Qanunsuz tikililər sökülür - bəs tikilərkən göz yumanlar niyə cəzalandırılmır?

11:57 - 3 Noyabr 2016 - Cəmiyyət

Tez-tez mətbuatda qanunsuz tikililərin sökülməsi haqqında xəbərlər yer alır. Bu dəfə də Badamdar qəsəbəsində söküntü işləri başlanıb. Səbayel RİH-də yaradılmış işçi qrupu tərəfindən Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində torpaqların inventarlaşması aparılıb. 

Araşdırma zamanı müəyyən olunub ki, bu ərazidə, tikilməkdə olan su anbarlarının birbaşa yaxınlığında hektarlarla sahə müxtəlif şəxslər, işbazlar, torpaq alverçiləri tərəfindən saxta sənədlər əsasında zəbt olunub, ərazi hasarlanıb, bir çox yerlərdə qanunsuz tikinti işləri aparılıb. İşçi qrupun apardığı araşdırmaların nəticəsi olaraq RİH tərəfindən burada zəbt olunaraq hasarlanmış torpaq sahələrinin hasarlarının sökülərək ərazinin ilkin vəziyyətə gətirilməsi prosesinə başlanılıb. RİH tərəfindən bu işlərə texnika və işçi qüvvəsi cəlb olunub və bir neçə gün ərzində 3,4 ha ərazidəki hasarlar və qanunsuz tikililər sökülərək ərazi təmizlənib. Artıq 6 ha-ya yaxın yeni ərazidə qeyri-qanuni zəbt olunmuş torpaq sahələrinin təmizlənərək dövlətə qaytarılması prosesinə başlanılıb.
Burada isə xüsusi bir məqam diqqət çəkir. Hər kəsə məlumdur ki, Azərbaycan reallığında aidiyyəti qurumların rəsmi və ya qeyri-rəsmi icazəsi olmadan hər hansı tikinti aparmaq mümkün deyil. Qanun imkan vermədikdə isə bu “icazələr” korrupsiya hesabına başa gəlir. Bu tikililər qanunsuz hesab edilərək söküldükdə isə zərbə birbaşa olaraq vətəndaşa dəyir. Bu istiqamətdə milyonlarla manat pul mənimsəyən, saxta sənədlər, qanunsuz icazələr verən icra və bələdiyyə nümayəndələri isə məsuliyyətə cəlb olunmur.
Bəs bu məsələ qanunvericilikdə necə tənzimlənir? “yeni müsavat”ın sualını cavablandıran hüquqşünas Müzəffər Baxış bildirdi ki, qanunvericiliyə görə, daşınmaz əmlak dövlət reyestrində qeydiyyatdan keçməyibsə, həm Torpaq Məcəlləsinə görə, həm də “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanuna görə, dövlət həmin əmlakların hüquqi müdafiəsinə təminat vermir: “Birmənalı olaraq, qanunun tələbi bundan ibarətdir ki, kimsə daşınmaz əmlak əldə edibsə, mütləq həmin daşınmaz əmlak dövlət reyestrində qeydiyyatdan keçməlidir və ondan sonra mülkiyyət hüququ əldə edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1 maddəsi ilə  təsbit olunub ki, daşınmaz əmlakla bağlı hüququn yaranması üçün həmin əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi təmin olunmalıdır”. 
Bu məsələdə Azərbaycan reallığına da toxunan Müzəffər Baxış bildirdi ki, torpaqların qanunsuz olaraq zəbt edilməsində birbaşa müvafiq dövlət qurumlarının əli var və bu heç kimə sirr deyil: “Amma sizin qoyduğunuz məsələ də tam həqiqətdir ki, Azərbaycanda, xüsusilə Bakı şəhərində torpağın qiyməti çox yuxarı olduğundan, bir kvadratmetr torpaq sahəsini də müvafiq dövlət idarələrinin razılığı olmadan zəbt etmək, orada hər hansı tikili  tikmək qeyri-mümkündür. Bu məsələ yerli icra hakimiyyətlərinin və bələdiyyələrin ciddi nəzarətindədir. Çox təəssüflər olsun ki, istər icra nümayəndələri, istərsə də bələdiyyə üzvləri bu torpaq sahələrindən əldə olunan gəlirdən şəxsi mənafelərini təmin etdikdən sonra insanların həmin ərazidə tikinti aparmasına göz yumurlar və o ərazilərdə tikinti həyata keçirilir. Bu cür kampaniyalar olanda isə həmin tikililər sökülür və onlara bildirirlər ki, sizin tikiliniz Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçmədiyinə görə sizə heç bir kompensasiya ödənilməyəcək. Ancaq təcrübədə, Avropa İnsan Haqları Məhkəməsində belə insanların kompensasiyalarının ödənilməsi ilə bağlı dövlətin üzərinə məsuliyyət qoyulub. Avropa Konvensiyasının tələblərinə görə, əgər dövlət orqanları bu tikilinin qarşısını vaxtında almayıblarsa, deməli, onların buna razılığı olub. Ona görə də belə hallarla bağlı daşınmaz əmlakı sökülən şəxslər Azərbaycanda məhkəmə proseslərini başa vurduqdan sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət  etsələr, kompensasiya almaqla bağlı hüquqlarını təmin etməyə nail ola bilərlər”.
Tikintiyə qanunsuz olaraq icazə verən vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsinə gəlincə, hüquqşünas Azərbaycan reallığında bunun asan məsələ  olmadığını bildirdi: “O da doğru sualdır ki, nəyə görə bu tikiliyə icazə verən şəxslər cinayət məsuliyyətinə cəlb olunmur. Konkret bu kazusdan çıxış etsək, həmin insanlar evlərini sökən şəxslərə müraciət etsinlər ki, yerli icra hakimiyyətinin başçısı buna icazə verib. Televiziyada da bildirdilər ki, bu torpaqlar köhnə icra hakimiyyəti başçısının vaxtında satılıb. Həmin köhnə icra başçısı isə indi də başqa bir böyük rayonunun, Nəsimi rayonunun icra hakimiyyətinin başçısıdır. 
O insanlar prokurorluq orqanlarına müraciət etsinlər ki, biz həmin icra başçısının vaxtında ona pul vermişik və o həmin torpaq sahəsini bizə satıb. Bəs hüquq-mühafizə orqanları həmin icra başçıları haqqında cinayət işi başlayacaqlarmı? Yox. Heç zaman başlamayacaqlar. Deyəcəklər ki,  cinayət işinin başlaması üçün heç bir hüquqi əsas yoxdur və bu işi rədd edəcəklər. 
İnsanların hüquqlarının pozulmasının əsas səbəblərindən biri də odur ki, hüquq-mühafizə orqanları və digər dövlət orqanları insanların qanuni hüquqlarının müdafiəsini həyata keçirmir. Əksinə, rüşvətxorluq və korrupsiya ilə məşğul olan vəzifəli şəxsləri qoruyur. Ancaq hüquq-mühafizə orqanları bu insanları cəzalandırmalıdır ki, digər icra başçıları qanunsuz torpaq satışı ilə məşğul olmasınlar. Bu, Azərbaycan reallığıdır və məsələ bununla bağlıdır”.

Xəbər xətti