Regionlarda insan alveri qurbanlarının reabitasiya imkanları

11:13 - 4 Noyabr 2016 - Cəmiyyət

İnsan alverindən zərər çəkənlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə müavinət ödənilir


Ayselin cəmi 23  yaşı var. Uşaq ikən valideynləri ayrılan Aysel (ad şərtidir) bibisinin himayəsində yaşayıb. 17 yaşında insan alverçilərinin toruna düşərək fahişəliyə cəlb edilən qız sonradan bu həyatdan canını qurtara bilir. Ayseli cinsi istismara məruz qoyan insan alverçiləri həbs edilsə də, amma Aysel uzun müddət qorxu içərisində yaşayıb. Sığınacağa yerləşdirilən Aysel burada peşə təlimi kurslarına da cəlb edilib. Bu gün Aysel kimi sığınacaqlara sığınan insan alveri qurbanı və potensial qurbanların sayı heç də az deyil. 
İnsan alveri qurbanlarının sosial reabilitasiyası onların cəmiyyətə reinteqrasiyası, normal həyat tərzinə qaytarılması məqsədilə həyata keçirilir. İnsan alveri qurbanlarının sosial reabilitasiyası həyata keçirilərkən insan alveri qurbanlarının, xüsusilə uşaqların yaşı, cinsi və tələbatları, o cümlədən zəruri sığınacaq, təhsil və qayğıya olan ehtiyacları nəzərə alınır. Respublikamızda insan alveri qurbanlarının müvəqqəti yaşaması üçün 2006-cı ildə beynəlxalq standartlara uyğun müasir avadanlıqlarla təchiz edilən sığınacaq  açılıb. Sığnacağın əsas funksiyaları insan alveri qurbanlarını, ehtimal olunan qurbanları və şahidləri müdafiə etmək, onlar üçün təhlükəsiz mühit yaratmaq, qurbanlara təxirəsalınmaz tibbi, psixoloji, sosial və hüquqi yardım göstərməkdən ibarətdir. İnsan alverindən zərər çəkmiş şəxslər barəsində tətbiq olunan təhlükəsizlik tədbirləri insan alveri ilə bağlı cinayətlərə dair ibtidai araşdırma, məhkəmə baxışı, habelə məhkəmənin yekun qərarı çıxarıldıqdan sonrakı dövr də daxil olmaqla, təhlükə tam aradan qalxanadək davam etdirilir. Şəxs sığınacağa qəbul edilərkən onun yaşını dəqiq müəyyən etmək mümkün olmadıqda, lakin həmin şəxsin 18 yaşına çatmadığı ehtimal edildikdə, o, uşaq hesab edilir. Uşaqların sığınacaqda qalma müddəti 60 gündür. Sığınacaq verilmə müddəti xüsusi polis qurumunun, qəyyumluq və himayə orqanının və ya Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti ilə uzadıla bilər. Uşaqlar sığınacağa yerləşdirilərkən və burada saxlama müddəti uzadılarkən 10 yaşından böyük uşaqların məsələyə dair münasibəti öyrənilir və nəzərə alınır. Sığınacaqlarda uşaqlar bir qayda olaraq, ayrıca yerləşdirilirlər. Sığınacaqlara yerləşdirilmiş uşaqlara təhsillərini davam etdirmək, valideynləri ilə (uşağın insan alverinin qurbanı olmasına valideynlərinin səbəb olması güman edilən hallar istisna olmaqla) əlaqə və ünsiyyət saxlamaq imkanı yaradılır.


Bir ildə 51 nəfər insan alveri qurbanı sığınacağa yerləşdirilərək hər birinə zəruri yardımlar edilib


DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsidən aldığımız məlumata görə, 2015-ci il ərzində insan alveri qurbanı olaraq 63 nəfər müəyyən edilib. Onlardan 9-u mcburi əməyə, 54-ü isə cinsi istismara məruz qalıb. 2015-ci ildə insan alveri qurbanlarından 51-i sığınacağa yerləşdirilərək hər birinə zəruri yardımlar edilib və təhlükəsizliyi təmin olunub. Bütövlükdə 63 qurbana birdəfəlik müavinət verilib, 42 nəfərə Kömək Fondu tərəfindən maddi yardım göstərilib. Qurbanlardan 22 nəfəri işlə təmin edilib, 31 nəfər isə peşə kursuna göndərilib. Həyata keçirilən profilaktik tədbirlərlə 31 qurban ailəsinə qayıdıb, sosial xidmətlə əhatə olunması üçün 51 qurban qeyri-hökumət təşkilatlarına istiqamətləndirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan alveri qurbanları üçün Yardım Mərkəzi tərəfindən 56 qurbana hüquqi və psixoloji yardım, 16 qurbana Səhiyyə Nazirliyinin müəssisələrində xüsusi tibbi xidmət göstərilib. Qurbanlardan 13-ü şəxsiyyəti təsdiq edən sənədlərlə təmin olunub. Qurbanların himayəsində olan 29 azyaşlı uşaq müxtəlif təhsil proqramlarına cəlb edilib. 2 uşağın atalığı müəyyən edilərək alimentlə təmin olunmasında, 11 uşağa doğum şəhadətnaməsinin alınmasında köməklik göstərilib, 7 nəfər isə müvəqqəti sığınacağa yerləşdirilib"
İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə qanunvericiliyinə müvafiq olaraq dövlət büdcəsi və digər mənbələr hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə müavinət ödənilir. Qurbanların təkcə sosial reabilitasiyasına, o cümlədən sığınacaqda saxlanılmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə Daxili İşlər Nazirliyinin büdcəsindən ötən il 165 min manat ayrılaraq bu məbləğ tam şəkildə təyinatı üzrə istifadə olunub. 


“Zamanla insan alveri qurbanlarının sosial müdafiəsi üçün tələblər dəyişir”


Məsələyə münasibət bildirən «Təmiz Dünya» İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın qənaətinə görə, qurbanların sosial müdafiəsi ilə bağlı işlər də nəzarətdədir: “Daxili İşlər Nazirliyinin sığınacağında məskunlaşanlar reablitasiya keçdikdən sonra reinteqrasiya və peşə bacarıqlarının artırılması üçün bizim təşkilatlara yönəldilir. Həmçinin, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qurbanların peşə bacarıqlarının artırılması, işlə təminatı istiqamətində iş aparılır. Hazırda Daxili İşlər Nazirliyinin insan alveri qurbanları üçün sığınacağı var. Təhlükəli  vəziyyətdə olan şəxslər həmin sığınacağa yerləşdirilir. Şəxsin seçimindən asılı  olaraq orada yerləşmək istəməyən şəxslər qeyri-hökumət təşkilatrına istiqamətləndirilir. Qadınlar “Təmiz dünya” İctimai Birliyinə, kişilər “Azərbaycan Miqrasiya Təşkilatı” İctimai Birliyinə, uşaqlar isə Azərbaycan Uşaqlar Birliyi və Gəncədə “Təmas” təşkilatına yönləndirilir”. 
Ekspertin qənaətinə görə, zamanla insan alveri qurbanlarının sosial müdafiəsi üçün tələblər dəyişir: “Əgər biz 5 il əvvəl düşünürdüksə  ki, insan alverinə qarşı mübarizədə başlıca amil maarifləndirmə tədbirlərinin aparılmasıdır, artıq bu gün fərqli tələblər var. Artıq tam xidmət paketi olmadan mübarizə tədbirlərinin aparılması effekt verməyəcək. Zaman keçdikcə hadisələrə baxdıqda və ehtiyacları qiymətləndirdikdə yeni müdafiə imkanları da müəyyənləşdirilir. İstənilən ölkədə insan alverindən zərərçəkmiş şəxslər əgər cinayət təqibi zamanı hökumətlə əməkdaşlıq edirsə, onlar  xidmət paketini maksimal əldə edir. Məsələn, Almaniya və digər ölkələrin qanunvericiliyinə diqqət edək. Əməkdaşlıq etməyən  qurbanlar bir neçə  imkanlardan məhrum olurlar. Buna  birdəfəlik maddi yardımdan və  dövlət siginacağından bəhrələnməkdən məhrum olma da daxildir.  Qalan bütün xidmətlər mümkün olur, o cümlədən belə qurbanlar QHT sığınacağına istiqamətlənir və öz ölkəsinə qayıtmaq istədikdə Beynəlxlaq Miqrasiya Təşkilatının xətti ilə təhlükəsiz qayıdışı təmin edilir. Eləcə də, səhiyyə, psixoloji xidmətlər  şəxsə pulsuz təqdim edilir”.  


