Cərrah-onkoloq Əziz Əliyev: “Baş-boyun xərçənginin əsas risk faktoru spirtli içkilər və siqaretdir”

15:55 - 21 Oktyabr 2016 - Cəmiyyət

Milli Onkologiya Mərkəzinin və Türk Tibbi Onkoloji Dərnəyi təşəbbüsü ilə Bakıda II Azərbaycan-Türkiyə Onkolojı Günləri başlayıb. "Report" xəbər verir ki, tədbirdə Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsinin cərrah-onkoloqu Əziz Əliyev, Azərbaycanın baş onkoloqu Azad Kərimli, Türk Tibbi Onkologiya Dərnəyinin rəhbəri Ahmet Özet və digər azərbaycanlı və türk mütəxəssislər iştirak ediblər.

Cərrah-onkoloq Əziz Əliyev baş-boyun xərçənginin cərrahiyəsi barədə geniş məlumat verib. O bildirib ki, bu xəstəliyə tutulan xəstələrin üçdə biri ölür: "Baş-boyun xərçənginin əsas risk faktoru spirtli içkilər və siqaretdir. Bu xəstəlikdə şüa terapiya daha yaxşı effekt verir".

Baş onkoloq Azad Kərimli bildirib ki, xərçəng xəstəliyi bütün dünyada olduğu kimi, Azərbaycanda geniş yayılıb: "Bu konfrans türkiyəli həkimlərlə keçirdiyimiz ikinci konfransdır. Bu konfrans sayəsində onlar bu sahədə gördüyü işlərin və araşdırmaların nəticələrini bizimlə, biz isə türkiyəli həmkarlarımızla bölüşürük".

Konfrans oktyabr ayının 23-dək davam edəcək.


Xəbər xətti