Atropatena dövründə "Azərbaycan" məfhumunun formalaşmasının başlanğıcı qoyulmuşdu

18:05 - 13 Oktyabr 2016 - KİVDF

Bu ərazi dini və mədəni mərkəz olmuşdur


Fars imperiyasının dağılmasından sonrakı dövrün əvvəlində Aleksandrın Atropatla münasibətlərinin xarakteri haqqında bizə heç nə  məlum deyil. Güman etmək olar ki, bu münasibətlər öncə düşmənçilik xarakteri daşımışdı. Atropat Aleksandrın hüzuruna gəlməmişdir. Aleksandr isə onu vəzifəsindən kənar etdi. Atropatın yerinə Oksodat  adlı şəxsi təyin etdi. Əvvəlcə Atropatın, hətta Aleksandr ilə mübarizəyə girişmək fikrində olduğunu da güman etmək olar. Strabonun məlumatında buna işarə vardır. O deyir ki, Atropat "bu ölkənin (gələcək Atropatenanın)... makedoniyalılara tabe olmasına yol vermədi". Lakin tezliklə Atropata makedoniyalılarla sabit münasibətlər yaratmağa nail oldu. E. ə 328-ci ildə Atropat Mada satrapı vəzifəsinə bərpa edildi. Lakin əməli olaraq, Atropatın hakimiyyəti yalnız Kiçik Madaya (Cənubi Qafqazın ondan asılı olan vilayətləri ilə) yayılırdı, çünki Aşağı (Böyük) Madada o dövrdə yunan makedoniyalılar ağalıq edirdilər.
Atropatenada müstəqil dövlətin meydana gəlməsi və onunla bağlı olan hadisələrin həmin ərazinin tarixi taleyində böyük rolu olmuşdur. Təkcə Azərbaycanın deyil, hətta Asiyanın xeyli hissəsinin qədim dövrvə erkən orta əsrlər tarixinə Atropatenanın təsiri şəksizdir. Məhz Atropatena dövründə "Azərbaycan" məfhumunun formalaşmasının, habelə, onunla əlaqədar olan digər hadisələrin  başlanğıcı qoyulmuşdu. Burada ilk dəfə xalq təşəkkül tapmışdır.
Atropatenada dövrün ən görkəmli atəşgədələrindən biri olan Azərgəşəsp atəşgədəsinin mövcud olması və Sasani şahlarının Mədaindən buraya piyada gəlib müqəddəs odu ziyarət etmələri, sonra tacqoymaları bu diyarın hörmət və nüfuzunu bir daha artırmışdı. Digər tərəfdən müqəddəs dini  külliyyat olan "Avesta"nın Atropatena kahinləri tərəfindən toplanıb külliyyat halına salınması təkcə Atropatena deyil, bütün İranda bu ərazinin mənəvi mərkəz olmasına canlısübutdur. Bu ərazi hələ parfiyalılardan əvvəl və onların dövründə dini və mədəni mərkəz olmuşdur.
Sasanilərin hakimiyyəti dövrünə gəldikdə, bu dini mərkəz Zərdüştiliyin ibadətgahına çevrilmişdir. Ərəb işğallarından sonra Zərdüştilər "gəbr" adlandırılaraq təqib edilmiş, atəşgədələr isə məscidə çevrilmişdir.
İ.Əliyevin redaktorluğu ilə çapdan çıxmış "Azərbaycan tarixi" kitabında göstərilir ki, beləliklə, faktiki olaraq, Cənubi Azərbaycanın bütün ərazisi və Şimali Azərbaycan ərazisinin xeyli hissəsi (bəlkə də hamısı) Atropata tabe olmuşdur. Mada satraplığına daxil olmuş digər vilayətlər də (Böyük və ya Aşağı Mada, bəzi digər torpaqlar) ona tabe idi. Güman etməyə əsas vardır ki, Mada satraplığı hakimlərinin siyasi varisi kimi ənənəyə görə, Atropat, hətta Cənubi Qafqazın qərb hissəsinin bəzi ərazilərinə, xüsusilə, tarixi Gürcüstan vilayətlərinə (güman edildiyi kimi, hələ Mada çarlarının hakimiyyəti bu vilayətlərə də yayılmışdı) də sahiblik edirdi. Atropaten bir sıra müharibələrin də iştirakçısı olub. İşğalların ən intensivləşdiyi dövrlər eramızın l əsrinə, yəni Armeniya çarları Artaşesin və onun oğlu Tiqranın hakimiyyəti illərinə təsadüf etmişdir. Strabon davam edir:
“Artaksinin (Artaşesin) varisi Ərməniyyə üzərində gerçək hakimiyyət quran Tiqran idi. Bu ölkənin Midiya, Albaniya və İberiya ilə Kolxida və Evksin Pontundakı Kappodokiyaya qədər sərhəddi var. (Tiqran)… Atropatena və Qordiana (Kürdüsan) hökmdarlarını ram edib, Messopatamiyanın qalan hissəsini də fəth etdi.”
