Ağqoyunlu dövləti ilə Türkiyə arasında dərin ticarət ziddiyyətləri vardı

18:13 - 1 Noyabr 2016 - KİVDF

Bu, Ağqoyunlu dövlətinin Qərb dövlətləri ilə, o cümlədən Venesiya ilə diplomatik əlaqələrinin başlıca səbəbi idi


Bursa Azərbaycan ipəyi ilə Qərbi Avropadan gətirilən yun malların mübadilə edildiyi beynəlxalq ticarət mərkəzi idi. Təbrizdən gələn hər karvan Bursaya orta hesabla 200 tay ipək gətirirdi. Şirvan ipəyi də Bursa ticarətində mühüm yer tuturdu. 1467- ci ildə Şamaxıdan təkcə Əbdürrəhim adlı bir tacir Bursaya 220 min axça dəyərində 4400 tay ipək gətirmişdi. Bursada və başqa Türkiyə bazarlarında xam ipəyə olan tələbat getdikcə artırdı. Bu, XV əsrin II yarısında Venesiya və başqa İtaliya şəhərlərində toxuculuğun sürətli inkişafı ilə əlaqədar idi. Venesiya respublikası öz toxuculuq manufakturalarının xam ipəyə olan tələbini əsasən Bursadan və Hələbdən aparılan Azərbaycan ipəyi vasitəsilə ödəyirdi. Ağqoyunlu dövlətindən gətirilən ipəyə tələbatın artması bir də Bursada və İstanbulun özündə toxuculuq müəssisələrinin inkişafa başlaması ilə əlaqədar idi. Aralıq dənizinin şərqində möhkəmlənmək üstündə Venesiya ilə müharibəyə başlayan II Mehmed, əslində Avropa-Şərq ticarətində özü vasitəçilik etmək istəyirdi. O, müxtəlif yollarla avropalıların Şərqdə ticarətinə mane olur, Osmanlı Türkiyəsində toxuculuq sənayesinin inkişafına ciddi fikir verirdi. Sultan, Türkiyəni Şərqdən alınan xam ipəyi toxuyaraq avropalılara hazır şəkildə satan bir ölkəyə çevirmək istəyirdi. Bu məqsədlə o, cürbəcür məhdudlaşdırıcı tədbirlərlə Azərbaycandan gətirilən xam ipəyin Türkiyədən xaricə aparılmasına mane olurdu. Azərbaycandan gətirilən ipək əlverişsiz şərtlərlə Osmanlı tacirlərinə satılmalı idi. Ağqoyunluların Türkiyə ərazisi vasitəsilə Qərblə ticarət etməyə məcbur olduqlarını yaxşı bilən II Mehmed onlardan çoxlu gömrük aldırtdırırdı. Azərbaycandan Bursaya gedən ipək karvanlarından iki yerdə - Toqqatda və Bursada gömrük alınırdı. II Mehmedin qanunlarına görə, xam ipək və ipək parçadan hər 100 axçaya 2 axça hesabı ilə gömrük alınırdı. Bursada, ümumiyyətlə, ticarət gömrüyündən əldə edilən 3 mln. axçadan 2 mln.-u ipəkdən alınırdı. Bursa gömrüyündən Osmanlı dövlətinin əldə etdiyi mənfəəti aşağıdakı rəqəmlər daha aydın göstərir: 1460-cı ildə 180.000 axça, 1492-ci ildə 661.000 axça, 1494-cü ildə isə 5.500.000 axça. Bu rəqəmlər, həmçinin Trabzonun süqutu ilə Qara dəniz ticarətindən məhrum olan Ağqoyunlu tacirlərinin Bursaya daha çox axışdığını da sübut edir. Beləliklə, Ağqoyunlu dövləti ilə Türkiyə arasında dərin ticarət ziddiyyətləri vardı. Osmanlı Türkiyəsinin iqtisadi siyasəti nəticə etibarilə Ağqoyunlu dövlətinin süqutuna səbəb ola bilərdi. Ağqoyunlu dövlətinin Qərb dövlətləri ilə, o cümlədən Venesiya ilə diplomatik əlaqələrinin başlıca səbəbi də budur. Uzun Həsənin 