Gömrükçülər soyuq silahların ölkəyə gətirilməsinin qarşısını alıb

10:32 - 2 Noyabr 2016 - Xəbər

Azərbaycan gömrük orqanları qaçaqmalçılıq hallarına, eləcə də mülki dövriyyəsi qadağan edilən soyuq silahların respublikamıza gətirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirir. Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, son günlər Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən bu kimi bir neçə fakt aşkarlanıb.
Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının baqajına rentgen aparatı ilə baxış zamanı monitorda bıçağa bənzər predmetin təsviri görünüb. Gömrük əməkdaşlarının həmin baqajı təkrar yoxlaması nəticəsində vətəndaşın çamadanından 1 ədəd tünd qəhvəyi rəngli gövdəsi olan süngü-bıçaq aşkar edilib.
Moskva-Gəncə aviareysi ilə gələn digər Azərbaycan vətəndaşının baqajına rentgen aparatı ilə baxış zamanı isə monitorda “beşbarmağ”a oxşar əşyanın təsviri görünüb. Gömrük əməkdaşları həmin baqaja təkrar yoxlama keçirərkən vətəndaşın çantasından 1 ədəd gümüşü rəngli metaldan hazırlanmış “beşbarmaq” aşkar olunub.
Frankfurt-Bakı aviareysi ilə gələn daha bir Azərbaycan vətəndaşının baqajına rentgen aparatı ilə baxış keçirildikdə isə monitorda dəyənək təsviri əks olunub. Gömrük əməkdaşları həmin baqajı təkrar yoxladıqda vətəndaşın çamadanından 1 ədəd qara rəngli metaldan hazırlanmış dəyənək aşkar edilərək götürülüb.
Bütün faktlarla bağlı araşdırma aparılır.


Xəbər xətti