Qazaxıstanın “uğurlu centlemeni”nin kədərli taleyi

11:20 - 7 Noyabr 2016 - Xəbər

Qazaxıstanın ölkədən qaçan oliqarxı Muxtar Ablyazovun qaçqın statusunu bərpa etmək cəhdləri boşa çıxdı. Böyük Britaniya sonda bundan imtina etdi. Yəni London oliqarxa konkret olaraq rədd cavabı verdi. Görünür, Böyük Britaniya artıq keçmiş SSRİ-dən “könüllü sürgün olunan” korrupsionerlərin məskəni olmaq istəmir. Bununla yanaşı, qitənin bir sıra ölkələri həmin “rol”u sanki öz üzərinə götürməyə maraq göstərirlər. Keçmiş SSRİ-dən qaçan cinayətkar oliqarxları Londonun bilavasitə himayə etməsi təzə söhbət deyil. Özü də onların bir çoxu  öz vətənlərində çox ciddi qanun pozuntularına görə ittiham olunur: vergi cinayətlərindən tutmuş ölüm işinə qədər. Məsələn, məşhur oliqarx Boris Berezovskiyə qarşı vaxtilə Moskvada bir neçə cinayət işi açılmışdı: mənimsəmə, fırıldaqçılıq, çirkli pulların yuyulması, hakimiyyəti zorla ələ keçirmə cəhdi və s. Əslində qazaxıstanlı bankir Muxtar Ablyazova da London əvvəlcə himayədarlıq göstərmişdi. Daha doğrusu, Ablyazov Dumanlı Albion ölkəsini təsadüfən seçməmişdi. O, məhz bu ölkədə baş girləyə biləcəyinə inanırdı. Halbuki oliqarx öz vətənində nə az, nə də çox – düz 6 milyard ABŞ dolları məbləğində pul talamasına görə ittiham olunurdu.
Ənənəyə görə Avropaya qaçanlar demokratiya pərdəsi arxasında gizlənməyə çalışırlar və özlərini çapıb-taladıqları ölkənin düşməni elan edirlər. Bu isə belələrinin asanlıqla siyasi qaçqın statusu alması ilə nəticələnir. Qərb Ablyazovu da məhz bu cür qəbul edib. O, 2011-ci ildə siyasi qaçqın statusu alıb və BTA bankın milliləşdirilməsindən iki il sonra Londonda məskunlaşıb. Britaniya hakimiyyəti isə əmanətçilərin 5 milyarddan çox pulunu çırpışdırmaqda suçlu sayılan eks-bankirin bu əməlinə “Qazaxıstanda müxalifətçi mövqeyi donu geyindirmiş”, nəticədə Ablyazov istədiyi statusa yiyələnmişdi. Bu status isə oliqarxın nəinki Astanada mühakimə olunmasından yayınmağa, üstəlik onun Rusiyaya təhvil verilməməsinə kömək edirdi. Çünki hələ 2010-cu ildə sözügedən ölkədə onun barəsində qiyabi olaraq həbs qərarı çıxarılmışdı.
“Qaçqınlar”a belə loyal münasibətinə baxmayaraq, London onu aldadanları sevmir. Məsələ burasındadır ki, məhkəmə araşdırması zamanı məlum olub ki, Ablyazov düz danışacağı vədinə heç də əməl etməyib və öz aktivlərinin hamısı barədə məlumat verməyib. Bu səbəbdən London Ali Məhkəməsi cənab Ablyazova yalan məlumat verərək məhkəməyə hörmətsizlik göstərdiyinə görə 22 aylıq həbs cəzası kəsməli olub. Maraqlıdır ki, elə bu əsasla oliqarxın qohumu – Sırım Şalabayev də mühakimə olunub və 18 aylıq azadlıqdan məhrum edilib.
