Qəzadan sonra Bakı-Tbilisi dəmir yolunda hərəkət tam bərpa olundu

16:10 - 20 Oktyabr 2016 - Xəbər

Yük qatarının 3 vaqonunun təkər cütlərinin çıxması nəticəsində Bakı-Tbilisi dəmir yolu xəttində yaranmış problem aradan qaldırılıb.
Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib. O qeyd edib ki, artıq yolun hər iki tərəfində qatarların normal hərəkəti bərpa edilib:
"Oktyabrın 19-u axşam saatlarında yolun hər iki tərəfində hərəkət bərpa edilib. Hazırda yolda hərəkət normaldır".
Xatırladaq ki, oktyabrın 18-də Tbilisidən Bakı istiqamətinə gələn yük qatarı Zəyəm stansiyasına daxil olarkən 3 vaqonun təkər cütləri çıxmışdı. Qatar stansiyaya daxil olarkən sürəti az olduğundan vaqonlar aşmayıb. Hadisə nəticəsində yolda birtərəfli hərəkət təmin edilsə də, ikinci yolda hərəkət dayandırılmışdı. Qəzada zərər çəkən olmayıb.

Xəbər xətti