Prezident: "Yeni binalarda satılmayan mənzilləri dövlət almalı və köçkünlərə verməlidir"

08:38 - 8 Oktyabr 2016 - Xəbər

  "Məcburi köçkünlərin problemləri həmişə diqqət mərkəzindədir. Bu işlərə nə qədər böyük vəsait ayrılıb, bölgələrdə 100-ə yaxın qəsəbə salınıb, Bakı şəhərində evlər tikilib".
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.
"Hesab edirəm ki, 2017-ci ildə bu məsələləri daha da sürətlə həll etmək üçün biz iki yolla getməliyik. Əlbəttə, yeni qəsəbələr salınmalıdır, salınır. Eyni zamanda, yeni binalar tikilməlidir, satılmayan mövcud mənzillər dövlət tərəfindən alınmalı və köçkünlərə verilməlidir. Beləliklə, biz ağır vəziyyətdə yaşayan soydaşlarımızın problemlərini daha da tez bir zamanda həll edə bilərik. Çünki binaların tikintisi vaxt tələb edir. Bir də ki, Bakı şəhərində, digər şəhərlərdə kifayət qədər çox mənzillər var ki, boşdur, dövlət onları ala bilər. Bu da öz növbəsində tikinti sektorunu canlandıra, vergiləri artıra bilər", - deyə prezident qeyd edib.

Xəbər xətti