov rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi, polkovnik-leytenant Tofiq Quliyev tutduğu vəzifədən azad edilib. Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, T.Quliyev daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə sərəncama göndərilib. Hazırda Nərimanov DYPŞ-nin rəisi vəzifəsinə təyinat yoxdur.
Əldə etdiyimiz məlumata görə, Tofiq Quliyevin işdən çıxarılmasına səbəb rayon ərazisində dayanma-durma, parklanma qaydalarının tez-tez pozulması, bunun nəticəsində isə yollarda tıxac yaranmasıdır. Ona dəfələrlə xəbərdarlıq olunsa da, rəis həmin ərazilərin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin nəzarətində olduğunu bildirib və heç bir tədbir görməyib. Lakin araşdırma aparıldıqda məlum olub ki, dayanma-durma qaydalarının pozulduğu və sıxlıq yarandığı əraziyə cavabdeh birbaşa Nərimanov DYPŞ-dir. Bu səbəbdən də rəis cəzalandırılaraq işdən azad olunub.

 

Elməddin Muradlı

Xəbər xətti