"Onlar güllə atırdılar"

15:09 - 19 Oktyabr 2016 - Xəbər

Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi davam etdirilib

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Abbas Hüseynov çıxış edərək beş gündür cərimə təcridxanasında saxlandığını, bunun səbəbini bilmədiyini deyib.Daha sonra iclasda şahid qismində hazırda həbsdə olan Rasim Bünyatov ifadə verib.
O bildirib ki, çörək alıb evə qayıdan zaman polislərin Əbülfəz Bünyatovun evinə daxil olduqlarını görüb: "Onlar güllə atırdılar. Nəsə atdılar, partladı, tüstü qalxdı. Sonra bizi tutub Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdilər".
R. Bünyatov ibtidai istintaq zamanı verdiyi ifadədən imtina edib.
Daha sonra iclasda şahid, hazırda həbsdə olan Ürfan Nəbizadə ifadə verib. O, da istintaq zamanı verdiyi ifadədən imtina edib.
Ü. Nəbizadə vəkillərin suallarına cavab olaraq deyib ki, polislər onun evinə axtarışa gələn zaman hər hansı sənəd təqdim etməyiblər. Axtarış zamanı evindən aşkar olunan qumbara və güllələrin silah-sursatın da ona məxsus olmadığını deyib.

 
Sonra vəkil Yalçın İmanov hadisə zamanı yaralanan Bəhruz Quliyev, Şamil Abduləliyev və digərlərinin xəstəxanaya qəsəbə sakinləri tərəfindən aparıldığını deyib və bunu sübut edən fotoşəkli məhkəməyə təqdim edib. O, şəklin cinayət işinin materiallarına əlavə edilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib.
 
Daha sonra vəkil Fariz Namazlı işdə zərərçəkmiş kimi tanınan polis əməkdaşlarının zərərçəkmiş statusuna xitam verilməsini istəyib. Hakim bildirib ki, məhkəmə vəsatəti müzakirə edəcək.
 
Proses günün ikinci yarısında davam edəcək.
 
Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
 
AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Xəbər xətti