Bütün bunlardan sonra Ablyazov 2013-cü ildə Fransada yaxalandı. Qohumu Şalabayev isə Litvada peyda oldu. Daha maraqlısı budur ki, onların hər ikisi barədə beynəlxalq axtarış ciyanət törətdikləri Astananın, Moskvanın, Kiyevin yox, məhz Londonun xahişi ilə həyata keçirilirdi. Britaniya isə bunu məhkəmə məsuliyyətindən yayınmaqla izah edirdi.
Nəhayət 2014-cü ildə Böyük Britaniya Ablyazovu qaçqın statusundan məhrum etdi. Səbəb isə fırıldaqçılıq və çirkli pulların yuyulması idi. Məhkəmə istintaqı və apellyasiya 2 il çəkdi, lakin bir nəticə hasil olmadı. Bu ilin yayında isə London Ali Məhkəməsi qəti olaraq elan etdi: Ablyazov və onun dəstəsinin üzvləri artıq siyasi qaçqın statusu daşımırlar və gələcəkdə də buna yol verilməyəcək. Ən aşağısı sözügedən ölkə ərazisində. Bununla da London qaçqın bankirlə rəftar edilməsini digər ölkələrin bilavasitə öz ixtiyarına buraxdı.
Artıq Fransa Ablyazovun Rusiya Federasiyasına təhvil verilməsinə qərar verib. Odur ki, keçmiş bankir və onun vəkilləri hazırda uğursuz da olsa, Fransa Dövlət Şurasına şikayətlər göndəməklə məşğuldurlar. Məsələnin maraqlı tərəfi budur ki, London, Paris və hətta Vaşinqton Ablyazov və onun dəstə üzvlərinin fırıldaqçı olduğunu təsdiqləyiblər. Təkcə bir faktı göstərmək kifayətdir ki, 1 yanvar 2014-cü ildən 1 iyul 2016-cı ilə kimi Muxtar Ablyazovun fırıldaqçılıq yolu ilə çırpışdırdığı 1,4 milyard dollarlıq vəsaiti BTA bank tərəfindən geri alınıb. Belə misallardan yenə gətirmək olar. İstər İngiltərədə, istərsə də ABŞ-da nəhayət Ablyazovun məhkəmə səviyyəsində fırıldaqçı olduğu etiraf olunub.
Nə qədər qəribə olsa da, Avropanın bəzi ölkələri hələ də belə “siyasi qaçqınlar”a havadarlıq etməyə maraq göstərirlər. Belə ki, 2015-ci ilin ortalarında Ablyazovun qohumu və əlaltısı Sırım Şalabayev Litvada yaxalanıb. 2016-cı ilin əvvəllərində isə ona qaçqın statusu verilib: “Özü gəlib və daimi yaşayış yerinə malikdir” . Oliqarxın digər əlaltısı Roman Solodçenko isə Avropada gizlənir. Ukrayna onun ekstradisiyasını istəsə də, hələlik bu da alınmır.
İspaniya məhkəməsinin mövqeyi də təəccüb doğurur. Ablyazovun səlahiyyətli nümayəndəsi – onun mühafizə xidmətinin keçmiş rəisi Aleksandr Pavlova həmin ölkədə siyasi qaçqın statusu verilib.
Belə çıxır ki, qərb ölkələri bu məsələdə yarışa qoşulublar: çirkli pulların yuyulmasına və beynəlxalq cinayətlərin törədilməsinə qarşı mübarizədə kim daha çox qanunları tapdalayacaq?.. Yəqin ki, fırıldaqçı oliqarxların və onların əlaltılarının oğurlanan pullarının həmin ölkələrə axıdılacağına ümid bəsləyirlər. Litva və İspaniyanın təəccüb doğuran mövqelərinə bundan artıq qiymət vermək olmaz.
Yeri gəlmişkən, İngiltərənin bu sahədə “təcrübəsi” qitənin digər ölkələrinin gec-tez belə bir addım atacağı ümidini yaradır. Axı fırıldaqçıların törətdikləri  iri həcmli cinayətlər dünyanın əksər ölkələri tərəfindən təsdiqini tapıb...


Mahir Nemətoğlu

Xəbər xətti