Azərbaycan və Almaniya gömrük xidmətləri arasında əlaqələrin gələcək perspektivləri müzakirə edilib

14:55 - 31 Oktyabr 2016 - Xəbər

 Oktyabrın 31-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabı qəbul edib.
   DGK Mətbuat Xidmətindən ucnoqta.az-a verilən məlumata görə, qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ilk olaraq diplomatı yeni təyinatı münasibətilə təbrik etmiş, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
  Azərbaycan  ilə Almaniya arasında uzun tarixə malik olan ikitərəfli əlaqələrdən məmnunluqla söhbət açan DGK sədri bu əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulamış, istər siyasi, iqtisadi, istərsə də mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirmiş, əməkdaşlıq sferasının bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib.
  Azərbaycanla Almaniya arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayan DGK sədri A.Əliyev hələ 2007-ci ildə Almaniya Federativ Respublikası Gömrük İdarəsinin  nümayəndə heyətinin Azərbaycana səfərini məmnunluqla xatırlayıb, bu səfərin, eləcə də o zaman imzalanan sənədin iki ölkənin müvafiq qurumlarının qarşılıqlı əməkdaşlığında yeni bir səhifə olduğunu bildirib, ümumilikdə bu sahədə prespektivlərdən danışmış, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib. 
Azərbaycan Gömrük Xidməti tərəfindən kadr potensialının gücləndirilməsi işinə xüsusi önəm verildiyini diqqətə çatdıran DGK sədri A.Əliyev Almaniyanın dünyaca məşhur təhsil ocağı olan Münster Universiteti ilə mövcud əməkdaşlıq əlaqələrindən də bəhs etmiş, Azərbaycanda keçirilmiş Ümumdünya Gömrük Təşkilatının 10-cu illik PICARD  konfransında, eləcə də “Gənclərin Dialoqu - Beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi yolu ilə potensialın artırılması” mövzusunda Beynəlxalq Tələbə Konfransında  bu ali təhsil müəssisəsinin nümayəndələrinin iştirakını münasibətlərin daha da genişləndirilməsinə verilən önəmli töhfə kimi dəyərləndirib.
  İstər büdcə gəlirlərinin formalaşmasında, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan danışan Komitə sədri son zamanlar aparılan islahatlar barəsində qonağı ətraflı məlumatlandırıb, 2016-cı ilin sonuna iki ay qalmasına baxmayaraq, gömrük orqanları tərəfindən büdcə proqnozunun yerinə yetirildiyini qeyd etmiş, cari ilin müvafiq dövrü ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, xüsusilə 1100 kq-dan artıq  narkotik vasitə - heroinin  aşkarlandığını, Almaniyanın “Smith Heimann” şirkətinin istehsalı olan avadanlıqların bu faktların aşkarlanmasında çox böyük faydası olduğunu bildirib.
  Səmimi qəbula görə təşəkkürünü bildirən Almaniya Federativ Respublikasının fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab Azərbaycanda səfir kimi fəaliyyət göstərməsindən şərəf duyduğunu, ölkəmizlə tanışlığın onda xoş təəssüratlar yaratdığını ifadə edib. Ölkələrimiz arasında əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən səfir iqtisadi sferada münasibətlərin daha da genişləndirilməsinin vacibliyini önə çəkmiş, bunun üçün geniş imkanların mövcud olduğunu bildirib, ölkəmizdə gömrük sferasında aparılan islahatlardan razılıqla söhbət açıb.
   Almaniya Federativ Respublikası ilə Azərbaycan Respublikası arasında gömrük müstəvisində əməkdaşlıq əlaqələrinə nəzər salan Mixael Kindsqrab iki ölkənin aidiyyəti qurumlarının birgə əməkdaşlığının daha da dərinləşməsi və intensivləşdirilməsi ilə bağlı proseslərdə yaxından iştirak  edəcəyini diqqətə çatdırıb.
   Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Xəbər xətti