Bu məlumatdan göründüyü kimi, Tiqranın dövlətinin sərhədlrinin guya Xəzər dənizinə çatması barədə çağdaş erməni (hay) tarixçilərinin yazdıqları nağıldan başqa bir şey deyildir. Bununla belə həm Artaşesin, həm də Tiqranın böyük ərazilər işğal etdiyi şübhəsizdir. Bunlardan birincisi Azərbaycanın Göyçə gölünə qədər olan torpaqlarını zəbt etmiş və hətta zəbt etdiyi torpaqlaraın sərhədlərinə xüsusi sərhəd daşları da basdırmışdı ki, onlardan ikisi dövrümüzədək çatmışdı və hazırda Rusiya muzeylərindən birində qorunan həmin daşların üzərindəki yazılar arami əlifbası ilə qeyd edilmişdir. Və o yazıların dili Aralıq, Qara və Xəzər dənizləri arasında danışılan ümumi dilin hansı dil olduğuna işıq tutur.
Böyük bir bölgədə bir çox xalqların danışdıqları dilin müəyyən edilməsi sahəsində görkəmli dilçi alimimiz Firidun Ağasıoğlunun ölçüyəgəlməz dəyərə malik, misilsiz bir kəşfinin böyük rol oynadığını xüsusi qeyd etməliyik. Söhbət Ərməniyyə məliyi  l Artaşesin (e.ə-189-160) sərhəd daşları üzərindəki yazıların oxunmasından gedir. Məlum olduğu kimi, Artaşes öncə Antioxun sərkərdələrindən biri idi və sonralar Parfiyanın vassalı qismində Ərməniyyənin məliyi (çarı) olmuşdur. Onun Araz yaxınlarında (Arazın qərb sahilində, indiki Türkiyə ərazisində) Artaşat şəhərini saldıraraq öz ərazilərinin paytaxtı etdiyi məlumdur. Korneli Tasitin yazdıqlarından belə məlum olur ki, ikiüzlü və dəyişkən ərməniyyəlilər çoxsaylı qarışıq evlənmələr səbəbiylə parfiyalılara yaxındırlar və azadlıq nemətini dadmadan onlara tabe olmağa meyl edirlər. Görünür, bu meyl və yaxınlığın səbəb və nəticəsidir ki, l Artaşesdən dövrümüzədək gəlib çıxan sərhəd daşlarının üzərindəki yazılar türkcə, daha dəqiq desək, sak dilinin qərb (Parfiya) şivəsindədir. Həmin daşlar (biri bütöv, biri sınıq iki daş) XlX əsrdə Qərbi Azərbaycandan, Göyçə gölü yaxınlığından tapılmışdır. Rus alimlərinin “səylərinə” baxmayaraq, yazının birinci iki sözündən-Artaşesin adından (Artaxşsi) və sonrakı “məlik” (mlk) sözündən başqa digər sözlərinin mənasını tapmaq mümkün olmamışdı. Yəni yazının arami əlifbası ilə yazıldığı müəyyənləşdirilsə də və onun səslənişi dəqiqləşdirilsə də, alimlər yazının məzmununu dərk etməmiş, fəqət tam qəti bir şəkildə onun erməni (hay) dilində olmadığı qənaətinə gəlmişdilər. Bu yazının dilinin urartu və sami dillərilə də heç bir bağlılığı yox idi. Hər iki daşdakı yazı eynidir və onların səslənişi belədir:
Artxşsi
mlkbryi
yritir
bundknxlt
Bütün sami əlifbalarında olduğu kimi, burada da saitlərin böyük əksəriyyəti qeyd edilməmiş, sözlər bir-birinə bitişik yazılmışdır. Firidun Ağasıoğlunun oxumağa müvəffəq olduğu yazının mənası belədir: Artxşsi (Artaşes) mlk (məlik) bryi (birəyi-ərazisi) yritir (yeridir). Bund (bunda-burada) knxlt (konxuldu-qonuldu,qoyuldu). Yəni bu sərhəd daşı bura Artaşes məliyin ərazilərinin sərhəddini göstərmək üçün qoyulmuşdur. Sözügedən yazıda “burada” əvəzinə “bunda”, qonuldu, qoyuldu anlamında isə “konxultu” formasının işlənmiş olması yazının dilinin qıpçaq türkcəsi olmasına dəlalət edir. Fikrimizcə, cənab Ağasıoğlu “bireyi” ifadəsini doğru tərcümə etməyib və bu kəlməni “şəxsi”, “özəl”, “fərdi” kimi ərcümə emək doğrudur. Məlumat üçün bildirək ki, “birey” sözü bu gün də Türkiyə türkcəsində həmin mənalarda işlənməkdədir.Yeri gəlmişkən, ola bilsin ki, bu daşlar heç də Ərməniyyə məliyinə yox, Artaxsi adlı hansısa yerli türk-alban və ya Midiya məliyinə aid olub. İndi bunu dəqiqləşdirmək mükün deyil.
Məlumat üçün bildirək ki, dövrümüzədək ulaşan Parfiya sikkələrinin üzərindəki yazılar da eyni əlifba ilə – 22 hərfli (saitlər işarə olunmurdu) arami əlfbası ilə yazılmışdır. Sonralar farslar (Sasanilər) bu əlifbanı parfiyalılardan qəbul edərək, öz dillərinə (orta fars, tat) uyğunlaşdırmışdılar. İrəlidə görəcəyimiz kimi, Parfiya əlifbası və yazı sistemi V əsrə qədər Albaniyada və Xəzər xaqanlığında keçərli olmuşdur.
(ardı var)

Xəbər xətti