Əhalinin sosial müdafiəsinin təmin olunması sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

17:30 - 14 Oktyabr 2016 - Xəbər

   Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əhalinin sosial müdafiəsinin təmin olunması sahəsində 2016-cı ilin 9 ayında görülən işlərin yekunlarının və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin, sosial xidmət müəssisələrinin məsul şəxsləri iştirak edib. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclası giriş sözü ilə açaraq bu hesabat iclasının əlamətdar hadisə - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ərəfəsində keçirildiyini bildirib: “Ötən 25 ildə xalqımız ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasəti və onun layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin mükəmməl islahatlar kursu nəticəsində öz milli dövlətçiliyinin qurulması və möhkəmləndirilməsini uğurla təmin edib. Bu dövr Azərbaycanın sürətli iqtisadi tərəqqisinə, ölkədə sosial rifahın yaxşılaşdırılmasına, milli-mənəvi dəyərlərin qorunması və inkişafına, ölkəmizin beynəlxalq münasibətlər sistemində fəal mövqeyə sahib olmasına xidmət edən tarixi nailiyyətlərlə zəngin bir inkişaf mərhələsi, tariximizin şanlı səhifəsidir”.
S.Müslümov ötən 25 ildə Azərbaycanın əldə etdiyi uğurlardan, habelə sosial sahədə qazanılan nailiyyətlərdən söz açıb, dünya iqtisadiyyatı üçün çox ağır olan 2016-cı ildə də ölkəmizdə inkişaf dinamikasının davam etdiyini bildirib: “Cari ilin 9 ayında respublikada qeyri-neft sektorunun  3,6 faiz artması, 121 mini daimi olan 154 min yeni iş yerinin açılması, Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinə görə daha da irəliləyərək 37-ci yerə layiq görülməsi, eyni zamanda əhalinin gəlirlərində, orta aylıq əmək haqqında və s. növbəti artımın özünü göstərməsi bunun real təsdiqidir”. 
Ölkədə sosial proqramların da uğurla icra olunduğunu vurğulayan nazir Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamının icrası işlərinin davamı kimi, respublikanın bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün müasir tələblərə uyğun mənzillərin inşa olunaraq istifadəyə verildiyini qeyd edib: “2016-cı ilin 9 ayı ərzində nazirlik tərəfindən 241 ədəd (o cümlədən 118 ədəd mənzil, 123  ədəd fərdi ev) Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub”.
S.Müslümov eyni zamanda əmək pensiyaçılarının və əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin, sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi işlərinin uğurla davam etdirildiyini diqqətə çatdırıb: “Hesabat dövründə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri  2015-ci ilin müvafiq dövrünə nisbətən 181,86 mln. manat və ya 8,32 faiz artaraq 2367,1 mln. manata yüksəlib. Ölkədəki iqtisadi inkişafın əyani təsdiqi kimi qeyri-büdcə sektoru üzrə sosial sığorta daxilolmalarındakı artım tendensiyası cari ilin 9 ayında da davam edib. Bu dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz və ya 75,65 mln. manat artaraq 1380,3 mln. manata çatıb. Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 63,8 faizini və ya 881,3 mln. manatını təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,9 faiz və ya 33,37 mln. manat çoxdur”. 
Fərdi uçot sistemindən bəhs edən S.Müslümov diqqətə çatdırıb ki, sistemdə qeydiyyata alınan sığortaolunanların sayı 2016-cı ilin 1 oktyabr tarixinə cari ilin əvvəlinə nisbətən 136524 min nəfər artaraq 3 milyon 316 min nəfərə, o cümlədən sistemdə uçotda olan əcnəbi vətəndaşların sayı 33110 nəfərə çatıb: “Cari ilin yanvar-sentyabr aylarında Fondun xərcləri 2370,43 mln. manat olub ki, bunun da 2327,07 mln. manatı və yaxud 98,17 faizi əhaliyə ödənişlərə yönəldilib. Əmək pensiyaları ilə bağlı xərclər 2261,0 mln. manat,  məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin məbləği isə 66,07 mln. manat  təşkil edib”. 
Nazir Fondun daxilolmalarının artım səviyyəsinin hər ay pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verdiyini, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2016-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə artım tətbiq olunduğunu qeyd edib: “Həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı ilin fevralın 1-dən 10 faiz artırılaraq 110 manata çatdırılıb və həmin Sərəncam 1 milyon 223 min pensiyaçıya şamil olunub. Əmək pensiyaçıları sırasından güzəştli kateqoriyaya aid olan şəxslərin əmək pensiyalarının baza hissəsinə 10 manatdan yuxarı, yəni 11 manatdan 25 manata qədər artım tətbiq edilib. Ümumilikdə respublikada əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 7 faiz artaraq 190,1 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 211,07 manata çatıb”.
S.Müslümov bildirib ki, ölkə üzrə əmək pensiyaçılarının sayı 01 oktyabr  2016-cı il tarixinə 1 milyon 312 min nəfər təşkil edib. 2016-ci ilin doqquz ayı ərzində ölkə əhalisinin 4,7 faizinə və ya 458 838 nəfərə aylıq və birdəfəlik sosial müavinət təyin olunub ödənilib. Bundan əlavə, 57389 nəfər Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ilə təmin olunub. Möhtərəm dövlət başçımızın müvafiq Sərəncamları ilə cari ildə  də həmin müavinət və təqaüdlərin məbləği artırılıb, ümumilikdə sosial müavinət və təqaüdlərin orta aylıq məbləğində 2016-cı ilin əvvəlinə nisbətən 9,6 faiz artım qeydə alınıb: “Bir neçə gün əvvəl Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı 2016-cı il 11 oktyabr tarixli Fərmanla Azərbaycanın Milli Qəhrəmanları və ya onların ailə üzvləri üçün Azərbaycan Prezidentinin aylıq  təqaüdünün məbləği də növbəti dəfə artırılıb. 2005-ci ilin avqustun 1-dən təyin olunan bu təqaüdlərin məbləği ötən dövrdə 2,2 dəfə artırılaraq 1300 manata çatdırılıb. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması haqqında” 11 oktyabr 2016-cı il tarixli Fərmanla respublikanın elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrdə böyük əməyi olan şəxslər üçün Azərbaycan Prezidentinin fərdi təqaüdünün məbləği 30 faiz artırılaraq 1300 manata çatdırılıb”.
Nazir ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılmış şəraitdə tətbiqinə imkan verən Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) fəaliyyətə başlamasını hesabat dövrünün mühüm uğurlarından biri kimi qeyd edib. O bildirib ki,  bu, əmək və sosial müdafiə sistemində elektron texnologiyaların tətbiqi və bununla da əhaliyə xidmətlərdə şəffaflığın təminatı sahəsində son illərdə aparılan ciddi islahatların davamıdır. S.Müslümov müasir texnologiyalardan istifadə edilməklə əhaliyə xidmətlərin elektron müstəvidə təşkili işlərinin qarşıdakı dövrdə də davam etdiriləcəyini vurğulayıb.
İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Zakir Babayev hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, Fondun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsində 120 nəfər bu kateqoriyadan olan şəxs yaşayır. Həmçinin nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə-reabilitasiya mərkəzində hesabat dövründə 222  nəfər sağlamlıq imkanları məhdud gənc müxtəlif peşə kurslarına cəlb olunub və hazırda 86 nəfər mərkəzdə kurs keçir. Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 22 aprel 2014-cü il   tarixli 108 saylı Qərarı ilə təsdiq edilmiş “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”na əsasən  Fondun yerli orqanlarının 1237  nəfər sosial işçisi tərəfindən 11855  nəfər tənha ahıl və əlil şəxsə evlərində sosial məişət xidməti göstərilir. Həmçinin cari ilin  9 ayı  ayı ərzində  3876 nəfər imtiyazlı şəxs  sanator-kurort yollayışı, 1015 nəfər imtiyazlı şəxs  istirahət mərkəzlərinə yollayışla təmin olunub. 
Z.Babayev insan alveri qurbanlarının sosial müdafiəsi sahəsində görülən işlər,  sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətlərin göstərilməsi üçün nazirliyin sosial sifarişləri üzrə icra olunan layihələr barədə də məlumat verilib. 
 2016-cı ilin 9 ayında əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlərin yekunları ətraflı müzakirə olunub. Müsbət nəticələrlə bərabər, yol verilmiş  ayrı-ayrı nöqsanlara da toxunulub, fəaliyyətini düzgün qura bilməyən, işində nöqsan və çatışmazlıqlar aşkar edilən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsinə dair qərarlar qəbul edilib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 
İctimaiyyətlə əlaqələr şöbəsi

 

 

 

 

 

 


Xəbər xətti