1472-ci ildə Türkiyəyə qarşı müharibəyə başlaması da başlıca olaraq, bununla izah olunmalıdır. Siyasi səbəblər. Ağqoyunlu dövlətinin Avropa ölkələri ilə diplomatik əlaqələrinin siyasi səbəbləri yuxarıda göstərdiyimiz iqtisadi səbəblərdən doğurdu. Məsələ burasında idi ki, Sultan II Mehmed Şərqdən gələn ipək karvanlarından gömrük almaqla kifayətlənmirdi. O, 1453-cü ildə Qara dənizin açarları olan Bosfor və Dardanel boğazlarını ələ keçirdikdən sonra Avropada olduğu kimi, Asiyada da geniş fəthlərə başlamışdı. Sultan bu zaman Ön Asiyada mövcud olan bütün xırda dövlətləri, o cümlədən Qaraman, İsfəndiyaroğulları, Alaiyyə, Zülqədəroğulları bəyliklərini, habelə Şimali Anadoludakı Genuya koloniyalarını, Trabzon və Ağqoyunlu dövlətlərini aradan qaldırmaq, Anadolu yarımadasını öz hakimiyyəti altında birləşdirmək istəyirdi. O, Şərqlə ticarətdə üstünlüyü ələ almaq, həmçinin Türkiyədə inkişaf edən ipəkçilik sənayesini daim xammalla təmin etmək üçün Osmanlı iqtisadiyyatının şah damarı olan Təbriz-Toqqat-Bursa ipək yolunu tamamilə ələ keçirmək istəyirdi. İnalcik Xəlil belə bir nəticəyə gəlir ki, Bursanı Yaxın və Orta Şərqin ən böyük ticarət mərkəzi ilə - Təbrizlə birləşdirən bu ipək yolu Şərqə doğru Osmanlı fəthlərini istiqamətləndirən əsas amil idi. Türkiyə sultanı dövrünün başlıca xam ipək mənbəyi olan Azərbaycanı, habelə bütün Cənubi Qafqazı fəth etmək niyyətində idi. Belə olduqda, o, Təbrizdən və Ərəb Şərqindən Bursaya, Trabzon və İstanbula gələn bütün ticarət yollarında təkbaşına hökmranlıq edə bilərdi.
Sultan II Mehmedin Trabzon yunan dövlətini aradan qaldırması Ağqoyunlu - Osmanlı ziddiyyətlərini kəskinləşdirdi. Bu dövlət IV Səlib müharibəsi (1202-1204) zamanı Bizansın səlibçilər tərəfindən dağıdılması nəticəsində yaranmışdı. Trabzon şəhəri Avropa-Asiya ticarətində vasitəçilik edir, bundan 700 min dukat gəlir götürürdü. Əvvəlcə genuyalılar, sonra isə venesiyalılar Trabzonda böyük ticarət imtiyazları ələ keçirmişdilər. Trabzonun Ağqoyunlular üçün də böyük ticarət əhəmiyyəti vardı. Bu şəhər Ağqoyunlu tacirlərindən ötrü Qara dənizə yeganə çıxış yolu idi. Ağqoyunlular burada müxtəlif Şərq malları almağa gələn Avropa tacirlərilə görüşür, Trabzon ticarətindən böyük gəlir götürür, bu şəhər vasitəsilə Krımdakı ticarət mərkəzləri ilə əlaqə saxlayırdılar. Ağqoyunlular hələ Azərbaycanda hakimiyyətə gəlməzdən çox əvvəl - paytaxtı Diyarbəkr olan kiçik dövlət ikən Trabzonla dostluq əlaqəsi yaratmışdılar. Trabzon dövləti Osmanlı Türkiyəsinə qarşı Ağqoyunluların müttəfiqi idi. Öz müstəqilliyini qorumaq iqtidarında olmayan Trabzon imperatorları hələ XIV əsrin ortalarından Ağqoyunlularla dostluq etməyə başlamışdılar. Ağqoyunlu şahzadələri, bir qayda olaraq, Trabzon imperatorlarının qızlarına evlənirdirlər. Ağqoyunlu Tur Əli bəyin oğlu Qutlu bəy və Bayandurlar sülaləsinin