Müdafiə Nazirliyinin avtomobilləri yol hərəkət qaydalarına əməl etmir - FOTO-YENİLƏNİB

12:22 - 20 Oktyabr 2016 - Xəbər

Azərbaycan Müdafiə Nazirliyi qeyd olunmuş faktla bağlı ucnoqta.az-a bildirib ki, bir fotogörüntünü əsas götürərək guya Müdafiə Nazirliyinin avtomobillərinin yol hərəkəti qaydalarını pozması barədə Avtosfer.az saytının verdiyi məlumat təəssüf hissi doğurur. Belə ki, nazirliyə məxsus bir avtomobilin yol hərəkəti qaydasını pozması heç də bütün avtomobillərin eyni şəkildə idarə edildiyinin göstəricisi deyildir.
Xidməti avtomobilləri idarə edən hərbi qulluqçular ixtisaslaşmış sürücülərdir, onlar hər gün müvafiq qaydada təlimatlandırılır və yol hərəkəti qaydalarına tam riayət edirlər:
"Qeyd olunan hadisə ilə bağlı isə bildiririk ki, hərbi hissənin komandanlığı tərəfindən sürücüyə qarşı müvafiq qaydada tədbirlər görülüb".

***
12:22

Cəmiyyətinin sevgi və sayğısından sui-istifadə etmək olmaz

Bəzən müəyyən təbəqənin insanları cəmiyyətin onlara olan sevgi və sayğısından sui-istifadə edərək ikrah hissi doğururlar. Bu sırada Müdafiə Nazirliyinin xidməti avtomobilləri də get-gedə geniş rol oynamağa başlayıblar. Oxucular tərəfindən göndərilən fotolardan da aydın olur ki, Hyundai» markalı, A 307 MN dövlət nömrə nişanlı avtomobil Azneft meydanında yol polisinin gözü qarşısında yol hərəkəti qaydalarını kobud şəkildə pozur. Sürücü avtomobili əsas yoldan çıxararaq təhlükəsizlik adacığının üzəri ilə idarə edib dairəyə daxil olur. Bununla o, ətrafdakılardan üstünlüyünü nümayiş etdirməyə çalışsa da, bu avtomobilin yol hərəkətində heç bir üstünlüyü yoxdur.
Bu, ilk belə hadisə deyil. Son vaxtlar əməkdaşlarımızın apardığı müşahidələrdən də belə nəticəyə gəlmək olar ki, Müdafiə Nazirliyinə məxsus avtomobillərin sürücüləri yeri gəldi-gəlmədi kobud qayda pozuntularına yol verirlər. 
Biz hər birimiz evimizdə rahat yata bildiyimizə görə Silahlı Qüvvələrə, hər bir əsgərə borcluyuq. Lakin bu o demək deyil ki, qaydaları pozub özünü və başqalarını təhlükəyə atmaq lazımdır. Qaydalar hamı üçün yazılıb. Silahlı Qüvvələrin sıralarında xidmət edənlərin yol hərəkəti qaydalarını nə vaxt və hansı hallarda poza biləcəyi «Yol hərəkəti haqqında» qanunda aydın göstərilib. Hər halda, şəhərin mərkəzində bu cür qayda pozarkən həmin sürücü heç bir döyüş tapşırığını yerinə yetirmirdi. Döyüşün harada getdiyini hamımız yaxşı bilirik…
 
Elməddin


Xəbər xətti