Bakıda 10-cu Beynəlxalq Təhsil Sərgisi keçirilir

12:00 - 7 Oktyabr 2016 - ÖLKƏ İÇİ

Bu gün “Baku Expo” Mərkəzində Azərbaycanın təhsil sahəsi üzrə yeganə sərgi - 10-cu Beynəlxalq Təhsil Sərgisi başlayıb. Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, bu sərgi nazirliyin dəstəyi və iştirakı ilə təşkil edilib və təhsil sahəsində həyata keçirilən ən böyük sərgidir: "Son illər Azərbaycan təhsilində bir sıra islahatlar həyata keçirilir. Hər il sərgi çərçivəsində 10 mindən çox ziyarətçi təhsilin müxtəlif sahələrində əldə olunan nailiyyətlərlə tanış olur. Bu il də sərgi çərçivəsində ziyarətçilərə bakalavriat, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və MBA proqramı, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunacaq. Qonaqlar sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, qəbula daha yaxşı hazırlıq, sənəd qəbulu müddəti, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanı qazanacaqlar".

“Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə sərgidə 14 ölkədən 118 müəssisənin iştirak edəcəyini söyləyib: “Bu il sərgidə Almaniya, Latviya, Litva, Polşa, Macarıstan və digər ölkələrin ali təhsil müəssisələri, kollec və digər təhsil qurumlarının nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış edəcəklər”. 

Qeyd edək ki, XX Beynəlxalq Təhsil Sərgisi oktyabrın 9-da başa çatacaq.

Xəbər xətti