Xədicə İsmayılovanın iddiası təmin edilməyib

17:12 - 18 Oktyabr 2016 - Xəbər

 Bu gün Səbail rayon Məhkəməsində jurnalist Xədicə İsmayılovanın Bakı şəhər Prokurorluğuna qarşı iddiası üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, məhkəmə iddianı təmin etməyib.
 Qeyd edək ki, X. İsmayılova 5 dekabr 2014 il tarixindən 6 mart 2015-ci il tarixinədək həbsdə olub. X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə şübhəli bilinib Səbail rayonu Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. 91 gün keçəndən sonra ona digər maddələr üzrə ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin bu il sentyabrın 1-də çıxardığı hökmə əsasən, Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə onun barəsində bəraət hökmü çıxarılıb. Ali Məhkəmədə qərar təsdiqini taparaq qanuni qüvvəyə minib. X. İsmayılova Səbail rayon Məhkəməsinə müraciət edərək saxlandığı 91 gün ərzində ailəsinin onun yanına taksi ilə gedib-gəldiyini, mədəsindən əməliyyat olunduğu üçün ona dietik yeməklər aparıldığını bildirib. O, maddi ziyana görə, 9030, mənəvi zərərə görə isə 20 min manat təzminat tələb edib.
 
Xədicə İsmayıl  Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, ona Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə bəraət verilsə də, digər maddələr üzrə  7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Ali Məhkəmə isə X. İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəzlənməsinə dair qərar qəbul edib və o, azadlığa buraxılıb. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib.
Sonradan Xədicə İsmayıl Cinayət Məcəlləsinin 192-ci maddəsi üzrə işə xitam verilməsini istəyib. Məhkəmə onun barəsində seçilmiş cəza müddətini 3 il 6 aydan 2 il 3 aya qədər azaldıb.

Xəbər xətti