İqlimşünas: “Bu gün səhərə yaxın Azərbaycan ərazisinə cənub şərq istiqamətindən hava kütlələri daxil olub”

12:29 - 3 Noyabr 2016 - ÖLKƏ İÇİ

“Bu gün səhərə yaxın Azərbaycan ərazisinə cənub şərq istiqamətindən hava kütlələri gəlib. Hazırda paytaxt ərazisində durğun küləksiz hava şəraiti müşahidə olunur”.

Bu barədə “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov deyib.

İqlimşünas bildirib ki, hazırda havanın temperaturu ötən günlərə nisbətən 2-3 dərəcə yüksəlib: “Mövcud hava şəraiti iki gün davam edə bilər”.

Onun sözlərinə görə, ötən bir neçə gündə Azərbaycanda şimal-qərb, şimal istiqamətli hava kütlələri hökm sürüb: “Bu səbəbdən də hava rütubətli, yağıntılı keçdi, temperatur da bir qədər normadan aşağı düşmüşdü. Hazırda isə hava kütlələri cənub şərq, bir qədər də yerli hava kütlələrinə tranformasiya olunub”.

Mütəxəssis qeyd edib ki, noyabr ayı Azərbaycanda adətən çox dəyişkən hava şəraiti ilə müşahidə olunur: “Ölkə ərazisinə yenidən soyuq hava kütlələrinin qayıtma ehtimalı var. Bu səbəbdən də biz deyə bilmərik ki, mövcud hava şəraiti bir neçə gün davam edəcək”.

M.Həsənovun sözlərinə görə, hazırda müşahidə olunan hava şəraiti davam etsə kənd təsərrüfatına müsbət təsir edəcək: “Çünki hazırda tarlalarımızda xeyli pambıq var. Yağmurlu hava müşahidə olunanda pambığın toplanması çətin olur. Belə hava şəraitinin heç bir mənfi təsiri yoxdur. Yağıntılı hava şəraitinin isə həm müsbət, həm də mənfi təsiri var. Mənfi təsiri pambıqçılıq və meyvəçiliyin toplanmasını çətinləşdiririr. Müsbət təsirinə gəlincə isə torpaqda məhsuldar rütubət miqdarını artırır, bu da gələcək məhsuldarlığın yüksək olması üçün indidən zəmin yaradır. Məsələn yağıntılı hava taxılçılığa çox müsbət təsir edir”.

Xəbər xətti