Azərbaycandan Avropa Məhkəməsinin hakimliyinə namizədlərin siyahısı AŞPA-nın komitəsindən keçib

15:07 - 4 Oktyabr 2016 - Xəbər

 Avropa Şurası Parlament Assambleyası (AŞPA) Avropa İnsan Haqları Məhkəməsinə (AHİM) Hakimlərin Seçilməsi Komitəsində AİHM-ə seçilmək üçün namizədliyi irəli sürülmüş 3 azərbaycanlı hakimin məsələsinə baxılıb.APA-nın AŞPA-ya istinadən verdiyi məlumata görə, sentyabrın 29-da komitə iclası zamanı azərbaycanlı namizədlərin siyahısı komitənin tövsiyələri ilə birlikdə AŞPA-ya göndərilib.
 AŞPA-nın oktyabrın 10-14-də keçiriləcək payız sessiyası zamanı oktyabrın 11-12-də hakimin seçilməsi ilə bağlı səsvermənin keçirilməsi gözlənilir.
 Azərbaycanın Avropa Şurasındakı səfiri Emin Eyyubov AŞPA-nın baş katibi Voytsex Savitskiyə hakimlər Kəmalə Abıyeva, Lətif Hüseynov və Rövşən İsmayılovun namizədliyinin Azərbaycan hökuməti tərəfindən təsdiqlənməsi barədə məktub göndərib.
 Qeyd edək ki, bundan əvvəl 2 dəfə - ötən il iyunun 15-də və bu il yanvarın 24-də AŞPA Azərbaycandan göndərilən namizədlərin siyahısını geri qaytarmışdı.

Xəbər xətti