“Yerli” Proqramı cənub bölgəsinin gənclərini maarifləndirib

15:51 - 10 Oktyabr 2016 - Cəmiyyət

7-8 oktyabr 2016-cı il tarixlərində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurası tərəfindən təşkil olunan “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində ölkənin cənub bölgəsində maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər İcra Hakimiyyətləri və Gənclər və İdman İdarələrinin dəstəyi ilə Lənkəran, Yardımlı, Lerik, Astara rayonlarının  9 kəndinin gənclərini əhatə edib. 
“Yerli” Kənd Gənclərinin İnkişaf Proqramının məqsədi kəndlərdə yaşayan gənclər ilə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, kənd gənclərinin bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsidir.
Lənkəran,Lerik, Astara rayonlarında  təlimlər "Erkən nikahlar valideyn məsuliyyətsizliyinin və ictimai qınaqsızlığın nəticəsidir" mövzusunda Milli Şuranın üzvü olan "Maarifpərvərlik" Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası İctimai Birliyinin birgə tərəfdaşlığı ilə təşkil olunub. Təlimlərdə Lənkəran rayonunun Digah, Lej, Viyən, Türkəkəran, Vələdi, Şilavar, Astara rayonunun Təngərüd, Lerik rayonunun Cəngəmiran kəndlərindən 70 gənc iştirak edib. Qeyd olunan mövzuda keçirilən təlimlər ölkədə yeniyetmə və gənclər arasında erkən nikahlar və onun fəsadları, xüsusilə də təhsil hüququndan yayınma, cəmiyyətdə valideyn məsuliyyətini və ictimai qınağı artırmaq məqsədilə keçirilib. 
Yardımlı rayonunun Çayüzü kəndində keçirilən təlimlər isə "Karyera planlaşdırılması və ixtisas seçimi" mövzunu əhatə edib. Çayüzü kəndində keçirilən təlim zamanı gənclərə qeyd olunan mövzu ətrafında ixtisas seçərkən diqqət edilməli məqamlar və karyera quruculuğu haqqında ətraflı məlumat verilib. Daha sonra, iştirakçılar əldə etdikləri mövzu ətrafında qrup işlərində iştirak ediblər.
Qeyd edək ki, “Yerli” Kənd Gənclərinin İnkişafı Proqramı çərçivəsində onlayn platforma əsasında ARGTMŞ-ın üzv təşkilatlarının əməkdaşlıq üçün müraciətləri qəbul olunur, müraciətlər proqramın işçi qrupu tərəfindən dəyərləndirildikdən sonra müraciət edən üzv təşkilat nümayəndələri ilə əməkdaşlıq müqaviləsi bağlanır. Bu müqavilə əsasında ARGTMŞ-la əməkdaşlıq çərçivəsində üzv təşkilatların cari fəaliyyətlərinin Azərbaycanın kəndlərində keçirilməsinə şərait yaradılır. Gənclər təşkilatları müraciət etmək üçün yerli.nayora.az portalına daxil ola bilərlər.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 2015-ci ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycan: 2020 Gələcəyə Baxış” İnkişaf Konsepsiyası, “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın prioritetlərinə uyğun olaraq Azərbaycanda ilk dəfə həyata keçirilən “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı start verib. Proqram çərçivəsində bu günə qədər  həyata keçirilən maarifləndirmə tədbirləri Bakı şəhəri və 14 rayonunun 30 kənd və qəsəbələrindən 550-dən çox gəncin iştirakı ilə baş tutub. 

Xəbər xətti