İnsan alveri qurbanları üçün bölgələrdə sosial reabilitasiya mərkəzləri yaradılacaq


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən aldığımız məlumata görə, insan alveri qurbanları üçün bölgələrdə sosial reabilitasiya mərkəzlərinin yaradılması nəzərdə tutulur: “Nazirlik aidiyyatı qurumlarla birgə insan alveri qurbanları üçün regionlarda sosial reabilitasiya, sosial xidmət və yardım mərkəzlərinin, sığınacaqların yaradılması, onlara hüquqi, tibbi, psixoloji, sosial və digər yardımların təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirəcək. Bununla yanaşı, uşaq əməyinə dair beynəlxalq konvensiyalardan, həmçinin Beynəlxalq Əmək Təşkilatının sənədlərindən irəli gələn öhdəliklərin icrası üzrə tədbirlərin gücləndirilməsi, insan alverinin qurbanı olma riskinin azaldılması məqsədi ilə sosial cəhətdən həssas ailələrin və daimi yaşayış yerindən məhrum şəxslərin yerli icra hakimiyyəti orqanları tərəfindən qeydiyyata götürülməsi və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara yönəldilməsi təmin olunacaq. İnsan alveri qurbanları üçün xüsusi müəssisələrdə (sığınacaq və yardım mərkəzləri) qurbanlara, potensial qurbanlara tibbi, psixoloji və digər yardımların göstərilməsinə məsul olan mütəxəssislərin sayının artırılması və onlara müvafiq təlimlərin keçilməsi, insan alveri qurbanlarının,  həmçinin potensial qurbanların əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsinə yönəlmiş kursların təşkili, məşğulluq probleminin həlli istiqamətində tədbirlər görüləcək.”.
DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə ünvanladığımız rəsmi sorğuya cavabda bildirilir ki, insan alveri probleminin regionlarda sosial-psixoloji aspektləri öyrənilir. Bu halı yaradan səbəblər müəyyənləşdirilir, insan alveri qurbanlarına və potensial qurbanlarına ayrılmış stasionar və ambulator tipli müəssisələrdə tibbi yardım göstərilir. Həmçinin, məşğulluq probleminin həlli, insan alveri qurbanları üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkilinə, qurbanlara hüquqi yardım göstərilməsinə və onların sosial reabilitasiyasına insan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının cəlb olunması işinin davam etdirilməsi tədbirləri həyata keçirilir. İnsan alveri qurbanlarının müdafiəsi üçün xüsusi müəssisələr yəni, qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlar və insan alveri qurbanlarına yardım mərkəzləri fəaliyyət göstərir ki, sığınacaqlarda insan alveri qurbanlarına layiqli yaşayış şəraiti yaradılır, onların təhlükəsizliyi təmin edilir, orada sığınacaq tapan şəxslərə qida və dərman preparatları verilir, təxirəsalınmaz tibbi, psixoloji, sosial və hüquqi yardımlar göstərilir. 
İnsan alveri qurbanlarına yardım mərkəzlərində isə insan alveri qurbanlarının hüquq və mənafeləri müdafiə edilir, inzibati və hüquqi prosedurlar haqqında izahatlar verilir, tibbi, psixoloji və digər zəruri yardım göstərilir, habelə insan alveri qurbanlarının sosial reabilitasiyasına kömək edilir. Cinayət təqibi orqanının müraciətinə əsasən dövlət orqanları öz səlahiyyətləri daxilində, sığınacaqlar və yardım mərkəzləri isə öz funksiyaları çərçivəsində insan alveri qurbanlarına qeyd edilən yardımları göstərirlər. Qurbanlara hüquqi yardım göstərilməsinə və onların sosial reabilitasiyasına qeyri-hökumət təşkilatları cəlb olunur”.
Son olaraq bildirək ki, reabilitasiya prosesi şəxsin öz potensialını müəyyən etməsi, özgüvənliyinin artırılması, özü özünü müdafiə mexanizmlərinin öyrənilməsi və cəmiyyətə rahat şəkildə inteqrasiya olunmasıdır. Başqa sözlə onların mikromühitdən makromühitə keçidini təmin etməkdir. Sonrakı dövrdə isə qurbanların ayaqda qalması üçün digər sosial müdafiə tədbirləri işə düşməlidir ki, sığınacaqdan çıxanlar problemlər məngənəsində sıxılıb təkrar qurbana çevrilməsin. 


Yazı ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi tərəfindən icra edilən “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – IV Faza” layihəsi çərçivəsində «İnsan Alveri Qurbanlarına Dəstək» Konsorsiumunun həyata keçirdiyi «Regionda insan alveri probleminin qarşısının alınması və stereotiplərin aradan qaldırılması üçün maarifləndirmə» proqramı  çərçivəsində hazırlanıb.

Xəbər xətti