banisi Qara Yuluq Osman bəy Trabzon sarayı ilə qohum idilər. Bayandurlar sülaləsinin ən görkəmli nümayəndəsi Uzun Həsən isə Trabzon imperatoru IV İoannın qızı Teodoranı (Feodoranı) almışdı. Trabzon imperatorları, həm də Ağqoyunlu-Avropa diplomatik əlaqələrində vasitəçilik edirdilər. XV əsrin II yarısında şərqə doğru Osmanlı fəthlərinin güclənməsi ilə Ağqoyunlu-Trabzon münasibətləri daha da möhkəmləndi. Digər tərəfdən Qərb dövlətləri Trabzonu və onun araçılığı ilə bir sıra Şərq ölkələrini Türkiyəyə qarşı danışıqlara cəlb etməyə başladılar. Roma papaları Trabzonda II Mehmedə qarşı hərbi ittifaq təşkil etmək üçün danışıqlar aparırdılar. Papanın planına görə, bu ittifaqın başçısı Uzun Həsən olmalı idi. 1458- ci il Ağqoyunlu-Trabzon-Papa ittifaqına gürcü knyazları da qoşuldular. Trabzonla Qaraman əmirliyi arasında da müttəfiqlik münasibətləri vardı. Papa elçisi Boloniyalı Lüdoviq Trabzon imperatoru, Ağqoyunlu Uzun Həsən, Qaramanlı İbrahim bəy və İsfəndiyaroğlu İsmayıl bəylə danışıqlar apardıqdan sonra 1460-cı ildə "Şərq ölkələrini təmsil edən" bir elçi heyəti ilə Romaya yola düşdü. Bu elçi heyətinə Uzun Həsən, Trabzon imperatoru və gürcü knyazlarının nümayəndələri daxil idilər. Lakin çox keçmədən papa II Piyin acizliyini görən Şərq elçiləri Romanı tərk etdilər. II Mehmed Trabzonu tutmaq və beləliklə, özünün başlıca rəqibi olan Ağqoyunlu dövlətini Qara dənizə çıxış yolundan məhrum etmək, onun Qərblə əlaqələrini kəsmək üçün bəhanə axtarırdı. Nəhayət, bəhanə ələ düşdü. Məsələ burasında idi ki, Trabzon imperatorluğu hələ 1453-cü ildən Osmanlı sultanlarına ildə 2000 dukat bac verirdilər. İmperator David həmin bacı ləğv etdirmək üçün Uzun Həsəndən İstanbula bir elçi heyəti göndərməsini xahiş etdi. 1459-cu ildə Murad bəyin başçılığı ilə Ağqoyunlu elçiləri İstanbula gəldilər. Onlar Trabzonun Osmanlılara verdiyi bacın ləğv olunmasını tələb etdilər. II Mehmed bu tələbi rədd etdi. İstanbuldan mənfi cavab alan Uzun Həsən Trabzon yaxınlığında mühüm strateji məntəqə olan Qoyluhisarı geri almaq üçün dəfələrlə təşəbbüs göstərdisə də, səmərəsiz qaldı. Qoyluhisar toqquşmalarından xəbər tutan II Mehmed Trabzon istiqamətində hücuma keçdi. Mahmud paşanın başçılığı ilə Qara dənizlə şərqə doğru böyük bir donanma da irəliləyirdi. Osmanlı sultanı bu donanmanın köməyi ilə Genuya ticarət məntəqəsi olan Amasranı, İsfəndiyaroğulları bəyliyinə məxsus Sinopu və Kastomonini tutdu. Sonra isə o, Qoyluhisarı Ağqoyunluların əlindən aldı. Qoyluhisardan sonra II Mehmed Trabzona hücum zamanı arxadan təhlükəsizliyini təmin etmək üçün əvvəlcə Ağqoyunlu dövlətini aradan qaldırmaq qərarına gəldi. Osmanlı qoşunları Ağqoyunlu sərhədini keçib sürətlə Ərzincana tərəf yürüş etdi. 

Yaqub Mahmudov
AMEA-nın müxbir üzvü,
Əməkdar Elm Xadimi, Dövlət Mükafatı laureatı 

(ardı var)

Xəbər xətti