BNA: "2000-dən çox avtobusa GPS qoşulacaq"

13:16 - 25 Oktyabr 2016 - ÖLKƏ İÇİ

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslara dair tələblər müəyyən edib. Sözügedən tələblərin mərhələli qaydada yerinə yetirilməsi ilə bağlı müntəzəm sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslər qarşısında məsələ qaldırılır və onların yerinə yetirilməsi təmin edilir. 

BNA-nın ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarovanın verdiyi məlumata görə, daşıyıcılar qarşısında qoyulan növbəti tələb müntəzəm sərnişindaşımada istifadə edilən avtobusların Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu ilə təchiz edilməsi ilə bağlıdır.
GPS izləmə cihazlarının quraşdırılması BNA-nı qarşısında qoyulan tapşırıqların icrasının təmin edilməsi, həmçinin avtobuslarla müntəzəm sərnişindaşımalarında keyfiyyətin, səmərəliliyin, o cümlədən yol hərəkətinin təhlükəsizliyinin artırılması istiqamətində görüləcək işlərin  sürətləndirilməsi baxımından məqsədəuyğun hesab edilir. Belə ki, bu avadanlıqlar vasitəsi ilə avtobusların real vaxt rejimində hərəkət istiqamətləri, kəskin sürətlənmə, tormozlama, sürət həddini aşması və digər pozuntuların qeydiyyatı və təhlili, avtobusların yerləşdikləri məntəqələrin koordinatlarının təyin edilməsi mümkün olacaq. Beynəlxalq təcrübədə geniş istifadə edilən GPS izləmə sistemindən istifadə müntəzəm sərnişindaşımalarda dispetçer xidmətini avtomatlaşdırmaqla bu sahəyə nəzarəti daha da gücləndirəcək.
Bundan əlavə, gün ərzində şəhər mərkəzinin küçə və prospektlərindən, eləcə də kənd və qəsəbələrdən keçən 2000-dən artıq avtobusda quraşdırılacaq GPS izləmə cihazı vasitəsi ilə emal olunan informasiyalar əsasında nəqliyyat axınının cari vəziyyəti barədə  məlumatlar da qeydə alınacaq, dayanacaqlarda gözləyən sərnişinlər avtobusların çatma vaxtlarını dayanacaq məntəqələrində quraşdırılmış avtobus informasiya terminalları vasitəsi ilə görə biləcək. Eyni zamanda, GPS izləmə cihazları vasitəsi ilə  müntəzəm sərnişindaşımalarda istismar edilən avtobusların gün ərzində dövrələrinin sayına, sürücülərin avtobusları dayanacaqdan kənarda saxlamalarına, avtobusları hansı sürətlə idarə etmələrinə dair statistik məlumatlar qeydə alınacaq ki, həmin məlumatlar əsasında müntəzəm sərnişindaşıma xidməti göstərən daşıyıcıların, onların sürücülərinin qanunvericilikdə nəzərdə tutulan müddəaların tələblərinə hansı səviyyədə riayət etmələri müəyyənləşəcəkdir.
Aşkarlanacaq qayda pozuntularının (sürət həddini aşma, dayanacaqdan saxlamadan keçmə, kənar dayanacaq və s.) növünə görə daşıyıcılar, sürücülər inzibati məsuliyyətə cəlb olunmaqla  yanaşı, həm də ehtiyac yarandığı halda sərnişindaşıma qaydalarının pozulmasına görə müvafiq qaydada daşımalardan kənarlaşdırılacaq: "Bundan başqa qeyd etmək istərdik ki, gələcəkdə müntəzəm marşrutlar üzrə sərnişindaşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsində,  onların göstərdikləri xidmət səviyyəsinin qiymətləndirilməsində GPS izləmə cihazlarından  əldə olunan statistik məlumatlar mühüm rol oynayacaq". 

Xəbər xətti