Millət vəkilindən “Məktəbəqədər təhsil haqqında” qanuna dair maraqlı təkliflər

16:47 - 28 Oktyabr 2016 - Cəmiyyət

Millət vəkili Elmira Axundova parlamenitdə “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı maraqlı təkliflər səsləndirib. O bildirib ki, məktəbəqədər təhsil təhsil sistemində vacib həlqədir: «Onun hədəfi məktəbəqədər yaş dövründəki uşaqlarda məktəbdəki gələcək tədris üçün vərdiş, bacarıq və əxlaqi normalar formalaşdırmaqdır. Hal-hazırda məktəb proqramları ilbəil çətinləşir, bir çox məktəblər, xüsusən liseylər şagirdləri müsabiqə, test imtahanları əsasında seçirlər. Buna görə altı yaşlı uşaqlardan təkcə oxumaq və yazmaq yox, həm də məntiqi düşünmək, özünü kollektivdə düzgün aparmaq, lazımi sosial təcrübə və məişət bacarıqlarına malik olmaq tələb olunur. Əlbəttə, bunu ailədə öyrətmək də olar, amma bir çox valideynlər uşaqları məktəbəqədər müəssisələrə göndərməyi üstün tuturlar. Bu məktəblər isə ölkəmizdə, xüsusən kənd yerlərində kəskin dərəcədə çatışmır. Bu yaxınlarda Masallı rayonunun Gəyəçöl kəndində məktəbəqədər təhsil hüququ olan uşaq bağçası açıldı. Ora 40-50 uşaq qəbul olundu, halbuki qonşu kəndlərdən 200 uşaq növbədə dayanıb. Digər yerlərdə də eyni vəziyyətdir. Qeyd etmək lazımdır ki, məktəbəqədər təhsil sahəsində çox işlər görülür: dövlət bağçaları tikilir və ya təmir olunur, özəl uşaq bağçaları və məktəbəqədər müəssisələr, valideyn himayəsindən məhrum olmuş yetim və əlil uşaqlar üçün ixtisaslaşmış evlər və internatlar istifadəyə verilir. Bu istiqamətdə Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyeva böyük işlər görür. Lakin fikrimcə, məktəbəqədər müəssisələrin sayının artırılması və ən əsası cəmiyyətin bütün təbəqələrinə əlçatan olması üçün Təhsil Nazirliyi bu sahəyə daha çox diqqət ayırmalıdır.

