ARGTMŞ Avropa Şurasının tədbirində təmsil olunub

11:43 - 30 Sentyabr 2016 - Cəmiyyət

Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən “Nifrət Nitqinə Yox Hərəkatı” kampaniyanın koordinatorlarının IV görüşündə iştirak edib. Görüşdə Azərbaycanla yanaşı bu kampaniya ilə bağlı fəaliyyət göstərən 35 ölkənin nümayəndələri iştirak edib. Görüş Nifrət Nitqinə Yox Hərəkatı çərçivəsində görüləcək tədbirlərin planlaşdırılması, ümumi fəaliyyətin müzakirəsi, ölkələrin tədbirlər planının müzakirəsi məqsədilə baş tutub. 

Görüşdə ARGTMŞ-ın nümayəndəsi tərəfindən 2015-2016 illər üzrə hesabat verilib. Hesabatda kampaniya çərçivəsində cari illər üzrə həyata keçirilən layihələr, tədbirlər, aksiyalar əks olunub. Daha sonra ölkələrin növbəti illər üçün fəaliyyət planlanları müzakirə olunub.
“Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyası Avropa Şurası tərəfindən həyata keçirilir və onun üzvü olan ölkələrdə təşkil olunan kampaniyalara əsaslanır. Kampaniya 2012-2014-cü illər üzrə həyata keçirilən “Gənclərin nifrət nitqinə qarşı onlayn mübarizəsi” layihəsinin bir hissəsidir. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası “Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyasının Azərbaycan üzrə əlaqələndiricisidir. Gənclər Təşkilatları Milli Şurası 2013-cü ilin aprel ayından etibarən Avropa Şurasının “No Hate Speech Movement” - “Nifrət Nitqinə Yox Hərəkatı”na qoşulub və bu çərçivədə bir sıra fəaliyyətlər həyata keçirib.
Xatırladaq ki, 2014-cü ilin oktyabr ayında “Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyası  çərçivəsində Qəbələ şəhərində Avropa Şurasının 47 ölkəsi və digər ölkələrdən 250-yə yaxın nümayəndənin iştirakı ilə "Nifrət Nitqinə Yox Hərəkatı" Beynəlxalq Forumu keçirilib. 

Xəbər xətti