Bakıda avtomobillərdən oğurluq edən şəxs məhkəmədə ifadə verib

12:33 - 3 Noyabr 2016 - HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Emil Miriyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report" xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamşısı çıxış edib.
E.Miriyev elan olunan ittihamlarla özünü qismən təqsirli bilib. O, maşınlardan oğurluq etdiyini etiraf edib: "Chevrolet" markalı avtomobilin pəncərəsini sındırmışam. Pulqabının içərisində pul olmadığı üçün götürmədim. Digər maşınlardan isə oğurluq etmişəm".
Qeyd edək ki, Daxili İşlər Nazirliyi, Təhlükəsiz Şəhər Xidməti, Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi, Suraxanı rayon Cinayət-Axtarış Şöbəsi, 33-cü Polis Bölməsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, ötən il oktyabrın 1-nə keçən gecə Yeni Günəşli qəsəbəsində yaşayan Esmira Cəfərovaya məxsus “Hyundai” markalı avtomobildən şüşəni sındırmaqla müşahidə kamerası, avtomobilin texniki pasportu, sürücülük və şəxsiyyət vəsiqələri oğurlamaqda, Samir Ağayevə məxsus “BMW” markalı avtomobildən, şüşəni sındırmaqla oğurluğa cəhddə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü E.Miriyev idarə etdiyi “Runna” markalı avtomobildə saxlanılıb. 
Onun idarə etdiyi avtomobilə baxış zamanı 11 qramdan artıq qurudulmuş marixuana götürülüb. 
Araşdırma zamanı müəyyən edilib ki, o, oktyabrın 29-na keçən gecə Yeni Günəşli qəsəbəsində yaşayan İlkin Yusubova məxsus “Chevrolet-Cruze”, Ramil Əliyevə məxsus “Mercedes”, Bahadur Beydiyevə məxsus “Niva”, Rafiq Kərimova məxsus “Mercedes” markalı avtomobillərdən, şüşəni sındırmaqla mobil telefon, pul, səsgücləndirici, maqnitafon və digər əşyalar oğurlayıb.
Rizvan Həsənova məxsus “Toyota-Prado” markalı avtomobildən isə, şüşəni sındırmaqla oğurluğa cəhd edib.

Xəbər xətti