Gənclər Təşkilatları Milli Şurasının üzv təşkilatları beynəlxalq tədbirdə təmsil olunub

13:54 - 2 Noyabr 2016 - Xəbər

Rusiyanın Sankt-Peterburq şəhərində Gənclər Təşkilatları Milli Şurasının üzvü olan “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin icraçı direktoru Ələkbər Mustafayev və Azərbaycan Skautlar Assosiasiyasının nümayəndəsi İzzət Nuraliyev MDB ölkələrinin  Parlamentlərarası Gənclər Assambleyasının sessiyasında iştirak edib. 
Sessiya zamanı beynəlxalq gənclər əməkdaşlığının prioritetləri, gənclərin hüquqlarının qorunması, onların inkişafı və təşəbbüslərinin dəstəklənməsi, dövlət idarəçiliyində gənclərin iştirakı ilə bağlı beynəlxalq təcrübələr kimi mövzular müzakirə edilib. Həmçinin, tədbir çərçivəsində MDB ölkələri gənclərinin gələcəyə baxışı, onların inteqrasiyası və gələcək inkişaf perspektivləri haqqında söhbət açılıb. Görüşdə MDB ölkələri Gənclər Parlamentinin fəaliyyətinin idarə edilməsi və inkişafı üzrə təkliflər konsepsiyası ətrafında danışıqlar gedib. Daha sonra tədbirdə dövlətlərin elektron demokratiya mexanizmlərinin inkişafı üzrə işçi qrupunun yaradılması və 2017-ci il üzrə yeni fəaliyyət planı müzakirə olunub.
Məlumat üçün qeyd edək ki, ölkənin vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür. 

 

Xəbər xətti