Gənclər Təşkilatları Milli Şurası “Təmiz Şəhər”-də olub

11:46 - 20 Oktyabr 2016 - Cəmiyyət

Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Yandırılması və Çeşidlənməsi zavodlarına təşkil olunub. Məlumat turunda Milli Şuranın üzvü olan gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak edib. 

Məlumat turu zamanı iştirakçılar “Təmiz  Şəhər” ASC-nin yaranma tarixi, görülmüş işlər və perspektiv planlar, gənclər təşkilatları ilə əməkdaşlıq barədə ətraflı məlumat əldə ediblər. Bununla yanaşı, məlumat turu iştirakçılarına “Təmiz  Şəhər” ASC -nin həyata keçirdiyi layihələr, Bərk Məişət Tullantılarının Yandırılması və Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodlarında iş prosesinin  gedişatı, monitorinqlərin aparılması, tullantıların çeşidlənməsi və ya yandırılması prosesi barədə məlumat verilib  və iştirakçıları  maraqlandıran suallar səlahiyyətli nümayəndələr tərəfindən cavablandırılıb. 

“Təmiz Şəhər” ASC Bərk Məişət Tullantılarının Yandırılması və Çeşidlənməsi zavodları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 6 avqust tarixli “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncamına əsasən 2009-cu ildən fəaliyyətə başlayıb. Abşeron regionundakı mövcud ekoloji problemlərin planlı surətdə həll edilməsi məqsədi ilə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması uğrunda yaradılan “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin əsas vəzifələri cəmiyyətə tullantıların yerləşdirilməsinin və utilizasiyasının müasir standartlara cavab verən şəkildə qurmaq və idarə etmək, bu prosesi mütəşəkkil qaydada həyata keçirmək həmçinin şəhərin ekoloji vəziyyətini yaxşılaşdırmaq və qeyd olunan sahənin gələcəkdə mərhələlərlə  bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirməkdir.

Məlumat üçün qeyd edək ki, ARGTMŞ gənclər təşkilatları arasında ölkənin tarixi, mədəniyyəti, incəsənəti, innovativ və müasir texnologiyalarının təbliği və onların məlumatlılığının artırılması məqsədilə mütəmadi olaraq məlumat turları həyata keçirir. Bugünədək ARGTMŞ-ın təşkilatçılığı ilə “Dövlət Bayrağı Meydanı Kompleks İdarəsi”, “Quba Soyqırım Memorial Kompleksi”, “Sağlam Ailə” klinikası, Azərbaycan Diplomatik Akademiyası (ADA), Xalça Muzeyi, Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Milli Məclisi, 5 saylı Bakı “ASAN xidmət” mərkəzi, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, Mərkəzi Seçki Komissiyası və  YARAT Müasir İncəsənət Mərkəzinə məlumat turları təşkil olunub. 


Xəbər xətti