Bu gün müzakirə olunan “Məktəbəqədər təhsil haqqında” Qanun heç şübhəsiz buna xidmət edəcək. Mən bu qanunu ümumilikdə məmnunluq hissi ilə qarşılayıram, bunun üçün işçi qrupuna təşəkkürümü bildirirəm. Hesab edirəm ki, layihə ölkədəki reallıq və Təhsil haqqında Qanuna uyğun olaraq savadlı şəkildə hazırlanıb. “Məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri”, “Məktəbəqədər təhsil sahəsində dövlətin vəzifələri”, “Məktəbəqədər təhsil müəssisələrinin növləri” bölmələri və bir sıra başqa maddələr çox geniş və əhatəli işlənilib, bir çox suallara ətraflı cavab verilib.
Qanunun “tədris dili” adlanan bölməsi mənim üçün daha çox dəyərlidir. Orada qeyd olunur ki, məktəbəqədər müəssisələrdə əsas tədris dili Azərbaycan dilidir, digər dillərdə tədris isə o halda aparıla bilər ki, uşaqlara azərbaycan dili və azərbaycan dilində ünsiyyət bacarıqları öyrədilsin.
Qanunda belə yazılır: «Uşaqlara dövlət dili – Azərbaycan dilinin öyrədilməsi və Azərbaycan dilində ünsiyyət bacarıqlarını inkişaf etdirmək şərti ilə məktəbəqədər təhsil digər dillərdə aparıla bilər”. Bu mühüm əlavədir, bizdə hələ də çox sayda rusdilli məktəbəqədər təhsil müəssisəsi var ki, azərbaycan dilinin öyrədilməsinə arzu etdiyimiz qədər vaxt ayrılmır. Halbuki, uşaqlara dövlət dilinin öyrədilməsi dilləri qavrama bacarığının yüksək olduğu kiçik yaşlardan başlanmalıdır. 
Qanunun müsbət tərəflərindən biri də odur ki, məktəbəqədər təhsil müəssisələrinin növündən asılı olmayaraq “müvafiq icra hakimiyyəti orqanları” bir il ərzində uşaqların “pulsuz tibbi müayinədən keçməsini və müalicə-profilaktika tədbirlərinin aparılmasını” təmin etməlidirlər.
Yuxarıda qeyd etdiyim müsbət tərəflərlə yanaşı bir sıra təkliflərimi də səsləndirmək istərdim.
Məncə qanunda məktəbəqədər təhsil müəssisələrinin yaradılması, yenidən təşkili və ləğvi prinsipləri, yəni onların kim tərəfindən və hansı qaydada yaradılması, bu və ya digər məktəbəqədər müəssisənin yenidən təşkilinin və ya ləğvinin necə baş verməsi,  bu barədə kimin qərar qəbul etməsi, ləğv edildikdə və ya bağlandıqda əmlakın, binaların, torpağın kimə keçməsi və digər məsələlər əks olunmalıdır. Hansı hallarda bu müəssisələrin mülkiyyət forması dəyişə bilər, məsələn, dövlətdən bələdiyyəyə. Bu məqamlar bazar iqtisadiyyatı şəraitində vacibdir.
Bundan əlavə üçüncü bölmənin “Məktəbəqədər təhsil müəssisəsinin idarə olunması” adlanan 14-cü maddəsini genişləndirmək lazımdır. İcra hakimiyyəti və bələdiyyələrin məktəbəqədər təhsil sistemindəki səlahiyyətləri haqqında bəndləri ora əlavə etmək lazımdır.
Bir sualım da məktəbəqədər müəssisələrin təsisçiləri ilə bağlıdır. 11-ci maddədə qeyd olunur ki, «Məktəbəqədər təhsil müəssisəsinin təsisçisi dövlət, bələdiyyələr, AR-nın hüquqi şəxsləri və vətəndaşları ola bilərlər”. Deməli xarici vətəndaşlar, ya da xarici hüquqi şəxslər məktəbəqədər təhsil müəssisəsini Azərbaycanda təsis edə bilməzlər. Maddə 22-də isə yazılır ki, “dövlət məktəbəqədər təhsil müəssisələrinin innovasiya və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə yerli və xarici investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradır”. 11-ci və 22-ci maddələr bir qədər ziddiyət təşkil edir. Fikrimcə, əgər  biz məktəbəqədər tədris prosesinə xarici investisiyanı  cəlb etmək istəyiriksə, Azərbaycanda akkreditasiya olunmuş xarici şirkət və ya hüquqi şəxslərə imkan verməliyik ki, özlərinin məktəbəqədər müəsssələrini açsınlar. Onlar bizim vətəndaşlarla birgə həmtəsisçi ola  və birgə müəssisə aça da bilərlər, əlbəttə ki, dövlətin nəzarəti altında.
Və nəhayət, sonuncu: Mən başa düşə bilmirəm ki, dövlət məktəbəqədər təhsil müəssisələri hansı növ sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. (maddə 22). Uşaqları qəbul edərək onlara ödənişli əsaslarla tədris keçsək, bu mümkün olar. Bu hal isə dövlət məktəbəqədər təhsil müəssisələrin mahiyyətinə ziddir. Mənə elə gəlir ki, 22-ci maddədə “innovasiya fəaliyyətini” saxlamaq, sahibkarlıq fəaliyyəti ilə bağlı hissəni çıxartmaq lazımdır. Çünki sahibkarllıq fəaliyyətinin cəlb olunması və qazanc ardınca getmək dövlət məktəbəqədər təhsil müəssisələrində pulsuz yerlərin sayını kəskin şəkildə azalda bilər və əhalinin sosial baxımdan müdafiəsiz hissəsinə böyük zərbə olar. Bizdə pulsuz uşaq bağçaları onsuz da kəskin azalıb, hətta dövlət məktəbəqədər təhsil müəssislərində valideynlərdən ayda 50-60 manat  pul alırlar. Mənim fikrimcə dövlət məktəbəqədər təhsil müəssislərində sahibkarlıq fəaliyyətinə imkan verilməsi məqsədəuyğun deyil.
Düşünürəm ki, həmkarlarımın fikirlərini nəzərə almaq şərtilə qanun layihəsini ilk oxunuşda qəbul etmək olar".
 

 

Elmin

Xəbər xətti