Aqrar Universitetin tələbələri xırdabuynuzlu heyvanlarda taun xəstəliyinin müayinəsinə cəlb edilib

15:05 - 31 Oktyabr 2016 - Xəbər

Respublika Baytarlıq Laboratoriyası (RBL) ölkədə xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyi təhlükəsinin olub-olmaması ilə bağlı müayinələr aparıb. Müayinələr  Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində yaradılmış serumbankdakı nümunələr əsasında həyata keçirilib. DBNX-nin mətbuat xidmətindən verilən məlumata görə, Serumbank respublika üzrə  53 rayonun 265 kəndindən və 193 qışlağından müasir epidemiologiyanın tələblərinə uğun olaraq “EPİİNFO-7” proqramına əsasən təsadüfi seçim üsulu ilə iri və xırdabuynuzlu heyvanlardan toplanmış 92300 ədəd qan nümunələrindən ayrılmış serumlardan ibarət olub.  Nümunələr mənfi 20 dərəcə temperaturda 5 il müddətində saxlanıla bilər.
Qonşu ölkələrdə xırdabuynuzlu heyvanlar arasında taun (PPR) xəstəliyinin qeydə alınması ilə əlaqədar, əsasən sərhəd rayonlarını əhatə edən 27 rayonun kənd və qışlaqlarına aid 5520 ədəd nümunələr götürülərək ELİSA testi ilə müayinə edilməsi üçün RBL-na gətirilib. Layihə tərəfindən  müayinələrin aparılması üçün laboratoriyalar tələb olunan bütün ləvazimat və reagentlərlə təmin edilmişdir.
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankının əməkdaşlığı ilə yaradılmış serumbank ölkədə iri və xırdabuynuzlu heyvanlarında bir sıra xəstəlik risklərini araşdırmağın mümkünlüyünü təsdiqləyir. Müasir üsulla həyata keçirilən müayinələri mənimsəmək məqsədilə Azərbaycan Dövlət Aqrar Universitetinin iki qrupdan ibarət 8 nəfər tələbəsi də cəlb olunub. Müayinələrin davam etdiyi 2 həftə ərzində  tələbələrin Bakı şəhərində səfər xərcləri Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi tərəfindən təmin edilib.
Müayinə edilən nümunələrin heç birində taun xəstəliyinin törədicisi aşkar edilməmişdir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, hazırda taun xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün lazımi tədbir davam etdirilir.

 

Xəbər xətti