Bankdan oğurluq edən inkassatorun məhkəməsi başladı

16:36 - 7 Oktyabr 2016 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Hikmət Əliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib və təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib. İş üzrə məhkəmə prosesi oktyabrın 21-də davam etdiriləcək.
İttihama görə, ötən ilin iyul ayında bankda sürücü-inkassator işləyən 1962-ci il təvəllüdlü Hikmət Əliyev əvvəlcədən planlaşdırdığı oğurluğu həyata keçirmək üçün filialın binasının içərisində gizlənib. Gecə saatlarında filialda xidmətdə olan Abşeron rayon Mühafizə İdarəsinin mülki əməkdaşı Hamlet Şıxəliyev içəridən gələn səsdən şübhələnib. O, içəridə gizlənən Hikmət Əliyevi aşkar edəndə sonuncu bıçaqla mühafizəçiyə hücum edib və onlar əlbəyaxa olublar. Bu zaman mühafizəçinin üzərindəki xidməti tabel silahı açılıb və güllə onun özünə dəyib. Mühafizəçi diz nahiyəsindən yaralanıb. Yaranmış vəziyyətdən istifadə edən Hikmət Əliyev hadisə yerindən qaçıb. Buna baxmayaraq, hadisə yerinə gələn Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları Hikmət Əliyevi saxlayaraq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti