Orxan Nadirov: "İlhamə xanım rəhmətə gedəndən sonra bildim ki, Mehriban təqsirsizdir"

16:55 - 27 Sentyabr 2016 - Xəbər

Bu gün  mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində İlhamə Quliyevanın oğulluğu Orxan Nadirov ifadə verib. O, ifadəsində Mehriban Hüseynovaya heç bir kininin olmadığını deyib: "Mehriban əslində haya-küyə getdi. Onun o qədər də günahı yox idi. İlhamə xanım rəhmətə gedəndən sonra bildim ki, Mehriban təqsirsizdir. Zəif bənd idi, yazıq oldu".
Orxan Nadirov bildirib ki,  M.Hüseynovanın İlhamə Quliyevanın əmlakını ələ keçirmək üçün saxta vəsiyyətnamə hazırladığını dostu Vüqar Bəkirovdan eşidib: "Vüqar mənim o zaman dostumuydu. Mənə səs yazılarını dinlətdirdi. Sonradan başa düşdüm ki, Vüqar Mehribanı təhrik edib. O zaman Mehriban haqqında cinayət işi açılanda ona qarşı qərəzli ifadələr vermişəm".
O. Nadirov ifadəsində Vüqar Bəkirovun ona təqdim etdiyi səs yazılarında Mehribanın Vüqardan dərman istəməsi əks olunub: "İlhamə Quliyevaya dərman verilib. O dərman isə vitamin “C” olub. Daha sonra bu haqda Vüqar mərhum anama bildirdi. İlhamə Quliyeva rəhmətə gedəndə bəzi məsələr ortaya çıxdı və Vüqarın nə qədər pis adam olduğu bilindi. Vüqara inanmışdım. Əsas məsələri Vüqar tutulandan sonra anladım. Onun mənlə şəxsi düşmənçiliyim olub".
Orxan Nadirov keçmiş dostu hazırda həbsdə olan  Vüqar Bəkirovun onu da həbs etdirmək istəyinin olduğunu deyib: "Borc məsələmlə əlaqədar Binəqədi polisində cinayət işi açıldı. Vüqar məni şərə salmışdı. Ancaq şükürlər olsun ki, təqsirlizliyim üzə çıxdı”.
Hakim İ.Quliyevanın evində çəkilən M.Hüseynovanın döyülüb təhqir edildiyi çəkilişdə Orxan Nadirovun iştirakını soruşub.
O. Nadirov video çəkilən zaman evdə olmadığını deyib: "Hamıdan sonra mən evə gəlmişəm. Mən gələndə bütün proseslər olmuşdu".
Mehriban Hüseynovun vəkili Vasif Mirzəyev şahidin məhkəmədə verdiyi ifadələrlə istintaqa verdiyi ifadələr arasında kəskin ziddiyyətlər olduğunu deyib. Hakim Orxan Nadirovun istintaqa verdiyi ifadəni elan edib. Orxan qeyd edib ki, həmin zaman Mehribana qarşı əsəbi olub. O, istintaqa verdiyi bəzi ifadələrdən imtina edib.
Orxan Nadirov anası İlhamə Quliyeva ilə münasibətlərinin onun son günlərində pisləşdiyini bildirib: "Zəng edirdim, götürmürdüm. Əvvəllər ələqələri Mehribanla saxlayırdım".
Hakim münasibətlərin pisləşməsinin səbəbini Mehriban Hüseynova olub-olmadığını soruşub.Orxan Nadirov deyib ki, Mehribanında səhvləri olsa da, digərlərinin günahı daha çoxdur.
Məhkəmə prosesi oktyabrın 4-də davam edəcək.
Qeyd edək ki, mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova 2015-ci ildə  həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.
İlhamə Quliyeva bu il  səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

Xəbər xətti